Rəsul Quliyev: ?Mən müxalifətə kömək etmək istəyirəm?

img

25-04-2011 [12:08]


ABŞ-da yaşayan eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğluna məktub göndərib. Məktubu olduğu kimi təqdim edirik. ?Hörmətli Rauf Arifoğlu. İlk növbədə qeyd etmək istəyirəm ki, mən həm sizə və həm də redaktoru olduğunuz qəzetə kifayət qədər hörmətlə yanaşan insanlardan biriyəm. Sizin Azərbaycanda demokratiyanın bərpası üçün gördüyünüz işləri qiymətləndirməmək ədalətsizlik olardı. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən müxalif fikirlərin daşıyıcıları olan jurnalistlərə həmişə rəğbətlə yanaşmışam. 1993-1994-cü illərdə qəzetlərdə məqalələr senzura edilib yarı ağ, ya qara çıxanda yeganə mənim barəmdə yazılmış tənqidi məqalələri senzura etməyi cənab İldrımzadəyə qadağan etmişdim və o, məqalələr ancaq qara rənglə çıxırdı. Müxalifətdən olan müxbirlərin hər biri parlamentin işində sərbəst iştirak etmək hüququna malik idi və sifarişlə ancaq bir dəfə kiminsə akkreditasiyası alınmışdı, yarım saat ərzində yenidən bərpa elətdirdim. Ona görə çıxan məqaləyə görə reaksiyam sizin təbirlə qeyri-adekvat olmasının səbəbini başqa şeydə axtarmaq lazımdır. Mənim fikrimcə, istənilən variantda xalqa real olmayan ümidin verilməsi təhlükəlidir, xalqı hüquqları uğrunda mübarizədən çəkindirir, gözləmə mövqeyini gücləndirir. Fikrimcə demokratiya uğrunda mübarizə ilə əlaqədar fundamental yazılar yazmaq lazımdır, ancaq nəticə çıxartmağı camaatın ixtiyarına vermək lazımdır. Jurnalistika tarixində son yüz ildə tanınmış jurnalistlərin hamısı güclü təhlilə malik fundamental yazılar yazanlardır və onların heç biri nəticə çıxardıb onları camaata qəbul etdirməyə cəhd etməyiblər. Məsələn, Əfqanıstan müharibəsinin faciələrindən bəhs edən yazıda müharibənin orada davam etdirilib etdirilməsi qərarının qəbulu camaatın ixtiyarına verilir. Mənim barəmdə sizin qəzetdə əsasən obyektivlikdən uzaq kifayət qədər yazılar gedib, heç birinə heç vaxt nə emosional, nə də passiv reaksiya vermişəm. Sadəcə olaraq bu məqaləyə reaksiyanın səbəbini düşünürəm ki, izah edə bildim. Hörmətli Rauf müəllim sizi inandırıram ki, bir çoxlarından fərqli olaraq mən öz çəkimin Azərbaycanda nədən ibarət olduğunu bilirəm. Yaxşı olar ki, ümumiyyətlə çəkisi olmayanlara köməklik göstərəsiniz. İnternet və kompüterdən istifadəyə gəldikdə, nəzərinizə çatdırmaq istəyirəm bu işlə Azərbaycanda ilk dəfə mən məşğul olmuşam və ilk kompüterlər 1990-ci ildə mənim sifarişimlə Azərbaycana daxil olub, ilk sənaye obyektlərinin kompüter proqramı ilə layihələndirilməsi də mənim başçılığımla olub. Bütün yazılarımı da kompüterdə özüm yazıram, heç kimə sifariş etmirəm, özüm ingilis dilinə çevirirəm, gündə yüzlərlə adamla internet yazışmalarım olur. 7 ildir ki mənim (kimin sizə ötürdüyünü bilirəm) bir şəkilimi qəzetinizdə verirsiniz. O şəkildə mən cavan görsənirəm. Əgər o poza xoşunuza gəlmirsə indiki yaşıma uyğun olan başqasını göndərim. Hərdən müxalifət liderləri ilə əlaqədar kəskin fikirlərimi bildirirəm. Bunların hamısı müxalifətin əleyhinə siyasət kimi qəbul edilir. Əslində mən onlara kömək etmək istəyirəm, düşdükləri dərənin dibindən çıxmaq üçün başqa yollar axtarmağın lazımlığını qeyd edirəm. Əgər kimlərsə düşünürsə ki, onlar dərənin dibində yox dağın başındadır, Allah xatirinə olsunlar və arzu edərdim ki, ancaq seyr etməklə məşğul olsunlar. Hörmətli Rauf müəllim sizin qəzetin mənimlə əlaqədar yazılarına görə nə əqidəmdən, nə də sizə və kollektivinizə olan hörmətimdən dönən deyiləm. Hörmətlə Rəsul Quliyev?. ?musavat.com?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA