"Beynəlxalq güclər Azərbaycana qarzı sanksiyalar tətbiq etməyə bazlayacaq"

img

24-04-2011 [05:46]


[b]Eldar Namazov: "Əgər hansısa bir ölkədə hakimiyyət öz xalqına qarşı zor işlədirsə, var-dövlətini talan edirsə, xalqın seçidiyi deputatları parlamentə buraxmırsa, dünya ictimaiyyəti buna göz yummayacaq" [/b] Son bir həftə ərzində ölkədə qeyri-müəyyənlik yaranıb. Bir qism siyasi aktivliyin səngidiyini, başqa bir qism isə daha aktiv mərhələnin başlayacağını iddia edirlər. Baş verənlərin Azərbaycanın daxilindən yox, Qərbin iradəsi ilə başlayan proses olduğunu iddia edənlər daha ciddi dəyişikliklərin olacağını proqnozlaşdırırlar. Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazov da ciddi dəyişikliklərin astanasında olduğumuzu deyir: - Bu gün ölkədə vəziyyət kifayət qədər mürəkkəbdir. Azərbaycanda çox böyük narazılığın olması sirr deyil. İnsanları sosial-iqtisadi durum, pensiyaların, maaşların aşağı olması, işsizlik, qiymətlərin həddən artıq yüksək olması, məmurların özbaşınalığı, insan haqlarının pozulması və digər problemlər çox ciddi narahat edir. Bunun üstünə siyasi azadlıqlarla bağlı məsələ də əlavə olunur. Seçkilər saxtalaşdırılır, siyasi rəqiblərə qarşı çox sərt addımlar atılır, siyasi partiyalara, gənc fəallara və digər etiraz edən şəxslərə qarşı təzyiq və repressiv siyasət aparılır. Narazılığın çox böyük olduğunu fakt kimi qəbul etməliyik, bunun da çox ciddi əsasları və səbəbləri olduğunu anlamalıyıq. Eyni zamanda, cəmiyyətdə bir inamsızlıq sindromu da yaranıb. Bu inamsızlıq sindromu həm dövlət institutlarına, həm məhkəmələrə, həm də seçkiyə aiddir. İnsanlar inanmırlar ki, məhkəməyə gedib öz haqlarını təmin edə bilərlər. Seçki institutuna da inanmırlar. Çünki öz istədikləri adama səs verib seçə bilmirlər. Bu inamsızlıq sindromu siyasətlə məşğul olan qurumlara da şamil olunur. - Axı, həmin siyasi təşkilatlar da xalqın narazılığını ifadə edir? - Bəli, bir çox hallarda etiraz edən siyasi təşkilatların çağırışlarına yüzlərlə adamlar səs verir, amma narazıların sayı yüzlərlə deyil, milyonlarladır. Belə bir şəraitdə vəziyyətin birmənalı şəkildə necə olduğunu demək çətindir. Ancaq dəqiq demək olar ki, Azərbaycanda çox böyük narazılıq mövcuddur. İnsanlar həm sosial-iqtisadi durumdan, həm insan hüquq və azadlıqlarının təmin olunmamasından narazıdırlar. Hələlik hakimiyyət tərəfindən bu narazılığı aradan qaldıra biləcək addımlar, köklü islahatlar aparılmır. Belə bir vəziyyətdə təbii ki, cəmiyyətdən tərpənmələr olacaq. Xüsusən də ərəb ölkələrində baş verən hidisələrdən sonra müəyyən bir gözləntilər var ki, Azərbaycanda da indiki vəziyyət hansısa sosial partlayışa, yaxud siyasi böhrana gətirib çıxara bilər. - Bu sosial partlayış, yaxud siyasi böhran hansı qüvvənin təsiri ilə reallaşa bilər? - Belə bir sosail partlayış, siyasi böhran hansısa fərdlərin, partiyaların, ya da blokların qərarı ilə ola bilməz. Bu, cəmiyyətin içərisində qaynayan bir buxardır ki, onun nə zaman açılacağını, nə zaman özünü büruzə verəcəyini hansısa qurumun qərarı ilə müəyyənləşdirmək mümkün deyil. Ona görə də, hesab edirəm ki, hazırda Azərbaycanda mürəkkəb bir proses hökm sürür. Necə ki, SSRİ-nin dağılmasını, Gürcüstandakı məxməri inqilabı, Ukraynadakı narıncı inqilabı, Tunis və Misir hadisələrini bir ay əvvəldən proqnozlaşdırmaq çətin idisə, eyni sözləri Azərbaycanda gedən vəziyyətlə bağlı da demək olar. - O fikirlər də səslənir ki, ərəb dünyasında baş verən hadisələr Amerikanın, Qərbin iradəsi ilə reallaşıb. Bu mənada Qərbin Azərbaycanla bağlı hər hansı bir planı varmı, yaxud belə plan varsa, nədən ibarətdir? - Mən əminəm ki, ərəb dünyasında baş verən hadisələr kənarda cızılan hansısa planın tərkib hissəsi deyil. Cəmiyyətin özündə narazılıq olmasa, insanlar özləri etiraz etmək üçün meydanlara çıxmaq qərarına gəlməsələr, Vaşinqtonda, yaxud Brüsseldə hansısa kabinetdə belə bir planı cızmaq mümkünsüzdür. Ancaq beynəlxalq ictimaiyyət, o cümlədən Qərb ölkələri bu proseslərə təbii ki, müdaxilə etməyə çalışırlar. Əgər söhbət demokratiya, insan haqları uğrunda mübarizədən gedirsə, onlar həmin prosesə dəstək verirlər. Bu mənada onların bəzi addımlarını kimlərsə düşünülmüş, əvvəlcədən planlaşdırılmış bir iş kimi qəbul edirlər. Amma mən əminəm ki, həqiqət tamam başqa cürdür. Hər bir xalq - fərqi yoxdur, xristiandır, yaxud müsəlmandır, - istəyir ki, onun yaşadığı dövlətdə haqq-ədalət hökm sürsün və yaxşı inkişaf olsun. Bu iki amili təmin edən demokratik sistemdir, bütün dünya təcrübəsi də bunu göstərir. Ona görə də, 50 il əvvəl, 50 il gec, bütün xalqlar bu yolu seçirlər ki, inkişaf, sabitlik, haqq-ədalətin təmin olunması üçün gərək azad seçkilər, söz azadlığı, müstəqil məhkəmə olsun. Bu, Azərbaycan üçün də qaçılmazdır. Bu bir faktdır ki, Azərbaycanın da gələcəyi demokratiya yoludur. Bu yola qədəm qoymayan Rusiyanın da, Qazaxıstanın da, Özbəkistanın da seçimi demokratik sistem olacaq. - Deyirsiniz ki, Qərb ölkələri demokratiya uğrunda mübarizə aparanların yanında olub. İllərdir ki, Azərbaycanda da demokratiya uğrunda mübarizə aparılır, bəs bu günə kimi Qərb ölkələri hardadırlar, niyə dəstək vermirlər? - Gəlin, öncə bir vacib məsələni aydınlaşdıraq. Qərb heç vaxt gəlib hansısa xalqın əvəzinə demokratiyanı bərqərar eləmir. Ərəb dünyasında da, Tunisdə də, Misirdə də ilkin mərhələdə Qərb də çaş-baş qalmışdı. Onlar belə bir etirazın bu şəkildə tez başlanmasını gözləmirdilər. Ancaq hansı ölkədə vətəndaşlar fəal olurlar, öz hüquqları uğrunda mübarizə aparırlar, beynəlxalq ictimaiyyət də həmişə onlara daha böyük dəstək verir. Yəni, onlarda yazılmamış qəribə bir qanun var ki, zorən heç kimi demokratiyaya gətirmək mümkün deyil, gərək cəmiyyətin özü buna hazır olsun. Burda bir vacib məqam da var, artıq 70-ci illərdən bəri beynəlxalq hüquq normalarında belə bir fikir əsas götürülür ki, insan haqları heç bir ölkənin daxili işi deyil. Əgər hansısa bir ölkədə hakimiyyət öz xalqına qarşı zor işlədirsə, var-dövlətini talan edirsə, xalqın seçidiyi deputatları parlamentə buraxmırsa, beynəlxalq hüquq tələb edir ki, dünya ictimaiyyəti buna göz yummalı deyil. Bunu nə daxili işlərə müdaxilə kimi, nə də Vaşinqtonda, Brüsseldə cızılmış məxfi plan kimi qəbul etmək lazımdır. - Mənim də dediyim odur ki, sadaladığınız qanunsuzluqların hamısı Azərbaycanda baş verir, amma həmin o ədalətli Qərb susur və bu ədalətsizliklərə "dur" demir... - Bax, o fikirlə razı deyiləm ki, bu ədalətsizliklərə "dur" deyilmir. Dəfələrlə bu kimi qanunsuzluqlara "dur" deyilib. Azərbaycanda keçirilən heç bir seçki beynəlxalq ictimaiyyət tərəfindən ədalətli və şəffaf seçki kimi qəbul edilməyib. Bir neçə dəfə Avropa Şurasında Azərbaycanın səsvermə hüququndan məhrum edilməsi məsələsi müzakirə olunub. Hansı beynəlxalq hesabatlar olursa, orda Azərbaycanda yaranmış vəziyyət çox açıq şəkildə öz əksini tapır. Artıq Azərbaycan rəsmiləri az qala, bütün dünyaya diplomatik müharibə elan edirlər. Son aylar Avropa Birliyinin də Azərbaycanla bağlı bəyanatları onu göstərir ki, heç kim Azərbaycanda yaranmış vəziyyətə göz yummur. Söhbət başqa məsələdən gedir, beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətinə açıq deyir ki, ölkədə insan haqları pozulur, jurnalistlər həbs olunur, korrupsiya baş alıb gedir, bu vəziyyəti düzəltməlisən. Ancaq eyni zamanda bu tənqidlərdən, təkliflərdən, diplomatik mesajlardan Azərbaycan hakimiyyəti bu günə kimi heç bir nəticə çıxarmayıb. - Sizcə, proses bu şəkildə davam edəcək, yoxsa Qərbdən Azərbaycana hansısa formada təzyiqlər olacaq? - Beynəlxalq təcrübədən görürük ki, bu proses bir neçə mərhələdə baş verir. Əvvəlcə tənqid olur, eyni zamanda yardım və köməklik də edilir. Beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyəti ilə bu on il ərzində yəqin ki, yüzlərlə layihələr həyata keçirib. Bu mərhələdə heç nə alınmayanda, artıq ikinci mərhələ başlayır. Bu da sanksiya mərhələsidir. Məsələn, Belarusdan tutmuş, bir sıra avtoriat ölkələrə qarşı sanksiyalar qəbul olunub. İndi belə fikirlər səslənir ki, beynəlxalq güclər Azərbaycana qarşı da sankisiyalar təqbiq etməyə başlayacaq. Azərbaycanın vəziyyətini qiymətləndirsək, demək olar, o, hardasa birinci mərhələnin sonundadır ki, bütün tənqidlər, təkliflər, yardımlar, heç bir nəticə verməyib. Artıq ikinci mərhələyə keçmək haqqında beynəlxalq ictimaiyyətdə çox ciddi müzakirələr gedir. Əgər mövcud siyasət dəyişməsə, beynəlxalq güclər Azərbaycana qarşı sanksiyalar təqbiq etməyə başlayacaq. - Eldar müəllim, hakimiyyət bir müddət əvvələ kimi vəziyyəti daha da sərtləşdirmək yolunu tutsa da, son bir ay ərzində yumşalma tendensiyası sezilir. Hətta hakimiyyətin addımlarında müəyyən narahatlıq da hiss olunur. Bu barədə nə düşünürsünüz? - Sözsüz ki, hakimiyyətdə belə bir narahatlıq açıq sezilir. Son aylar atılan adımlar da həmin narahatlıqla bağlıdır. Korrupsiyaya qarşı mübarizənin elan edilməsi, maaşların və pensiyaların aşağı olması ilə bağlı etiraflar, bununla bağlı tədbirlər görüləcəyi barədə mesajlar və s. o narahatlığın göstəricisidir. Mən güman edirəm ki, Azərbaycan hakimiyyəti Tunis və Misir modellərini görüb, əmin idilər ki, onların da hələ qabaqda 20-30 il vaxtları var və bu idarəetmə ilə hakimiyyətdə qalacaqlar. Ancaq o modellər artıq iflasa uğrayandan sonra hakimiyyətdə də bir çoxları başa düşməyə başlayıblar ki, onların da iqtidarlarının sonu çatıb. Bu mənada mən hakimiyyətdəkilərin narahatlıqlarını anlayıram. Heç kəs istəməz ki, Azərbaycanda sosial partlayışlar, siyasi böhranlar olsun. Bunun qarşısının alınmasının bircə yolu var. Daxili siyasəti yenidən qurmaq, korrupsiyaya qarşı real mübarizə aparmaq, insan haqlarını tanımaq, müxalifətlə sivil dialoqa girib normal münasibətlər yaratmaq, şəffaf seçkilər keçirmək bunun yeganə yoludur. Yəni, demokratiya yolu ilə gedən ölkələrdə demək olar ki, sosial partlayışlar, siyasi böhranlar ya ümumiyyətlə olmur, ya da nadir hallarda baş verir. Amma avtoritar rejimlər belə sarsıntılar keçirməyə məhkumdurlar. - Yəni, hakimiyyət köklü islahatlar aparmasa, ciddi təlatümlər yaşana bilər... - Azərbaycan nə qədər tez real demokratiya yoluna keçsə, biz bir o qədər tez ağrılı və təhlükəli məqamlardan sığortalana bilərik. Bir məsələni də nəzərə almaq lazımdır ki, digər ölkələrdən fərqli olaraq, Azərbaycan çox mürəkkəb geopolitik regionda yerləşir. Ətrafımıza baxın, bir tərəfdən Rusiya, bir tərəfdən İran, digər tərəfdən Enmənistan. Bunların hamısı Azərbaycanda demokratik sistemin qurulmasında maraqlı olmayan ölkələrdir. Belə bir təhlükəli geopolitik regionda təbii ki, avtoritarizmdən demokratiyaya keçidi mümkün qədər yumşaq etmək lazımdır. Elə etmək lazımdır ki, Azərbaycanın müstəqilliyinə xor baxan ölkələr bu qarşıdurmadan istifadə edib aranı qarışdırmasınlar. Ona görə də, hamımız istəyərdik ki, demokratiyaya keçid düşünülmüş, ictimai konsensus əsasında olsun. Ancaq burada da əsas məsuliyyət hakimiyyətin üzərinə düşür. - Amma son dövrlər hakimiyyətin siyasi opponentlərinə göstərdiyi münasibət, gənclərin həbsi vəziyyətin mənfi yöndə inkişaf edəcəyini göstərir. - Hələlik müsbət addımları mən də görmürəm. Hakimiyyətin daxilində belə bir fikir formalaşıb ki, onlar hansısa məsələdə güzəştə getsələr, geri çəkilsələr, siyasətlərində dəyişiklik etsələr, bu, cəmiyyət tərəfindən zəiflik kimi qəbul olunar. Amma bu, çox yanlış yanaşmadır. Belə bir yanaşma ilə ölkənin heç bir problemini həll etmək olmaz. Bu günlərdə mən və Ziyalılar Forumunun Koordinasiya Şurasının digər üzvü Cəmil Həsənli Gəncədə olduq, Bəxtiyar Hacıyevin məhkəməsində iştirak elədik. Təsəvvür edin, çox istedadlı bir Azərbaycan gəncini, dünyanın ən böyük universitetinin məzununu, ən mötəbər təşkilatlarda parlaq çıxışları ilə tanınan adamı hansısa qondarma ittihamlarla məhkəməyə cəlb edib, haqqında hökm çıxarmaq istəyirlər. Belə yanaşma ilə Azərbaycan gəncliyi necə inkişaf edəcək? Deməli, Azərbaycana təzə komsomol lazımdır və hər şeyə "baş üstə" deyən, yaltaqlananlardan başqa gənclər lazım deyil? Bu yanaşma kökündən yanlışdır. Ona görə də, hakimiyyət vəziyyətin daha da kritikləşməsini istəmirsə, bu siyasətinə son qoymalıdır!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA