"Hakimiyyət hər an alovlana biləcək xalq hərəkatından qorxur"

img

01-05-2011 [04:04]


[b]Arzu Səmədbəyli: "Əhalinin 90 faizindən çoxu bu hakimiyyətdən narazıdır. Çünki burada bir qrupdan başqa yerdə qalanlara heç bir haqq tanımır..." [/b] Məlum olduğu kimi, İctimai Palatanın aprelin 17-də "Sahil" bağında keçirmək istədiyi aksiyaya hüquq-mühafizə orqanlarının əvvəlcədən təşkil etdiyi tədbirlərlə imkan verilmədi. Yəni 2 aprel aksiyasından fərqli olaraq, aprelin 17-də müxalifət istəyinə nail ola bilmədi. Bu səbəbdən də hakimiyyət nümayəndələri ilə yanaşı, bir sıra siyasi təşkilat təmsilçiləri də mitinq taktikasının yanlış olduğunu və son aksiyanın cəmiyyətdə ruh düşkünlüyü yaratdığını deyirlər. Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli isə bu iddialarla razılaşmayaraq, bunu hakimiyyətin əsası olmayan təbliğatı kimi qiymətləndirir: - Əslində, baş verən proseslərə müxtəlif cür yanaşmalar var. Hakimiyyət hər zaman təbliğat aparır ki, guya müxalifəti dəstəkləyən yoxdur, ruh düşkünlüyü yaranıb. Son mitinqlərdən sonra hakimiyyətin apardığı təbliğat ondan ibarətdir ki, ümumiyyətlə, ruh olmayıb. Guya ölkədə bu rejimin dəyişməsi üçün cəmiyyətdə hər hansı bir hərəkat yoxdur. Ancaq fakt odur ki, mart ayının 11-də gənclərin, 12-də Müsavat Partiyasının, aprel ayının 2-də və 17-də İctimai Palatanın aksiyaları olub. Bu aksiyalarda minlərlə insan iştirak edib, nəticədə yüzlərlə etirazçı həbs olunub, işgəncələrə, təqiblərə məruz qalıb. Başda Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı olmaqla, 15 nəfərə yaxın nümayəndəmizə qarşı heç bir günahı olmadan cinayət işi qaldırılıb. Hakimiyyətin təbliğatı bu sadalananların əleyhinə olub. İndiyə qədər "müxalifət yoxdur, 3-5 nəfərdən ibarətdir",- söyləyən hakimiyyət birdən-birə qorxuya düşüb, minlərlə insanı öz aləmlərində müxalifət partiyalarından "istefaya göndərib". Bu proses təxminən 10-15 rayonda baş verib. Bəlli olub ki, guya minlərlə insan müxalifət partiyalarından istefa verib. Yalançının yaddaşı olmaz axı. Sonra da birdən ayılıblar ki, yalanları öz əleyhlərinə çevrilib. Əgər müxalifət yox idisə, 15 rayondan minlərlə müxalifətçi necə istefa verir? Ona görə də istər-istəməz bu yalançı kampaniyanı dayandırmalı oldular. Hakimiyyətin digər eybəcər əməli AXCP sədri Əli Kərimlinin evi, Müsavat Partiyasının qərargahı qarşısında təşkil olunan aksiyalar idi. Bir azdan başa düşdülər ki, bu da səhv taktikadır. Sonradan bunu da dayandırdılar. İndi isə yenə də əvvəlki dövrlərə qayıdıblar, bizi görməzliyə başlayıblar. - Bəs, Siz 17 aprel aksiyasından sonrakı dövrü necə qiymətləndirirsiniz? Yəni aksiyanın zəif alınması əhval-ruhiyyəni aşağı salmayıb ki? - Xeyr. İstər 2 aprel, istərsə də 17 apreldə keçirilən İctimai Palatanın aksiyaları mənə elə gəlir ki, cəmiyyətdə, beynəlxalq aləmdə kifayət qədər əks-səda yaradıb. "Fəvvarələr" meydanındakı 2 aprel aksiyası daha çox küçə yürüşləri, nümayişlərlə yadda qaldısa, 17 aprel aksiyasında hakimiyyət ön tədbirlər gördü. Təkcə meydanı əvvəlcədən mühasirəyə almaqla deyil, bir çox partiya fəallarını hələ mitinqdən əvvəl evlərində həbs etməklə, bir çoxlarını metrodan çıxan kimi saxlamaqla, avtobusda tutmaq yolu ilə bu nümayişin, küçə yürüşünün keçirilməsinə əngəl törətdilər. Amma müstəqil müşahidəçi və ekspertlərin söylədiklərinə görə, 17 aprel aksiyasında daha çox etiraz olub. Sadəcə olaraq, bu, kütləvi aksiyanın kompakt şəkildə reallaşmasına imkan verilməyib. Bu baxımdan, mən hakimiyyət nümayəndələrindən fərqli olaraq, əminliklə deyə bilərəm ki, hər hansı ruh düşkünlüyü yoxdur. İnsanlar bu gün də dəyişiklik etmək əzmini özündə hiss edir. - Arzu bəy, müxalifətə qarşı ünvanlanan ittihamlardan biri də odur ki, Siz öz tərəfdarlarınızla mitinqə çıxırsınız, cəmiyyətdən dəstəyiniz yoxdur. Mitinqlərdə qələbəlik olmadığını nəzərə alsaq, bu fikirləri müəyyən qədər əsaslı saymaq olar... - Obyektiv yanaşsaq, həqiqətən də cəmiyyətin bəzi nümayəndələri bu aksiyalarda iştirak eləsə də, aktiv şəkildə bütövlükdə xalq iştirak eləmir. Biz onu da bilirik ki, xalqın böyük əksəriyyəti bu rejimin əleyhinədir və bu hakimiyyətin apardığı siyasəti qəbul etmir. Hakimiyyətin özü də bunun fərqindədir. Ona görə də hakimiyyət insanların sərbəst toplaşmasından qorxur və buna bütün imkanları ilə əngəl yaradır. Bunun da yeganə səbəbi odur ki, hakimiyyət ölkədə hər an alovlana biləcək xalq hərəkatından qorxur. Biz bilirik ki, insanlar müxalifətin aksiyalarını dəstəkləyir, bir qism iştirak edir, bir qism müşahidə edir, amma bütövlükdə passiv olsa da, müxalifətə böyük rəğbətlə yanaşır. Aksiyalara icazə verilməməsi, bizim Konstitusiya və digər qanunlarla təsbit olunmuş hüquqlarımızın pozulması da elə qorxunun nəticəsidir. Yəni hakimiyyət bu gün qorxu içərisindədir. Düşünürlər ki, insanlar sərbəst toplaşaraq öz fikirlərini bölüşməyə başlasalar, digər insanlar da maraqlanacaq, gələcək və bəlli olacaq ki, əhalinin 90 faizindən çoxu bu hakimiyyətdən narazıdır. Hakimiyyətin içində olanlar belə, bu rejimdən narazıdır. Çünki burada bir qrupdan başqa yerdə qalanlara heç bir haqq tanımır, hamının haqqı, hüququ tapdalanır. Ölkədə baş alıb gedən rüşvət və korrupsiyanın səviyyəsi də deyiləsi deyil. Hamı gündəlik həyatında bu acıları hiss eləməkdədir. - Axı, hakimiyyət də vəziyyəti qismən yumşaltmaq üçün müəyyən addımlar atır. Son bir neçə ayda aparılan antikorrupsiya tədbirlərini yaranmış vəziyyətə adekvat addım kimi dəyərləndirmək olarmı? - Hakimiyyətin özü də yuxarıda qeyd etdiklərimin fərqindədir. İctimai Palatanın aksiyalarından bir az əvvəl "ölkədə korrupsiya və rüşvət yoxdur, müxalifət böhtan atır",- kimi şüarlar səsləndirən hakimiyyət artıq rüşvətə və korrupsiyaya qarşı mübarizəyə başladığını elan elədi. Görürsünüz ki, televiziya ekranlarında ikrah doğuran şəkildə deyirlər Azərbaycanda rüşvətə qarşı mübarizə aparılır. Hansı ki, bu gün Azərbaycanda rüşvətin başında hakimiyyətin üst mərtəbəsində təmsil olunan şəxslər dayanırlar. Ölkə başdan-başa inhisara alınıb. Əslində bu gün rüşvətlə mübarizə adıyla aparılan bu tədbirlər də kosmetik xarakter daşıyır. Aldığımız məlumata görə, artıq bu proses dayanmaq üzrədir, yenidən əvvəlki varianta qayıdılır. Üç-beş xırda məmuru, həkimi, yaxud müəllimi həbs etməklə rüşvətlə mübarizə mənzərəsi yaratmaq istəyirlər. Görünür, hakimiyyət artıq bu görüntünü yaratmaqdan bezib və yenidən əvvəlki ampluasında fəaliyyət göstərməkdədir. Ona görə də hamı bu hakimiyyətin getməsini istəyir. Bu cür düşünənlər İctimai Palatanın tutduğu yolu dəstəkləyirlər. Amma bu gün xalqın böyük əksəriyyəti bu aksiyalarda iştirak etməsə də, gələcəkdə bu proseslərə qatılacağına əminik. - Başqa bir məsələ də var. Müxalifətin cəmiyyətin bütün təbəqələrini öz ətrafına toplaması bir yana, heç müxalifət partiyalarının özləri də bir araya gələ bilmirlər. AMİP bu günlərdə İctimai Palatadan çıxdı, digər müxalif qüvvələr hələ də bura qoşulmayıblar... - Mən hesab edirəm ki, söylədiyiniz məsələlər müxalifətin bir arada olmadığını deməyə əsas vermir. Müxalifətin əsas aparıcı kəsimi, ictimaiyyət nümayəndələri, proseslərə təsir imkanları olan şəxslər İctimai Palatada toplanıb. O başqa bir məsələdir ki, siz hamını bir yerdə görmək istəyirsiniz. Amma kimsə kənarda dayanıb "mən müxalifətəm",- deyirsə və bizimlə bir yerdə deyilsə, bu, o anlama gəlmir ki, demokratik qüvvələr bir arada deyil. Ümumiyyətlə, özünü müxalifət sayan qüvvələrin hamısı heç vaxt bir arada olmur. Qələbə imkanı olan qüvvələrin bir arada olması yetərlidir. Söhbət müxalifətin bir arada olmasından getmir, şəraitin yaradılmasından gedir. Azərbaycanda demokratik bir mühit yoxdur ki, xalqın dəstəklədiyi qüvvə hakimiyyətə gəlsin. Bundan əvvəl SİDSUH var idi, söylədiyiniz o qüvvələr bir ara idi. Yenə də hakimiyyət seçkiləri saxtalaşdırdı, zor gücü ilə müxalifəti əzdi. Yəni İctimai Palata əsas müxalifət partiyalarının, vətəndaş cəmiyyətinin, eyni zamanda xeyli bitərəf insanların cəmləşdiyi aparıcı bir təşkilatdır. Kimsə düşünürsə ki, onlar yoxdur deyə İctimai Palata uğur qazana bilmir, buyursunlar, onlar da birləşsinlər, bir neçə aksiya keçirib güclərini göstərsinlər. - Axı, İctimai Palata daxilində də fikir ayrılıqları başlayıb, hətta gərginlik də yaranıb... - Tamamiylə doğru olmayan fikirdir. Başa düşmədim ki, İctimai Palatada hansısa gərginliyin olduğunu deməklə nəyi nəzərdə tutursunuz? - Palatanın son iclasında mitinqlə bağlı məsələnin müzakirəsini deyirəm. - Onda mən də sizə qarşılıqlı sual verirəm. İctimai Palata mitinqlə bağlı qərar qəbul elədi. Bu qərardan narazılığı özündə ehtiva edən hansısa bəyanata, müraciətə rast gəlmisinizmi? - Bəli. Qərardan sonra palatanın üzvü Mustafa Hacıbəyli narazılığını bildirib. Hətta müttəfiqiniz Fuad Qəhrəmanlı da bunu qeyri-etik hərəkət kimi dəyərləndirib. - Mustafa Hacıbəyli İctimai Palatanın iclasında da öz fikrini bildirdi. Digərləri də çıxış edərək sözlərini dedilər. Bilirsiniz, əgər İctimai Palatada 300-dən artıq insan bir araya gəlibsə, burda müxtəlif cür yanaşmalar ola bilər. Mümkündür ki, Müsavat Partiyası üzvlərinin də hamısı eyni fikirdə olmasın. Biz demokratik bir təşkilatıq. Hərə öz fikrini azad, demokratik şəkildə demək imkanına sahibdir. Amma bütövlükdə qərar çoxluğun mövqeyi ilə formalaşır, azlıqda qalan qüvvələr qəbul olunmuş qərara tabe olur və yerinə yetirir. İndiyə qədər bu cür olub, bundan sonra da belə davam edəcək. Əks fikirdə olan insanlara da haqq tanımaq lazımdır. Amma bu, heç bir zaman İctimai Palata daxilində hər hansı parçalanmaya, bölücülüyə rəvac verilməməlidir, qəbul olunan qərara da hər kəs sayğı göstərməlidir. - O fikirlər də səslənir ki, Müsavat Partiyası AXCP-dən fərqli olaraq, aksiyaların davam etdirilməsini istəyir. AXCP funksionerlərinin mövqelərindən də mitinqlərə ara verilməsi istəyi sezilir. Bu barədə nə deyə bilərsiniz? - Mitinq məsələsində AXCP ilə Müsavat arasında elə də ciddi mövqe fərqliliyi yoxdur. Hər bir partiyanın daxilində də bu mitinqlərin tərəfdarı və əleyhdarları var. Hər kəs mitinqlərin keçirilməsini istəyir, amma fikir ayrılıqları zamanlama ilə bağlıdır. Bunu da partiyalar arasındakı fikir ayrılığı ilə yox, fərdlərin müxtəlif yanaşması kimi izah etmək lazımdır. Bir sözlə, AXCP ilə Müsavat arasında qarşıdurma yaradılması cəhdi kimi təqdim olunan bu fikirləri bölüşmürəm. - Amma bəziləri iddia edirlər ki, Müsavat Partiyası öz qurultayının ertələnmə məsələsinin gündəmdən çıxması üçün aksiyaların davamlı olmasına çalışır... - Bizim elə bir problemimiz yoxdur. Qurultaya hazırlıq davam edir. Hər həftə bir neçə rayonda konfranslar olur, nə zaman konfranslar yekunlaşacaqsa, qurultay keçiriləcək. - Ötən ildən bəri qurultayı ertələyə-ertələyə gəlirsiniz. Bu səbəbdən də belə fikirlər ortaya çıxır... - [i](Sözümüzü kəsərək) [/i]Yaxşı olar ki, siz bunun səbəblərini hakimiyyətin fəaliyyətində axtarasınız. Əgər qurultay keçirməli olan təşkilatın icra aparatının rəhbəri həbsə atılırsa, gənclər təşkilatının sədri, müavinləri həbs olunursa, fəalları haqqında cinayət işi qaldırılırsa, mərkəzi mənzil qərargahında heç bir əsas olmadan axtarış aparılırsa, fəaliyyəti məhdudlaşdırılırsa, qurultayın gecikməsinin səbəbini hakimiyyətdə axtarmaq lazımdır. Bizim istəyimiz qurultayımızı keçirməkdir. Hesab edirəm ki, inşallah, bu il qurultayımızı keçirəcəyik, hər şey istədiyimiz kimi olacaq. Amma nəsə həyata keçmirsə, hakimiyyət buna əngəl törədirsə, bunun günahı artıq Müsavatda deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA