AMIP ?Dəyizən dünya və Güney Azərbaycan Milli Azadlıq Hərəkatı? mövzusunda Konfrans keçirib

img

19-05-2011 [08:26]


Bu gün Kaspian Plazanın Konfrans zalında Azərbaycan Milli İstiqlal Partiyasının təşkilatçılğı ilə Güney Azərbaycan Milli Azadlıq Hərəkatının 22 may 2006-ci ildə başlanan yeni mərhələsinin 5-ci ildönümünə həsr olunan ?Dəyişən dünya və Güney Azərbaycan Milli Azadlıq Hərəkatı? mövzusunda Konfrans keçirilib. Konfransı giriş sözü ilə açan AMİP Baş Katibi Arzuxan Əlizadə 5 il əvvəl Güney Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatı özünün yeni mərhələsinə qədəm qoyduğunu dedi və qeyd etdi ki: ?Azadlıq idealarına sadiq olan və bu yolda gərgin mücadilələr verən Güneyli soydaşlarımız İranın eyni adlı rəsmi qəzetində təhqirlərə məruz qalmasına dözməyərək etiraz səsini ucaldaraq rejimin repressiyalarına və basqılarına məhəl qoymadan öz haqları uğrunda meydanlara atıldı Bu gün də hər cür repressiyalara, sui-qəsdlərə baxmayaraq Milli Azadlıq Hərəkatı davam edir və əminik ki, bu mübarizə tezliklə öz bəhrəsini verəcək?. 22 may 2006-cı il Güney Azərbaycanda baş verən hadisələrə həsr olunmuş videoçarxın və şəkillərin nümayişindən sonra AMİP Mətbuat və Təbliğat Katibi Əli Orucova söz verildi. AMİP funksioneri öz çıxışında bir qədər tarixə ekskurs edərək dünyada və regionda cərəyan edən hadisələrin Güney Azərbaycan məsələsinə göstərə biləcəyi təsirnə toxundu: ?Dünyada və regionda cərəyan edən proseslər, İranın molla rejiminin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilməsi, eyni zamanda bu dövlətin tədric və izolyasiyaya salınması, ən əsası isə millətimizin özünə güvəninin daha da artması illərdən bəri arzusunda olduğumuz Bütöv Azərbaycan ideyasının gerçəkləşməsinə zəmin yaratmaqdadır. Zora söykənən və süngü üstündə qurulan bütün despotik rejimlərin çökməsi kimi, bu siyasi sistemin də iflasa uğrayacağı, Güneyli soydaşlarımızın istiqbala və istiqrara qovuşacağı gün uzaqda deyil. Belə bir tarixi şans millətimizə verilib? Müzakirələr zamanı Müsavat Partiyası Ali Məclisinin sədri Arzu Səmədbəyli, Güney Azərbaycan analitik informasiya mərkəzinin rəhbəri Əlirza Amanbəyli, Bütöv Azərbaycan Birliyi Rəyasət Heyətinin sədri Aqil Səmədbəyli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəyli, Beynəlxalq Diaspora Mərkəzinin aparat rəhbəri Böyük Millət Partiyasının sədri Samir Adıgözəlli, Günaz TV-nin Bakı nümayəndəliyinin rəhbəri Araz Obalı, DAK təmsilçisi Əjdər Tağızadə, tanınmış alim, professor İsa Məmmədov, Zəminə Dünyamalıyeva, Pərviz Səmədbəyli, AMİP sədri Yusif Bağırzadə və digər natiqlər mövzu ilə bağlı vacib problemlərə toxunmuş və bununla bağlı öz düşüncələrini bölüşmüşlər. Konfransın sonunda çıxış edən AMİP lideri Etibar Məmmədov bu prosesin davamlı və gündəlik fəaliyyətə keçirilməsinin zəruri olduğunu vurğulayaraq Azərbaycanda siyasətlə məşğul olan hər bir şəxsin gündəliyində Cənubi Azərbaycan məsələsinın öndə olmasını vacib saydı. AMİP lideri bildirdi ki: ?Azərbaycanın bütövlüyünü qəbul etməyən siyasətçi Azərbaycan siyasətçisi hesab oluna bilməz. Hər bir Azərbaycan siyasətçisi bu məsələni öz gündəliyinə daxil etməklə bərabər başlanan prosesin Azərbaycanın nəzarəti altında olması istiqamətində fəaliyyət göstərməlidir. Biz Güneydəki bacı və qardaşlarımızı özbaşına buraxa bilmərik ki, bu mübarizədə onlar fars rejimi ilə tək qalsınlar. Təəssüf ki, həmin proses hamının beynində olan prosesə çevrilməyib. Bu proses dalğavari gəlir, yaddaşlarda möhkəmlənir. Biz bunu böyük axına çevirmək istiqamətində fəaliyyət göstərməliyik?. Güney məsələsində Azərbaycan hakimiyyətinin də üzərinə böyük məsuliyyət düşdüyünü, ancaq hakimiyyətin əlində olan imkanlardan faydalanmadığından təəssüfələnən E.Məmmədov eyni zamanda qarşılıqlı ittihamlara da yol verilməməsini tövsiyə etdi. Güney Azərbaycan məsələsinin beynəlxalq ictimaiyyət qarşısında əsas problemlərdən biri kimi qoyulmasına nail olunması üçün daha artıq səylər göstərilməsinə toxunan AMİP lideri çıxışını belə yekunlaşdırdı: ?Əsas vəzifəmizdən birinin Güney Azərbaycan məsələsinin dünyanın gündəminə salmaq olsa da, 5 il ərzində bu vəzifənin öhdəsindən gələ bilməmişik. Ona görə də bu istiqamətdə hamını düşünməyə arzu edirəm. Hər kəs qəlbində olan bu ideyanın həyata keçməsi istiqamətində əməli fəaliyyət göstərməli, ümummilli məsələlərin həlli üçün bir addım atmalıdır. Mən arzu edirəm ki, bu hərəkatlar da nəticəli olsun hamımız böyük bir ideala qovuşmağımız münasibəti ilə bir-birimizi təbrik edək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA