Bahar Muradova: "Azərbaycanın Qarabağ probleminin həlli ilə bağlı mövqeyi aydındır"

img

23-06-2011 [04:12]


"ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərin başçılarının son bəyanatı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlərin Kazan görüşündə müəyyən irəliləyişlərin əldə olunmasına ümid verir. Həmsədr dövlətlər mövcud status-kvonun dəyişdirilməsini tələb edir və bu məsələdə onların fikirləri üst-üstə düşür". Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib. B.Muradova bildirib ki, hazırda danışıqlar prosesində intensivlik müşahidə olunur. Onun sözlərinə görə, münaqişənin həlli ilə məşğul olan şəxslər, eləcə də, dövlətlərin rəsmi nümayəndələri bu görüşlə bağlı nikbin mövqe nümayiş etdirirlər. Bütün bunlar isə Kazan görüşünün münaqişənin həlli üçün dönüş anı ola biləcəyinə ümidlər yaradır. "Prezidentlərin Kazan görüşündə baza prinsipləri razılaşdırılacaqsa o zaman sülh sazişi üzərində işləməyə başlamaq olar. Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyi aydındır. İlkin mərhələdə işğal olunmuş torpaqlarımız azad edilməli və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Dağlıq Qarabağın statusu isə sonrakı mərhələdə müəyyən edilməlidir. Hazırkı mənzərə isə bütün dünyaya məlumdur: Ermənistanın silahlı qüvvələri Azərbaycanın ərazilərini işğal edib və bu ərazidə yaşayan insanlar öz torpaqlarında yaşamaq hüququndan məhrum olublar. Həmin ərazilərdə xalqımıza məxsus tarixi, maddi-mədəniyyət abidələri məhv edilib. Bu səbəbdən ilk növbədə insanların yaşayış hüququ təmin edilməlidir. İşğalçı qoşunlar isə ərazilərimizdən çıxarılmalıdır. Əgər bu prinsiplər razılaşdırılacaqsa, onda münaqişənin həllində böyük irəliləyiş ola bilər. Azərbaycan tərəfi yalnız münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında, ədalətli şəkildə həllinin tərəfdarıdır"- deyə vitse-spiker vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA