ADP idarə Heyəti növbəti toplantısını keçirdi

img

20-06-2011 [04:46]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət və partiyanın cari həyatına aid bir sıra məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti Qarabağ münaqişəsinin nizamlanmasına dair iyunun 25-də Kazanda keçiriləcək danışıqlara və həmin danışıqlar zamanı imzalanması planlaşdırılan ?çərçivə sazişi?nin mətbuata çıxan mətni müzakirə etmişdir. Həmin mətnin detalları ilə bağlı müzakirə aparan İdarə Heyəti Dağlıq Qarabağın aralıq statusunun qəti olaraq əleyhinə çıxmış, həmin saziş mətninin bəndlərində göstərildiyinə görə Dağlıq Qarabağın beynəlxalq təşkilatlara üzv olmaq hüququnun yaranmasını onun Azərbaycandan qoparılması kimi dəyərləndirib və bunun beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib. Beynəlxalq hüququn ?İşğalçı tərəf işğalın nəticələrindən hər hansı qaydada bəhrələnə bilməz? prinsipinə diqqət çəkən İdarə Heyəti Minsk qrupunun bu fəaliyyətini işğalçı tərəfin mükafatlandırılması kimi dəyərləndirib və bu halın işğalçı və separatçı qüvvələri həvəsləndirə biləcəyini və beynəlxalq aləm üçün pis bir presedent yaradacağını qeyd edib. Idarə Heyəti aralıq statusu ərəfəsində Kəlbəcər koridorunun yaradılması və həmin koridora Azərbaycanla eyni vaxta işğalçı Ermənistan silahlı qüvvələrinin də nəzarət etməsini qəbuledilməz sayıb. Bunu Minsk qrupunun xristian təəssübkeşliyinin təzahürü kimi qiymətləndirib. İdarə Heyəti iyun ayının 15-də axşam saatlarında amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Silya Devisin Bakıda naməlum şəxslərin hücumuna məruz qalmasını və döyülməsini qətiyyətlə pisləyib. İdarə Heyəti hesab edir ki, bu hadisənin arxasında kifayət qədər şübhəli siyasi məqamların olduğu ehtimal olunur. 2000-ci il parlament seçkilərindən sonra Azərbaycanda fəaliyyət göstərən ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitunun direktori Con Elvisin qətlinin bu günə qədər açılmamasına diqqət çəkən İdarə Heyəti bu cinayət hadisəsinin tezliklə açılmayacağı təqdirdə bütün məsuliyyətin hakimiyyətin üstündə qalacağını bildirib. İdarə Heyəti bu hadisənin gələn il Azərbaycanda ?Eurovision? mahnı yarışması ilə bağlı ölkəyə xarici vətəndaşların və turistlərin səfər etməsinə mənfi təsirini də istisna etməyib. İdarə Heyəti ictimai nəqliyyatda gediş haqlarının artırılacağı ilə bağlı verilən məlumatlara da münasibət bildirib. İdarə Heyəti ölkədə onsuz da ağır olan sosial-iqtisadi və korrupsiyanın tüğyan etdiyi bir şəraitdə ictimai nəqliyyatda gediş haqlarının artırılmasını ədalətsizlik hesab edir və bu hadisəni cəmiyyətin kasıb təbəqəsinə, o cümlədən pensiyaçılara, müəllimlərə və tələbələrə qarşı iqtisadi repressiya kimi dəyərləndirir. İdarə Heyəti hakimiyyəti hökumət layihələrində istifadə olunan izafi xərcləri başqa mənbələrin hesabına ödəməyə və qiymət artımı praktikasına son qoymağa çağırıb. Idarə heyəti 19 iyun tarixində İctimai Palatanın keçirdiyi aksiyaya da münasibət bildirib. Müzakirələrdə insanların mitinq öncəsi həbs olunması, aksiya iştirakçılarına qarşı hakimiyyət orqanlarının aşırı güc tətbiq edilməsi və aksiyaya imkan verilməməsi qətiyyətlə pislənilib. Eyni zamanda hakimiyyətdən ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunması tələb edilib. Yaxın Şərqdə baş verən hadisələrə bir daha diqqət çəkən İdarə Heyəti beynəlxalq ictimaiyyəti bu bölgədə baş verən hadisələrə biganə qalmamağa, insan təlafatı ilə nəticələn hadisələrin qarşısını almaq üçün təcili preventiv tədbirlərin həyata keçirilməsinə çağırıb. Sonda partiyanın cari həyatına aid bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA