ADP idarə heyətinin növbəti iclası olub

img

13-06-2011 [03:33]


Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə heyətinin növbəti iclası olub. İclasda ötən həftə ərzində respublikada və dünyada baş verən siyasi hadisələr diqqət mərkəzində saxlanılıb və partiyanın mövqeyi haqqında müzakirələr aparılıb. Türkiyədə keçirilən parlament seçkiləri ilə əlaqədar müzakirələr aparan İdarə heyəti üzvləri seçkinin demokratik, qanuni və nəticələrin iştirak edən tərəflər və xalq tərəfindən qəbul edilməsi baxımından bütün müsəlman dünyası üçün örnək ola biləcəyini qeyd ediblər. Eyni zamanda İdarə Heyəti bu seçkilərin nəticələrini türk xalqının şərqin əxlaqi dəyərləri ilə avropanın demokratik dəyərlərinin uzlaşmasına səs verməsi kimi qiymətləndirib, bu seçimin hər cür hörmətə layiq olduğunu qeyd edib və bütün türk xalqını bu münasibətlə təbrik edib. ADP İdarə Heyətində həmçinin seçkilərin qalibi olmuş Ədalət və İnkişaf Partiyasına və parlamentdə ikinci yeri tutmuş Cümhürriyyət Xalq Partiyasına partiyanın adından təbrik məktubu göndərilməsi qərara alınıb. Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın 25-də Rusiyanın Kazan şəhərində keçirilməsi planlaşdırılan görüşünə diqqət çəkən İdarə Heyəti bu görüşün hazırlanması ilə əlaqədar qarşı tərəflərdən verilən bəyanatları narahatçılıqla izlədiyini bildirib və Azərbaycan xalqının milli maraqlarından hər hansı güzəştlərə getməyin yolverilməz olduğunu bir daha diqqətə çatdırıb. İdarə Heyətində ATƏT-in Bakıdakı ofisinin təşəbbüsü ilə beynəlxalq təşkilatların yerli nümayəndəliklərinin və diplomatik korpusun bəzi nümayəndələrinin İctimai Palatanın təmsilçiləri ilə görüşü müsbət hadisə kimi dəyərləndirilib və bu cür təmasların müxalifətin bütün spektri ilə, həm də davamlı olaraq həyata keçirilməsinin daha məqsədəuyğun olması qeyd edilib. İdarə Heyəti ABŞ-ın demokratiya və ictimai əlaqələr üzrə Milli Demokratiya İnstitutunun Bakıdakı ofisinin fəaliyyətinin bərpası ilə əlaqədar müəyyən irəliləyişlərin olmasını alqışlayıb və bu təşkilatın indiyədək ölkədə həyata keçirdiyi proqram və layihələrin demokratik maarifləndirmə sahəsində böyük rol oynadığı bir daha qeyd edilib. İdarə Heyətində partiyanın Azərbaycanın bütün demokratik institutlara açıq olmasının zəruri olması bir daha bildirilib və hakimiyyətə bu cür layihələrə qarşı yaratdığı süni maneələri aradan qaldırmaqla bağlı çağırış olunub. İdarə Heyətində partiya həyatına dair bir sıra digər məsələlər də müzakirə edilib və partiya sədrinin 1-ci müavini H.Rüstəmovun və müavin T.Əliyevin Gəncə bölgəsinə səfəri ilə əlaqədar məlumatı dinlənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA