Müsavatın hakimiyyətdən tələbləri var

img

23-05-2011 [06:02]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. MIA-nın məlumatına görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib. İlk növbədə Müsavat Partiyasının mayın 21-22-də keçirdiyi zona müşavirələri haqqında məlumatlar dinlənilib. Qeyd olunub ki, ötən şənbə və bazar günləri Şamaxı, Şəki, Qazax, Sabirabad, Kürdəmir, Lənkəran və Siyəzən rayonlarında Müsavat Partiyasının zona müşavirələri keçirilib. Müşavirələrdə ölkədəki ictimai-siyasi durum və partiyanın qarşısında duran vəzifələr, eləcə də növbəti qurultaya hazırlıq məsələləri müzakirə olunub. Bundan əlavə həmin müşavirələrdə İctimai Palatanın regional təşkilatlanması məsələsi müzakirə edilib və 02 aprel mitinqi ilə bağlı qanunsuz həbs edilən insanlarla bağlı etiraz bəyanatları qəbul olunub. Həmin bəyanatlarda bu həbslərin siyasi sifarişin nəticəsi olduğu vurğulanıb və beynəlxalq insan haqları təşkilatları tərəfindən ?vicdan məhbusu? statusu verilmiş əqidədaşlarımızın, bütövlükdə ölkədəki bütün siyasi məhbusların dərhal azad olunması tələb edilib. Divan zona müşavirələrinin yüksək səviyyədə keçirilməsini təqdir edib və bunun gələcəkdə də davam etdirilməsini qərara alıb. 02 aprel mitinqində həbs olunanlarla bağlı geniş fikir mübadiləsi aparılıb. Toplantıda bu həbslərin qeyri-qanuni olduğu bir daha vurğulanıb və qeyd edilib ki, hakimiyyət istintaq prosesini qəsdən uzadır. Son vaxtlar ümumiyyətlə istintağın gedişində ciddi qanun pozuntularına yol verilir. Ötən həftə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, daha sonra YAP-ın üzvü Ülvi Quliyev şahidlərlə üzləşdirmə adı ilə Nəsimi rayon Polis İdarəsinə gətirilib. Halbuki qanuna görə bu cür istintaq hərəkətləri təcridxanada aparılmalıdır. Divan istintaq orqanının bu özbaşınalığa son qoymasını, ümumiyyətlə qeyri-qanuni cinayət işinə birdəfəlik xitam verilməsini tələb edib. Sonra ölkədəki ictimai-siyasi məsələlər müzakirə olunub. Dünən Bakıda gənclərin keçirdiyi 3 etiraz aksiyası ilə bağlı məsələ müzakirə olunub. Toplantı iştirakçıları aksiya iştirakçılarının fədakarlığını yüksək qiymətləndirib və polisin bu aksiyalara müdaxiləsini qətiyyətlə pisləyiblər. Divan həmin tədbirlərdə həbs olunmuş Ağasif Şakiroğlunun, Cəmil Hacıyevın, Orxan Carçıyevin, Emil Fərhadinin dərhal azadlığa buraxılmasını tələb edib. Daha sonra 28 May İstiqlal günü münasibəti ilə Novxanı kəndində M.Ə.Rəsulzadənin abidəsinin ziyarət olunması ilə bağlı görüləcək işlərdən danışılıb. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA