25-04-2011 [04:42]
[b]Elxan Şükürlü: ?Bizdə həbs və ölüm təhlükəsini göz altına alıb meydana girəcək lider yoxdur?[/b]
Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün adı yenidən mətbuatın diqqətindədir. Sədri İlyas İsmayılovun İctimai Palatanın tənqidinə yönəlik fikirlərinə etiraz edərək ?Ədalət?i YAP-ın maraqlarına xidmətdə suçlayan Elxan Şükürlü son günlər daha bir maraqlı açıqlamayla çıxış edib. O, müxalifətin vahid namizədlə çıxış etməsinin zəruriliyini bildirərək, AXCP sədri Əli Kərimli ilə eks-spiker Rəsul Quliyevin yeni ittifaq qurmasını təklif edib. Çoxsaylı suallar yaradan bu mövqeyinə aydınlıq gətirmək üçün Elxan bəylə söhbətləşdik:
- Elxan bəy, deyəsən, Ədalət Partiyası ilə üzülüşürsünüz?
- Qətiyyən, elə bir niyyətim yoxdur. Hansısa məsələdə partiya sədrinin mövqeyi ilə razılaşmamaq o demək deyil ki, partiyadan gedirsən?
- Faktiki, Sizin son günlər mətbuata verdiyiniz açıqlamalar həm liderinizin, həm də partiyanızın əleyhinədir. Özünüz getmək istəməsəniz də, razılaşın ki, hər an partiyadan uzaqlaşdırıla bilərsiniz.
- Partiya təkcə sədrdən ibarət deyil. Üstəlik, uzaqlaşdırılmağım üçün ciddi əsas da yoxdur. Partiyanın fəaliyyəti onun məramnaməsi və nizamnaməsi ilə tənzimlənir ki, mən də onları pozmamışam. Burada yalnız siyasi etika qaydalarına nə dərəcədə riayət edib-etməməyim mübahisə mövzusu ola bilər ki, bu məsələdə də iradı yalnız İlyas müəllim bildirə bilər.
- Maraqlıdır, İlyas bəy sizə bütün bunlarla bağlı irad bildirməyibmi, deməyibmi ki, niyə belə davranırsınız?
- İrad tutduğu məqamlar da var, haqlı olduğumu saydığı məqamlar da. 1 il 6 aylıq hərbi xidməti çıxsaq, faktiki 10 ildir ki, İlyas müəllimlə bir partiyada, bir kollektivdəyik. Yəni tərbiyəmdən tutmuş iş qabiliyyətimə, xarakterimə qədər, məni İlyas müəllim digərlərindən daha yaxşı tanıyır. Əgər bu gün davranışlarımda, hansısa məsələyə münasibətdə onu qane etməyən məqamlar varsa, bunun da səbəblərini İlyas müəllim hamıdan yaxşı bilir.
- Kənardan belə görünür ki, Sizin MSK-ya buraxılmamanız partiya rəhbərliyindən narazılığınızın və son davranışlarınızın əsas stimulyatorudur.
- Təbii ki, MSK-ya buraxılmamağım fikirlərimdə və daxilən hansısa qərarların qəbulunda həlledici amil olub. Bəzən tərbiyənin, münasibətlərin əsirinə çevrilib susanda, hansısa addım atmayanda çoxları elə bilir ki, elə belə də davam etməlidir? Bu, partiya rəhbərliyi tərəfindən mənə qarşı birinci dəfə yol verilən haqsızlıq olsaydı, bəlkə də üstündən keçmək olardı. Ancaq bu, birinci dəfə deyil axı? Xatırlayırsınızsa, MSK-nın ötən tərkibinin formalaşması zamanı da partiyamızda narazılıq yaranmışdı. Onda da əvvəl mənə söz verildi, ancaq son anda qəfildən Səfa Mirzəyevin yaxın qohumu olan Oktay Hümbətlinin adı üzərində dayanıldı. O vaxt, demək olar ki, əksəriyyət bu seçiminə görə İlyas müəllimdən narazı qaldı. Çünki Oktay Hümbətli heç o posta haqqı və qabiliyyəti çatan ilk üçlük sırasında da deyildi. Ancaq İlyas müəllim müəyyən səbəblərdən onun adı üzərində durdu. Bu isə partiya üçün daha çox çalışan, zəhmət çəkən insanların əl-qolunu işdən soyutdu. Bu dəfə o səhvi düzəltmək imkanı var idi, alınmadı. Üstəlik, Oktay Hümbətlinin bu aradakı davranışları bir daha təsdiqlədi ki, biz tam haqlıymışıq, İlyas müəllim onun adının üzərində durmaqda böyük bir yanlışlığa yol verib. Təsəvvür edin ki, bu adam İlyas müəllimə minnətdarlıq edib geri çəkilmək əvəzinə, onun sözünü tapdadı, hakimiyyətdəki qohum-əqrabasının, tanış-bilişinin imkanlarından istifadə etməklə bütün gücünü işə saldı ki, yenidən MSK-da qalsın. Mən onun bu cəhdləri və hakimiyyətdəki dəstəkçiləri barədə vaxtında İlyas müəllimi məlumatlandırdım, ancaq təəssüf ki, o, çox ləng tərpəndi ? nəticədə, nə Oktay müəllimi geri çəkə bildi, nə də hakimiyyətin mənə əngəl olmasına maneçilik törətmək iqtidarında oldu. Hətta parlamentdə bu məsələ müzakirə olunanda belə, susdu və səsvermədə də bitərəf qaldı. Yəni, faktiki, məni hakimiyyətin qabağında tək buraxdı, müdafiəsiz qoydu?
- Niyə? Səbəbini bilmədinizmi? Özündən soruşmadınızmı?
- Soruşdum, qaneedici cavab almadım. Sonradan baş verənlər isə göstərdi ki, sən demə, problem elə mən özüməm. Yəni, daha dəqiq desəm, hakimiyyət məni MSK-da görmək istəməyib, vəssalam.
- Deməli, Siz də buna görə çıxışlarınızda radikal kurs seçmisiniz?
- Təbii. MSK məsələsi hakimiyyətin özümə münasibətini dəqiqləşdirmək üçün mənim üçün sonuncu test oldu. Hər halda mən oyun qaydalarına riayət elədim. Siyasətdə bir ?centlmen sazişi? deyilən anlayış var, mən bu sazişə əməl etdim. Hətta İlyas müəllim məni YAP-ın qərargahına seçkilərin nəticələrini tanımaq haqda bəyanata imza atmaq üçün göndərəndə belə, böyük ictimai qınaqla üzləşəcəyimi, axına qarşı getdiyimi bilə-bilə bununla razılaşdım. İlyas müəllim demişdi ki, qoy hakimiyyət görsün ki, sən problem yaradan adam deyilsən. Yaxşı, nə oldu, mənə gələndə hakimiyyətin yaddaşı təzələndi, ya gözləri tutuldu?! Mən doğrudanmı bu qədər təhlükəli adamıymışam?!
- İctimai Palatanın 17 aprel aksiyasına qatılmağınız və hakimiyyətə qarşı radikal mövqeyi ilə fərqlənən iki şəxsi - Rəsul Quliyevi və Əli Kərimlini müdafiə edən açıqlamalarınız belə deməyə əsas vermir ki, Sizi yaxın vaxtlar bu düşərgədə görəcəyik?
- Əslində, müxalifətin yanlış taktikası səbəbindən belə bir bölgü yaranıb ? kimlərsə konstruktiv olublar, kimlərsə radikal. Fikir verin, bu gün ?konstruktiv müxalifət? olanlar dünənin ən radikal şəxsləridir. Sadəcə, müxalifətdəki uğursuzluqdan, bir neçə nəfərin yersiz iddialarından bezib, özlərini heç olmasa qoruyub saxlamaq üçün ?konstruktiv? olublar. Baxın, 1993-dən bəri eyni adamlar hakimiyyətdə olduğu kimi, eyni adamlar da müxalifətdə liderlik edirlər. Dəyişiklik yoxdur. Axı normal insan bir özünə ?yox? deməyi bacarmalıdır. Məntiqlə, uğur qazana bilməyən adam geri çəkilməli, yerini uğur qazana bilənə verməlidir. Bizdə isə, təəssüf ki, hələ bu siyasi mədəniyyət formalaşmayıb. Hələ üstəlik hakimiyyətdəkilər kimi, bunlar da başlayıblar özlərinə ?varis?lər yetişdirməyə. Əslində, mənim son açıqlamam hansısa düşərgəyə keçmək yox, müxalifətin uğur formulu haqda bir təklif kimi qymətləndirilməlidir.
- Nədir uğur formulu ? ?vahid namizəd? məsələsi?
- Bəli. Bu bir həqiqətdir ki, mütəşəkkil azlıq həmişə dağınıq çoxluqdan daha artıq uğur qazanar. Bu gün müxalifət uğur qazanmaq istəyirsə, ilk növbədə, mütəşəkkil qüvvə, vahid güc olduğunu göstərməlidir. Bunun üçünsə mütləq ?vahid lider? müəyyənləşməlidir. Vaxtilə Napoleon deyirdi ki, ?iki yaxşı komandandansa, bir pisi daha yaxşıdır?. Nə qədər ki, bir mərkəzdən qərar verilmir və onun icrasına da doğru-dürüst nəzarət olunmur, hamı bir hədəf üçün çalışmır, orda uğur yoxdur?
- İctimai Palata elə bu mərkəz, vahid güc rolunda çıxış etmirmi?
- Yox, İctimai Palata faktiki bir-biriylə uzun illər rəqabət aparmış iki siyasi qüvvənin ? AXCP ilə Müsavatın müvəqqəti birliyidir. AXCP və Müsavatın bir partiyada birləşməsi və Əli Kərimlinin də bu superpartiyaya sədr gətirilməsi ideyası baş tutmasın deyə, İsa bəy və onun liderliyini qəbul edənlər İctimai Palatanın yaradılmasına nail oldular. Hətta hakimiyyət də bunda maraqlı idi. Çünki hakimiyyətin İctimai Palataya nəzarət etmək, öz adamlarını rahatca ora yerləşdirmək imkanları çox genişdir. Təsəvvür edin ki, seçkilərin nəticələrini tanımayan istənilən şəxs gedib bir sənədə imza atmaqla olur Palata üzvü. Elə son aksiylar və bu qurum daxilində baş verənlər göstərir ki, İctimai Palatanı o qədər də uğurlu perspektiv gözləmir.
- Nəyə əsaslanıb belə deyirsiniz?
- Mən İctimai Palatanın həm 2 aprel, həm 17 aprel aksiyalarını müşahidə etdim. Heç Palatının rəhbərliyində təmsil olunanların çoxu aksiyaya qatılmırlar. Səbəb də odur ki, insanalar üçün hədəf aydın deyil. Kimin, nəyin arxasınca getdikləri bilinmir. Xüsusən də liderlər - komandanlar öndə olmadığından, sıravi üzvlər aksiyada iştiraka o qədər də məsuliyyətli yanaşmırlar.
- Liderlərin həbs olunmaq, döyülmək, hətta öldürülmək təhlükəsi varsa, boşuna niyə meydana çıxıb qurban getməlidirlər ki?
- Bax, Azərbaycan müxalifətinin ən böyük problemi də elə bundadır ? bizdə həbs və ölüm təhlükəsini göz altına alıb meydana girəcək lider yoxdur. Kim qədərə inanıb bu missiyanı öz üzərinə götürəcəksə, lider də o olacaq. Hiss olunurdu ki, son vaxtlar Əli bəy bu missiyanı götürməyə daha çox meyllidir. Ancaq o da ?Müsavat?ın oyununa gedərək tələsdi, İsa bəyin ona toxuduğu tora düşdü. İndi nə geri qayıda bilir, nə irəli gedə?
- Maraqlı yanaşmadır? Niyə hesab edirsiniz ki, Əli bəy İsa bəyin toruna düşüb?
- Ərəb ölkələrində baş verən proseslər Azərbaycan hakimiyyətinin canına vəlvələ saldığı kimi, müxalifət partiylarında da bir canlanma yaratmışdı. Hətta 2 aprel aksiyasına qədər ölkədə qəribə bir müəmma var idi ki, görəsən, burada necə olacaq. Ancaq ?Müsavat?ın tələsik aksiyalara başlamaq qərarı verməsi və AXCP-nin də ondan geri qalmamaq üçün məcburən bu prosesə qoşulması bu müəmmanı dağıtmaqla müxalifətə çox böyük zərbə vurdu, mənzərəni hakimiyyət üçün tam aydınlatdı. Halbuki, siyasətlə az-çox maraqlanan hər kəs bilir ki, Azərbaycanda siyasi proseslərin aktiv fazaya keçməsi daha çox 2012-ci ildə ? Rusiyadakı prezident seçkiləri ərəfəsi mümkün olacaq. O vaxtadək təşkilatlanmaq, güclənmək lazım idi. İndi nə aksiyaya davam edə bilirlər - çünki uğurlu alınmır, nə də geri çəkilə?
- Aksiyalar davam etsə, İsa bəyin, Əli bəyin həbs olunmaq təhlükəsini real sayırsınızmı?
- İsa bəyi deyə bilmərəm, ancaq Əli bəyi hər an həbs edə bilərlər. Hiss olunur ki, hakimiyyət ondan daha çox ehtiyatlanır. Hətta mən düşünürəm ki, İsa bəy qəsdən aksiyaların davam etirilməsinə tərəfdardır. Çünki hədəf Əli Kərimlidir və bu halda hakimiyyət Əli Kərimlini həbs etsə, İsa Qəmbər bu cameəni öz başına toparlamaq, başqanlıqda qalmaq imkanı əldə edəcək. Bu variant hakimiyyətə də sərfəlidir. Çünki əvvəla ortada 2003-cü il təcrübəsi var, ikincisi də, İsa bəy müxalifət düşərgəsində əsas fiqur olaraq qaldıqca, hakimiyyətin monolitliyi təmin olunur.
- Bu səbəbdənmi Rəsul Quliyevin müxalifətin vahid lideri olmaq imkanlarını yüksək qiymətləndirirsiniz?
- Bir yox, bir neçə amil var ki, Rəsul Quliyevin ?vahid lider? olmaq imkanlarını artırır. Əvvəla, o, ölkədə deyil. Baxmayraq ki, bir neçə ağır maddə ilə, guya, axtarışdadır, ancaq 15 ildir ki, hakimiyyət onu tutub ölkəyə gətirə bilmir. Deməli, indiki liderlərə olan ?hər an həbs olunmaq təhlükəsi? onun üçün keçərli deyil. Bu fakt həm də onun Qərbdə dəstəyinin güclü olması mənasına gəlir. Digər tərəfdən, siyasi təşkilatlanma və münasibətlərin qurulmasında regionçuluq amilinin xüsusilə güclü olduğu Azərbaycanda o, ölkə paytaxtında geniş təsir imkanlarına sahib, siyasi baxımdan aktiv iki regionu ? həm Naxçıvan, həm də Ermənistan bölgəsini birləşdirir ki, bu da hakimiyyət komandasının onu ?özününkü? bilməsi üçün vacib şərtlərdəndir. Üstəlik, 2003-cü ildə Etibar Məmmədova yox, İsa bəyə dəstək verməklə, digər bir nüfuzlu regionu ? Qarabağ bölgəsini də öz tərəfinə çəkmək haqqı əldə edib. Eyni zamanda, mən bilən, onun şirvanlılar arasında da geniş əlaqə və hörməti var. Faktiki, bu gün Rəsul Quliyev Azərbaycanda davamlı şəkildə hakimiyyət uğrunda mübarizə aparmış 4 əsas regional güc mərkəzinin dəstəyini əldə etmək imkanındadır?
- Axı o ölkəyə heç yaxın düşə bilmir?
- Əgər Qərb burda ağrısız dəyişiklik etmək niyyətində olacaqsa, məncə, o halda onun ölkəyə dönüşü təmin ediləcək. Mən nəinki onun, bütün siyasi mühacirlərin, hətta eks-prezident Ayaz Mütəllibovun, Mahir Cavadovun da ölkəyə qayıdışının təmin edilməsini arzulayıram. Hesab edirəm ki, rezident İlham Əliyev ?yuxarıdan islahat? taktikasına start veribsə, ölkədə mili barışığın yaranması üçün bu addımı da atacaq. Çünki siyasi qisasçılıq mühiti qaldıqca, bu, ölkəni davamlı şəkildə gərginlikdə saxlayır.
- Bəs Əli Kərimlinin ?vahid lider? olmaq imkanlarını necə dəyərləndirirsiniz?
- Əli bəy son illərdəki davamlı mübarizəsiylə bu haqqı əldə etmiş və Qərb dairələrində də kifayət qədər populyar olan siyasətçidir. Ancaq bu illərdə onun üzərinə o qədər basqılar, təhqirlər olub ki, inanmıram ki, Qərb bu mərəhələ üçün onun önə verilməsində maraqlı olsun. Əksinə, mənim təxminlərimə görə, Qərb Əli Kərimli ilə Rəsul Quliyevin ittifaqına daha çox maraq göstərəcək. Hətta bu ittifaqa Eldar Namazovun rəhbərlik etdiyi ziyalılar qrupunun da qoşulması mümkün variantlardandır. Məncə, belə bir koalisiya yaranarsa, bu, sürətlə digər siyasi və ictimai təşkilatların da bir çətir altında toparlanmasını təmin etmiş olacaq və müxalifət 2013-cü ilin prezident seçkilərinə daha mobil qüvvə halında qatılmış olacaq.