"ictimai Palatada firqə maraqları hər zeydən öndə gəldiyi üçün bu birlik xalqın istədiyi kimi ola bilmədi"

img

09-05-2011 [06:38]


[b]Mirmahmud Mirəlioğlu: "Əgər İctimai Palatada cahanşümul, ümummilli, ümumdövlət məsələsi öndə olsaydı, Mirmahmud da bir əsgər kimi birinci cərgədə dayanardı" [/b] 2011-ci il başlayandan ölkədə siyasi aktivlik artan istiqamətdə inkişaf etsə də, müxalif düşərgə hələ də bir araya gələ bilməyib. Əksər müxalif mövqe sahibləri İctimai Palataya toplansa da, bu qurum hakimiyyət əleyhdarlarının vahid güc mərkəzi kimi qəbul olunmur. Hətta bu birliyə qarşı aqressiv mövqedə olanlar da var. İctimai Palatanın fəaliyyəti, tutduğu mövqe və mübarizə taktikasından narazı olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu öncə ölkədəki ümumi vəziyyətdən söz açdı: - Hazırkı vəziyyətə düzgün qiymət versək demək olar ki, bu gün ölkədə heç nə baş vermir. Əslində bizdə çox böyük dəyişikliklər baş verməlidir. Həm dünyada, həm regionda baş verənlərə, xüsusiylə də bizimlə düşmən və müharibə mövqeyində olan, ərazimizi işğal eləmiş dövlətdə baş verənlərə adekvat olaraq, bizdə də bəzi proseslər baş verməlidir. Təəssüflər olsun ki, biz cəmiyyət, vətəndaş, ölkə və məmləkət olaraq çox geridə qalırıq. Ən acınacaqlısı odur ki, bu gün baş verənlər və baş verilməli olanlar bizim heç vecimizə də deyil. Bunun nəticəsidir ki, biz uduzmaqda davam edirik. Bunların günahı isə özümüzdədir. Çox təəssüf ki, biz cəmiyyət olaraq vətəndaş ola, formalaşa bilmədik. Biz fərqində ola bilmədik ki, başımıza hansı oyunlar gətirilir və bundan sonra da gətiriləcək. Hansı havanı çaldılarsa, ona oynadıq. Burada kimsəni təkbaşına da suçlamaq olmaz. İqtidar da, müxalifət də, cəmiyyət də kompleks olaraq boynuna düşən işi lazımınca yerinə yetirə bilmədi. Elə ona görə də bütün parametrlərdə düşmənlərimizdən çox-çox geridə qalmışıq. - Elə danışırsınız ki, sanki vəziyyətdən çıxış yolu yoxdur... - Çıxış yolu var. Vahid yol da, müxtəlif yol da, ortaq məxrəcə gələn yol da var. Amma o yolla gedən yoxdur. Bu gün öndə olan adamlar ona görə o yolu getmirlər ki, sıradan adam olacaqlar, 9 milyondan biri kimi görünəcəklər. Ona görə də o adamlara daha çox sərf edir ki, həmin yolla getməsinlər. Beləliklə, düzgün yolla getmirsən, birlik yarananda da ona mane olursan. Yəni, bu cür yanlış yolla varlığını qoruyub-saxlayırsan. Nəticədə isə ölkənin varlığı əldən gedir. Bizim nə qədər faciəvi durumda olduğumuzdan xəbərimiz yoxdur. Məmləkətin beşdə biri yoxdur, tapdaq altındadır. Millətin beşdə biri qədəri də Azərbaycanda yaşamır. Ölkədə yalan ayaq tutub yeriyir. İqtidarda da, müxalifətdə də, digər sferalarda da ölkəni başdan-ayağa yalan bürüyüb. Hər kəs özünü fikirləşir. - Öndə gedənləri ittiham edirsiniz, amma elə öndə gedənlərdən biri də Sizsiniz. Dediyiniz fikirlər özünüzə də aiddirmi? - Mən özümü elə qiymətləndirmirəm. Yəni, adam özünü başbilən, öndə gedən kimi qələmə verməz, bunu kənardan desələr, yaxşıdı. Səhvlər başdan və bünövrədəndir. Biz sadəcə, siyasi situasiya ilə 20-22 il bundan qabaq rastlaşmışıq və ona görə də zorən siyasətçi olmuşuq. Azərbaycandakı hazırkı siyasətçilər zorən siyasətçi olublar. Zorən siyasətçi olmağın nəticəsi də belə olmalıdır. Heç kəs heç nə öyrənmək istəmir. Biz dünyada baş verənləri şərh eləməkdə birinci yerdəyik. Elə dürlü-dürlü fikirlər deyərik ki, heç dünyada bizə çatan olmaz. Dünyada baş verənləri Çörçil, Ruzvelt, Tetçer səviyyəli müzakirə eləmək olar, amma ortaya real iş qoymaq lazımdır. Bu gün Azərbaycanda ortalığa çıxası normal siyasətçi yoxdur. Əgər Azərbaycanda belə bir siyasətçi olsaydı, ölkənin siyasi gündəmi bu gündə olmazdı. Mən özüm də daxil olmaqla, bizim real vəziyyətimiz belədir və bunu etiraf eləmək lazımdır. Öyrənmək söhbəti yoxdur, öyrəndiyimizi və bildiyimizi yalnız bir-birimizə qarşı tətbiq edirik. İstər iqtidarda, istər müxalifətdə, istər iqtidara qarşı, istərsə də müxalifətə qarşı - bir-birinə düşmən mövqeyi var. Bizim bu siyasətimizdən də uduzan ancaq məmləkətimizdir, dövlətimizdir, cəmiyyətimizdir, son nəticədə də özümüzük. İllər keçir, ömür sona çatır, amma ortalıqda heç nə yoxdur. - Vaxtiylə ortaya çıxan siyasətçi də, lider də var idi, axı onda da bir şey edə bilmədiniz? - O zaman da daxildə və xaricdə daha güclü əleyhdarlar var idi. Onlar alternativ yox, əleyhdar olduqları üçün nəticə alınmırdı. Elçibəy var idi, prosesləri yönləndirirdi, bir kəlmə sözü ilə dünya qarışırdı. Amma onu bəyənmirdilər, qəbul eləmirdilər, sevmirdilər. Bunun da nəticəsidir ki, onun haqqını tanımadığımıza görə indi bizim haqqımız cəmiyyət olaraq tanınmır. Ancaq bundan nəticə çıxarmaq mümkündür, təəssüf ki, nəticə çıxaran da yoxdur. - Mirmahmud bəy, ərəb inqilablarından sonra müxalif düşərgədə canlanma yarandı. Bu düşərgənin aktiv kəsimi isə əsasən İctimai Palatada toplandı. Bir müddət öncə KXCP də bu birliyə qoşuldu. Necə düşünürsünüz, yuxarıda dediyiniz vahid qüvvə, vahid lider ruhu İctimai Palatada varmı? - Mən elə deməzdim. Əgər bir təşkilatda partiya, firqə maraqları aparıcıdırsa, bütün idarəetmə və strategiya buna köklənibsə, deməli, orda cəmiyyətin sosial sifarişini öz fəaliyyətinə ehtiva edə bilməz. Açığı, İctimai Palatada firqə maraqları hər şeydən öndə gəldiyi üçün bu birlik xalqın istədiyi kimi ola bilməz, ola bilmədi də. Əslində bu birlik başlanğıcda başqa cür idi. Elə bir format düşünülürdü ki, alternativ olsun. Ondan vaz keçildi. Xalq parlamenti nəzərdə tutulurdu, kənərda qaldı. Əslində İctimai Palata namizədlərin, etirazçıların, ziyalıların, QHT-lərin birliyi olmalıydı, amma gördüyünüz kimi, bu, olmadı. Sonra da başladılar ki, sizə olar, ona olmaz, filankəs gəlsin, o biri gəlməsin. Bu da vəziyyətdən çıxış üçün formalaşmalı olan birliyin yaranmasına imkan vermədi. Düzü, mən indi onların haqqında tənqidi fikirlər demək istəmirəm, saxlayıram. Hesab edirəm ki, onsuz da cəmiyyət hər şeyi bilir. - Bir müddət əvvəl İctimai Palatanın əleyhinə fikirlər səsləndirirdiniz, ancaq sonradan qərar verildi və KXCP bu quruma qoşuldu... - (Tələsik) Klassik Xalq Cəbhəsi Partiyası öz nümayəndəsi ilə İctimai Palatanın fəaliyyətində iştirak edir. Bəli, bununla bağlı qərar da vermişik. Bizim partiyadan başqa da heç bir partiyanın belə bir qərarı yoxdur. Bu qərar da ordakı dostlarımızı, ora qoşulan üzvlərimizi itirməməkdən ötrü, onların hörmətinə, xatirinə atılmış bir addımdır. Elə bilin ki, bir xalq mərasimidir, toy-düyündür, orda hər kəs iştirak eləmək istəyir. Zaman gələcək bizim addımımızın düzgünlüyü də bilinəcək. Biz yenə də o fikirdəyik ki, İctimai Palata indiki kimi yox, əvvəlcə düşünüldüyü kimi formalaşmalı və fəaliyyət göstərməliydi, lakin olmadı. Bütün bunlara baxmarayaq, orda nümayəndələrimiz var, onların xatirinə atılan addımları doğru sayırıq. - Onu demək istəyirdim ki, KXCP partiya olaraq İctimai Palatada təmsil olunur, amma Mirmahmud Mirəlioğlu kənarda dayanıb... - Əgər İctimai Palatada cahanşümul, ümummilli, ümumdövlət məsələsi öndə olsaydı, Mirmahmud da bir əsgər kimi birinci cərgədə dayanardı. Əgər yoxdursa, deməli, İctimai Palatada ümummilli məsələ əsas götürülmür. Görürsünüz ki, orda hansı münasibətlər var. - Sizin də partiya üzvlərinizin iştirak etdiyi, zorakılığa məruz qaldığı, həbs olunduğu mitinqlər keçirildi. Son mitinq bir qədər zəif alındığından bu taktikanın yanlış olduğunu bildirənlər də var. Ümumiyyətlə, İctimai Palatanın hazırkı mübarizə taktikasını necə qiymətləndirirsiniz? - Əgər İctimai Palatanın mübarizə taktikası uğurlu olsaydı, siz də bu taktikanın uğurlu olub-olmaması barədə sual verməzdiniz. Yəni, bundan o tərəfə nəsə demək istəmirəm. ?ə qədər eyni sözü təkrarlamaq, eyni yolu getmək olar. Bu, doğru deyil. Bizim nə qədər səhvlərimiz olmalıdır? Səhv edə-edə ömür də bitir. Bu insanlar nə qədər yerlərində sayacaqlar? ?əyə görə həbsdə olanların məhkəmələrinə getmirlər? Mən Elman Türkoğlunun məhkəməsinə getdim, özümə də, digərlərinə də acıdım. Ən azından bu adamların məhkəmələrinə gəlmək lazımdır, ayıbdır axı! Əgər onun arxasınca gəlməyəcəksənsə, niyə bunları küçələrə çıxarırsan, haqsız yerə tutdurursan? Mən bilirəm ki, polis düzgün eləmir. Azərbaycan hakimiyyətinin yürütdüyü daxili siyasətin ən çox əleyhinə olan adamlardan biri də mənəm. Mən, mən dediyimə görə üzr isitəyirəm. Kim ortaya çıxıb deyə bilərsə ki, məndən artıq iş görüb, buyursun. Nə lazımdırsa - mandatdan imtinadan tutmuş, yaxşı mənada hər şeyə getmişəm. Ancaq heç vaxt kimisə irəli verib kənarda dayanmamışam. Bu adamları irəli verib nə qədər aldatmaq olar? - Kimləri deyirsiniz? - [i](Sualı dinləmir)[/i] Buna "dur" demək lazımdır. Bir dəfə səhv olub, daha bəsdir. Əgər bu yol səhvdirsə, nə olur-olsun sona qədər getmək ağılsızlıqdır. Qardaşım, belə olmaz! Elə bir vəziyyət yaradıblar ki, indi Müsavat qurultayını keçirə bilmir. May ayında Müsavat qurultayını keçirməli idi. Adamları həbsdədir, Arif Hacılı həbs olunub və s. Yəni belə məsələlər kimə lazımdır? Belə vəziyyət kimin üçündür? Əgər düşünürlərsə ki, belə vəziyyət millət üçündür, millətə bu, lazım deyil. - İndi nə deyirsiniz, belə bir vəziyyətin yaranmasında İsa Qəmbər təqsirkardır? - Əsas günahkar mitinqin mütləq bir yerdə olmasını tələb edənlərdir. Xeyr, mitinq üçün 11 yer olmalıdır. Bütün rayonlarda aksiyalara yer ayrılmalıdır. Kimin nə deməyini bilmirəm, bizim nümayəndəmiz hər zaman İctimai Palatanın iclaslarında deyib ki, mitinq üçün bir neçə yer istəmək lazımdır ki, birini verməyəndə o birini versinlər. Sən bir yer istəyirsən, sənə də o yeri vermir, onsuz da onların ağlı bunu kəsir. Hacıbala Abutalıbovun siyasi mövqeyi, yaxud qərar vermək imkanları cırılmış qramafon valı kimidir, ancaq eyni sözü təkrarlayır. Oxuduğu da "20-ci sahə", "Bibiheybət" - nə bilim nə. İcazəli aksiya mütləq keçirilməlidir. Kütləvilik istəyirsənsə, icazəli aksiyaya getmək lazımdır. Düzdür, bundan sonra deyəcəklər ki, Mirmahmud Mirəlioğlu belə dedi, elə dedi. Bilirsiniz, etiraf etmək lazımdır ki, bu adamlarla, bu ağılla, bu yanaşma və yalnız ambissiyalarını düşünməklə uzağa getmək mümkün deyil. - Bəy, hamı ümumi danışır. Konkret ünvanı, günahkarı göstərməyə gələndə hamı yaxasını kənara çəkir... - Guya günahkarın kim olduğunu bilmirsiniz? Başa düşmürəm, nəyə görə bunu biz eləməliyik? Hər kəs bilir ki, belə bir vəziyyətin yaranmasında günahkar kimdir. Mən adamların özlərinə dediklərimi mətbuat vasitəsiylə demək istəmirəm. Düşüncələrimi az qala ittihamnamə kimi adamların üzünə demişəm. Bir gün yəqin ki, daha başqa cür deyiləcək. Yəni, bu cür davam edə bilməz!.. - Belə anlaşılır ki, Siz müxalifətin mübarizəsini hakimiyyətin yürütdüyü antidemokratik siyasətə, son dövrlər aparılan antikorrupsiya kampaniyasına adekvat hesab etmirsiniz. Bəs Siz nə təklif edirsiniz? - Onu bir müsahibədə söz xatirinə demirlər. Əvvəlcə bu taktikanı partiyanın rəhbər orqanlarında qəbul edirlər. Biz hazırkı situasiyaya uyğun mübarizə taktikasını qəbul edəcəyik, onda görəcəksiniz. Təşkilatımızın mövqeyi də ortadadır, münasibətimizi də ictimaiyyətə çatdırmışıq. İnşallah, gələn qurultayımızda bu məsələlərlə bağlı yekun qərar veriləcək. Zamanında bəzən elə olub ki, taktikadan da, yoldan da imtina ediblər ki, bu yol bizim yol deyil. Bu yol qələbəyə aparmır, zəfər vəd eləmir. Bunu deyiblər, çünki vaxtiylə də belə şeylər olub. Bu gün üçün əsas şüar bəllidir. Zəfərə gedən yol birlikdədir. Amma hazırda mövcud olan birliklə də zərəfə nail olmaq mümkünsüzdür. İllərlə eyni yolu getmək, taftaflogiya ilə məşğul olmaq da doğru deyil. - Son günlər o fikirlər də səslənir ki, İctimai Palatadan kənar bir müxalifət birliyi yaranır və Siz də orada təmsil olunacaqsınız. Belə bir niyyətiniz varmı? - Bəlkə də media bizim üçün belə bir şey hazırlayır, amma bizim bundan xəbərimiz yoxdur. Biz geniş, əhatəli və aydın şəkildə demişik ki, İctimai Palatada təmsil olunan, Müsavat, AXCP və kənarda olan bir sıra partiyaların bir arada olması vacibdir. Təxminən 8 partiyanı irəli sürmüşük. Bu istiqamətdə təşəbbüslər var, ancaq hələlik ortada nəticə yoxdur. Bu o demək deyil ki, biz kiməsə alternativ yaradırıq. Sadəcə olaraq, hamının bir yerdə olmasını düzgün sayırıq. Biz daha geniş birliyin tərəfdarı olmuşuq, bu gün də onun tərəfdarıyıq və hesab edirik ki, doğru yol budur. [b]Zaur ƏHMƏD [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA