BAXCP yenidən Müdafiə Nazirliyini hədəfə götürüb

img

28-03-2011 [02:32]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ ayrı-ayrı bayramlarda qeyri-iş günlərinin bir neçə gün davam etməsi və bunun ölkə həyatının müxtəlif sahələrində durğunluq yaratması ilə bağlı olub. Qeyd olunub ki, az qala ikinci məzuniyyət xarakteri daşıyan bayram tətilləri bir çox hallarda əhalinin böyük əksəriyyətinin narahatlığına səbəb olur: "BAXCP hesab edir ki, Azərbaycanda istisnasız olaraq, bütün dövlət bayramlarında yalnız bir gün qeyri-iş günü elan olunmalı, insanların peşə vərdişlərinə, dövlət və qeyri-dövlət qurumlarının, həmçinin vətəndaşların işgüzar həyatına neqativ təsir göstərən uzunmüddətli tətil ənənəsinə son qoyulmalıdır". BAXCP İdarə Heyətinin müzakirə etdiyi digər məsələ ermənilərin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olan Elnur Məmmədovla bağlı olub. Müdafiə Hazirliyinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhid Mübariz Məmmədovun oğluna - atası ilə eyni taleyi paylaşan şəhid Elnur Məmmədova və onun ailəsinə ölkəmizin adına utanc gətirən münasibəti BAXCP İdarə Heyətini hiddətləndirib. BAXCP hesab edir ki, şəhidin cənazəsinin onun ailəsinə onun doğulduğu evdə deyil, küçədə təhvil verilməsi, məzar yerinin şəhid ailəsinə pulla satılması mənəvi-əxlaqi deqrodasiyanın, səriştəsizliyin, etinasızlığın son həddidir: "Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunmasından 20 il keçməsinə baxmayaraq, hələ də şəhid hərbçilərimizin dəfnini təşkil etməyi öyrənə bilməyən Müdafiə Nazirliyi yetkililərinin torpaqlarımızın işğaldan azad olunması prosesini təşkil edə biləcəyi dərin şübhə doğurur. Canını Vətən yolunda fəda edən Azərbaycan əsgərinə - şəhid oğlu şəhidə qarşı sərgilənən bu sayğısızlıq orduya rəhbərlik edən şəxslərin dövlətçilik ənənələrimizə, milli-mənəvi dəyərlərimizə olan gerçək münasibətinin göstəricisi kimi qiymətləndirilməlidir. BAXCP ölkənin siyasi rəhbərliyini Azərbaycan ordusunda baş verən bu və ya digər hadisələr haqqında ciddi düşünməyə və Müdafiə Nazirliyində köklü kadr islahatları aparmağa çağırır". BAXCP İdarə Heyətinin iclasında ölkədə baş verən ictimai-siyasi proseslərə də münasibət bildirilib. İdarə Heyətinin bununla bağlı rəsmi açıqlamasında deyilir: "Son günlər ərəb dünyasında baş verməkdə davam edən qanlı inqilablardan ruhlanan Azərbaycandakı bəzi barışmaz siyasi qüvvələrin iqtidarla qarşıdurmaya getmək niyyəti təəssüf və narahatlıq doğurur. Beləki, qarşıdurma yaratmaq üçün kifayət qədər tərəfdar toplaya bilməyən bu qüvvələr niyyətlərini gerçəkləşdirməyin yolunu İranın öz xalqına qənim kəsilmiş dövlət orqanlarıyla əlaqələrini etiraf etmiş dini qüvvələrlə iş birliyində görürlər. BAXCP bəyan edir ki, jurnalistin döyülməsini etirazları gücləndirmək üçün təxribatçı qüvvələrin təşkil etməsi ehtimalı istisna olunmadığı kimi, qarşıdurma zamanı bəzi ölkələrdə rast gəlinən naməlum qüvvələr tərəfindən etirazçılara atəş açıla bilməsi ehtimalı da istisna olunmamalıdır. BAXCP bütün siyasi qüvvələri və ölkə vətəndaşlarını nəticələrinin proqnozlaşdırılması mümkün olmayan qarşıdurmadan çəkinməyə, ölkədə dini-ekstremist qüvvələrə meydan verməməyə çağırır. BAXCP iqtidarı siyasi islahatların tərkib hissəsi kimi partiyaların siyasi həyatdakı rolunun artırılması istiqamətində addımlar atmağa, sərbəst toplaşmaq hüququnun təmin olunması üçün müvafiq yer ayırmağa, parlament müxalifətinin yazılı müraciətinə cavab verməyə çağırır. BAXCP hüquq-mühafizə orqanlarından jurnalist Seymur Həziyevlə bağlı olaya qısa müddətdə aydınlıq gətirilməsi üçün təcili tədbirlər görməyi tələb edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA