BAXCP iqtidarı həbsləri dayandırmağa çağırdı

img

11-04-2011 [06:07]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Ölkədəki ictimai-siyasi vəziyyəti müzakirəsi zamanı qeyd olunub ki, ərəb ölkələrindəki qanlı inqilablardan ruhlanan bəzi barışmaz müxalifət partiyaları Azərbaycandakı real vəziyyəti nəzərə almadan, xarici ölkələrin də təhriki ilə qarşıdurmalara səbəb ola biləcək icazəsiz aksiyalar keçirməkdə qərarlı görünürlər: "BAXCP ölkə ictimaiyyətinə bildirir ki, xarici ölkələrin məqsədi heç də iddia olunduğu kimi qanunun aliliyinə söykənən azad cəmiyyət quruculuğu deyil. Erməni diasporu qarşısında öhdəlik götürmüş bəzi superdövlət başçıları Azərbaycan hökumətini daxili sabitliyi pozmaqla təhdid edərək Qarabağın statusunu müəyyənləşdirəcək, ölkə Konstitusiyasına zidd olaraq Dağlıq Qarabağda referendum keçirilməsinə, o cümlədən Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına mane olmamağa razı salmaq niyyəti güdürlər. BAXCP əminliklə bəyan edir ki, xarici güclər bu istəklərinə nail olarlarsa, yaxın keçmişdə olduğu kimi özləri hakimiyyəti daha qətiyyətli olmağa və insanları küçələrdən yığışdırmağa çağıracaqlar. BAXCP bəyan edir ki, hüquqlardan istifadə milli maraqlara təhlükə yaradırsa ondan çəkinmək lazımdır. Partiya iqtidarı həbsləri dayandırmağa, ölkədə siyasi sistemin gücləndirilməsi üçün siyasi partiyaların rolunun artırılması istiqamətində islahatlar həyata keçirməyə çağırır. BAXCP İdarə Heyətində müzakirə olunan digər məsələ, ABŞ-da "Qurani-Kərim"in yandırılması ilə bağlı olub. Bununla bağlı qəbul olunan bəyanatda deyilir: "BAXCP ABŞ-da "Quran"ın yandırılmasını lənətləyən islam təəssübkeşlərini eyni qətiyyətlə Əfqanıstanda özlərini "islamçı" adlandıran qatillər tərəfindən "Quran"ın yandırılmasına görə, bu əməldə heç bir iştirakı olmayan, hətta "Quran"ı yandıranlarla eyni dini mənsubiyyəti bölüşməyən günahsız BMT nümayəndələrinin başının vəhşicəsinə kəsilməsini də lənətləməyə çağırır. Yalnız bu yolla biz islama və özümüzə münasibəti sivil dünyada dəyişə bilərik. Əks halda bizim etirazlarımız haqlı olaraq qıcıq doğuracaq və dünyada islamofobiyanı daha da gücləndirəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA