ictimai Palatanın iclasında gərginlik(yenilənib)

img

24-03-2011 [02:04]


[b]"İctimai Palatanın Koordinasiya Şurası Agentura şəbəkəsidir"[/b] Bu gün ADP-nin mərkəzi qərargahında İctimai Palatanın 3-cü sessiyası keçirilib. Tədbirdən öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə sessiyaya fəaliyyətə başlayıb. Sessiyada İctimai Palatanın Koordinasiya Şurası tərəfindən üç əsas məsələ ? yeni üzvlərin İctimai Palatanın sıralarına daxil olması, 2 aprel tarixinə təyin olunan mitinqlə bağlı hazırlıq işlərinin vəziyyəti və nəhayət mitinqin qətnaməsinin hazırlanması müzakirə edilib. Fəqət, İctimai Palatanın bu iclası da öncəki toplantılar kimi kifayət qədər ciddi fikir ayrılıqları və kəskin söz atışmaları ilə müşahidə edilib. Gündəliyə daxil edilən məsələlərin müzakirəsinə başlanmazdan öncə iştirakçıların toplantıda müzakirə edilməsini arzuladıqları təkliflərin dinlənilməsi həyata keçirilib. Son vaxtlar ölkə mətbuatında İctimai Palatanı gözdən salan məqalələrin sayının kəskin surətdə çoxalması, o cümlədən İctimai Palataya üzv olan mətbuat orqanlarının Palatanın fəaliyyətini yetərincə işıqlandırmaması tənqid edilib. Lakin İctimai Palatanın iclasına damğa vuran ən gözlənilməz addım yazıçı-publisist Xaliq Bahadırdan gəlib. Nöqsan və problemlərlə bağlı təkliflərin səsləndirildiyi bir zaman tribunaya qalxan X.Bahadır Koordinasiya Şurasını xalqın maraqlarını satmaqda ittiham edib. Hazırkı hadisələr fonunda 1989-cu il olaylarının təkrar edildiyini vurğulayan X.Bahadır agentura şəbəkəsi rolunu oynayan Koordinasiya Şurasının dərhal buraxılmalı olduğunu vurğulayıb. X.Bahadırın sözlərinə görə, Koordinasiya Şurasında təmsil olunmaqlarına baxmayaraq, öz şəxsi maraqlarının keşiyində dayanan Şura üzvlərinin hamısı tutduqları vəzifədən azad edilməli və təkrar, gizli səsvermə yoli ilə Koordinasiya Şurasına yeni üzvlər seçilməlidir: ?Bu gün Azərbaycanda 1989-cu ildə baş verən olaylar təkrarlanmaqdadır. 1989-cu ilin mayındakı mitinqlər zamanı Mərkəzi Komitədə görüşə dəvət aldıq və mən ora gedənə kimi 5-6 nəfər qaçıb həmin görüşə getdi. Məni tanıyan adamlar bu hadisədən sonra bildirdilər ki, xalq sənin təmizliyinə inanır və ona görə də bu görüşə sən getməlisən. Mən görüşə getdim və alverin şıdırğı yerinə çatdım. Gördüm ki, sözdə xalqın taleyini həll edənlərdən biri ev yoxluğundan, digəri iş yoxluğundan, bir başqası isə özgə çətinliyindən şikayətlənir. Dedim ki, mitinqlərin təşkil edilməsində ən çox yaxından iştirak edən mənəm və danışıqlar da mənimlə aparılmalıdır. Məndən ?sən nə istəyirsən? soruşduqda isə bildirdim ki, şəxsimə heç nə istımir, sadəcə xalqın tələblərinin yerinə yetirilməsini istəyirəm. Bu gün mən eyni hadisələrin baş verdiyini müşahidə edirəm. Ona görə də hesab edirəm ki, Koordinasiya Şurası adı altında formalaşan agentura şəbəkəsi buraxılmalı və demokratik prinsiplərə uyğun olaraq gizli səsvermə yolu ilə yeni üzvlər seçilməlidir?. AXP lideri Pənah Hüseyn X.Bahadırı İP üzvlərinə qarşı qərəzli ittihamlar səsləndirməyə son qoymağa çağırıb. Bundan sonra iclasda mübahisə yaranıb. Sessiyanın sədarətinin müdaxiləsindən sonra mübahisə dayanıb. Sonra gündəlikdə yer alan məsələlərin müzakirəsinə başlanılıb. Əvvəlcə İP-ə üzv olmaq üçün edilən 100-ə yaxın müraciətə baxılıb və müvafiq qərar verilib. Mitinqlə bağlı isə İP-in qərarında bildirilib ki, aprelin 2-də saat 12.00-da Nərimanov kinoteatrının qarşısında mitinqin keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilsin. Müraciətə mənfi cavab verilərsə, paytaxt meriyası ilə razılaşdırılmamış mitinq şəhərin mərkəzində - Fəvvarələr Meydanında keçirilsin. İclasda qurumun regional şöbələrinin yaradılması məsələsi də müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA