Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR

img

04-02-2026 [09:59]


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5 %-ə endirilməsi barədə qərar qəbul edib.

Mia.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 5,75 %-dən 5,5 %-ə, yuxarı həddi isə 7,75 %-dən 7,5 %-ə endirilib:

""Faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi şəraitdə müşahidə olunan əsas meyillər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü əsas götürülüb.

Ötən iclasdan bəri inflyasiya riskləri balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Qlobal miqyasda geosiyasi gərginliklərin davam etməsi, iqtisadi fraqmentasiya meyillərinin güclənməsi və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu riskin reallaşması ticarət tərəfdaşlarında inflyasiyanın dinamikası, qlobal əmtəə qiymətlərinin istiqaməti, eləcə də nominal effektiv məzənnənin dəyişkənliyi kimi faktorlardan asılı olacaq. 2026-cı ildə başlıca daxili risk faktoru isə daxili xərc amillərinin gözləniləndən çox reallaşması ola bilər.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcək. AMB bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək".

Bundan başqa, Mərkəzi Bank yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4 % olacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA