10-12-2010 [02:52]
Onu son illər Azərbaycan futbol məşqçiliyinin Ən uğurlu simalarından hesab etmək olar. "Gəncə"dəki nailiyyətlərdən sonra millinin başına gətirilən gənc mütəxəssis hələ də oyun sayı və qazandığı xallara görə İqor Ponomoryovla ilk sıraları bölüşdürür. Bu günlərdə "Terek"lə yollarını ayıran 44 yaşlı çalışdırıcıyla-Şahin Diniyevlə redaksiyamızda görüşüb söhbətləşmək qərarına gəldik. Vaxtının az olmasına rəğmən razılıq verdi və elə bu söhbətimizdə indiyə kimi heç yerdə danışmadıqlarını bizimlə paylaşdı. Biz də müəyyən mənada onunla həmsöhbət olmağa çalışdıq.
"Millinin nəticələrinin zəifliyi də bununla bağlıdır"
- Şahin müəllim, əvvəlcə "Terek" komandasından istefanıza aydınlıq gətirərdiniz. Qərarınız nəylə bağlı oldu?
- Mən istefa verməmişəm. Müqavilən başa çatmazdan öncə komandadan ayrılırsansa, bu istefa sayılır. İki ildən artıq vətənimdən və ailəmdən kənarda idim. Ev problemləri, övladlarımın keçid dövrünü yaşaması məni bu addımı atmağa vadar elədi. Həm də artıq Rusiyada çempionat başa çatıb.
- Fikrinizcə, burda olmadığınız müddətdə Azərbaycan futbolunda hansı dəyişikliklər var?
- Doğrusu, tam olaraq futbolumuzun içində deyiləm. Çünki vətənə gələndə də bu 2-3 gün müddətinə olurdu və vaxt tapa bilmirdim. Milli komandanın Avstriya və Almaniyaya qarşı keçirdiyi oyunları və bu yaxınlarda yerli çempionatdakı bəzi qarşılaşmaları televiziyadan izləmişəm. Desəm ki, böyük dəyişiklik var, yalan olar. Komandaların yerində saymalarını söyləməyim də doğru olmazdı. Ümumən, hansısa irəliləyiş olsa da, böyük dönüşdən söhbət gedə bilməz. Fikrimcə, legionerlərin çoxluğu başlıca problemdir. Millinin nəticələrinin zəifliyi də bununla bağlıdır.
- Adətən əcnəbi məşqçilər öz ölkələrindən çalışdıqları klublara futbolçular dəvət edirlər. Hətta klubun futbol akademiyasının rəhbəri oldunuz. Siz nədən bunu etmədiniz? Səviyyə uyğun gəlmirdi, yoxsa, rəhbərliyin qərarı beləydi?
- Bu gün Rusiya premyer-liqası Avropanın altıncı ən güclü birinciliyi sayılır. Orada güclü futbolçulara ehtiyac var. Azərbaycanda tək-tük futbolçular liderlik xarakterinə malikdirlər. O baxımdan "Terək"ə elə bir futbolçu lazım idi ki, ordakılardan artıq olsun. Rusiyada legioner limiti 6 olduğundan əcnəbilərdən daha çox tələb olunur.
"Bu fikirlər sadəcə, jurnalistlərin, telekanalların təxəyyülünün məhsuludur"
- Hazırda ən güclü hesab olunan komandalarımız Rusiya çempionatında oynasalar, hansı nəticəyə ümid edə bilərlər? Yəni bu ölkədə mükafatçılar sırasına düşmək mümkün olar?
- Bilirsiniz, hansısa klubu hansısa çempionatın komandasına qarşı qoymaq qıcıqlandırıcı məsələdir. Yenə deyirəm ki, səviyyə fərqi böyük olduğundan müqayisə etmək istəməzdim.
- Gəldiyiniz ilk günlərdə "Qarabağ" klubuyla anlaşmağınız barədə məlumatlar yayıldı. Hətta bu ərəfədə Qurban Qurbanova olan basqıları nəzərə alanda, xeyli inandırıcı da görünürdü. Doğrudanmı, bu klubdan təklif almısınız?
- Bu fikirlər sadəcə, jurnalistlərin, telekanalların təxəyyülünün məhsuludur . Fakt budur ki, "Qarabağ"ın öz baş məşqçisi var. Məşqçi o yerə göz dikə bilər ki, ora vakant olsun. Mən yerli məşqçilərə uğurlar arzu edirəm. Heç vaxt həmkarımın yerinə göz dikmərəm.
- Təklif olacağı halda komandanın hədəfinin nədən ibarət olmasına varacaqsınızmı? Yəni qəbul edəcəyiniz komandanın hədəfi sizi maraqlandırırmı? Bir qədər də konkretləşdirsək, mükafatlara iddialı olmayan, ikinci dəstəyə düşməmək uğrunda mübarizə aparan klubu çalışdırarsınızmı?
- İnsan həmişə hansısa məqsəd uğrunda çalışmalıdır. Yaşamaq üçün mübarizə aparmaq xislətimə yaddır. İstərdim ki, böyük işlər görüm. Vaxt keçirmək, pul qazanmaq naminə işləmərəm. Ona görə də çox istərdim ki, çalışdıracağım komanda Avrokuboklara, çempionatın medallarına iddialı olsun.
"Milli komandada işləmək təklifi gəlsə, fikirləşməyə dəyər"
- Bir sıra komandalarda çalışsanız da, futbol ictimaiyyətinə, azarkeşlərə daha çox yığmadakı fəaliyyətinizlə tanındınız. Son vaxtlar Türkiyə üzərindəki qələbəni saymasaq, millinin son nəticələri ürəkaçan deyil. Yenidən milliyə dəvət olarsa, qəbul edərsinizmi?
- Bu sualın bir hissəsinə klublarla bağlı cavabımda toxundum. Ümumiyyətlə, özünə hörmət edən mütəxəssis məşqçisi olan yerə göz dikməməlidir. Yığmanın başında kimin durmasından asılı olmayaraq, hamımız çalışmalıyıq. Hörmətsizlik anlamında deyil, yığmanın məşqçisi olduğuna görə bu sualı cavabsız qoyuram. Foqtsun müqaviləsi var və ona uğurlar arzu edirəm. Ancaq hansısa yaş qruplarından ibarət milli komandada işləmək təklifi gəlsə, fikirləşməyə dəyər.
- Həm futbolçu, həm də məşqçi kimi legioner həyatı yaşamısınız. Hansı daha çətindir, yaxud asan?
- İnsanın müəyyən yaş dövrü və şəraiti var. Futbolçu kimi böyük ailəyə sahib olmursan, ailə məsuliyyəti daşımırsan, daha çox yaxşı komandalarda oynamağa can atırsan. Belədə vətənsizliyi elə də hiss etmirsən. Mənim futbolçu həyatımın 80 faizdən çoxu ölkə xaricində olub. Moldovanın "Nistru", Rusiyanın "Fakel-Voronej", "Terek" kimi klublarda oynamışam. Böyük futbola 1984-cü ildə 17 yaşında Anatoli Banişevskinin rəhbərliyi altında Mingəçevirin "Avtomobilçi" komandasında başlamışam. 14 il böyük futbolda olmuşam.
"Klub rəhbərliyi səhv addım atdığına görə, onlardan incimişdim"
- Sizcə, karyeranızın böyük hissəsinin legionerliklə bağlı olması nə ilə bağlıdır? Qismət, yoxsa, daha səviyyəli futbol sərgiləmək?
- Bəlkə də təsadüf. Çünki gəlirdilər ki, filan komandadan təklif var, oynamaq istəyirsən? Məsələn, "Terek"də oynayanda oyundan sonra məni çağırdılar ki, İsraildən dəvət var. Elə bildim ki, mənimlə zarafat edirlər və "sonra söhbət edərik" deyib uzaqlaşdım. Bilirsiniz, o vaxt xarici klublara düşmək qeyri-mümkün idi. 1989-ci ildə "Gəncə"də oynayanda da klubdan xaricə getməyim sırf təsadüf idi. O vaxt klub rəhbərliyi səhv addım atdığına görə, onlardan incimişdim. Artıq getmək istəyirdim ki, "Nistru"dan təklif gəldi və birbaşa qəbul elədim.
- Bacarığınız müəyyən rol oynasa da, belə çıxır ki, daha çox təsadüflər nəticəsində karyeranız legionerliklə zəngindir...
- Düzdür, təsadüflər də çoxdur. Amma reallıqlar da var. Yad ölkədə daha çox məsuliyyət tələb olunur. Yerli oyunçulardan iki baş üstün olmalısan, yaxşı davranmalısan, məsuliyyətli olmalısan. Çünki unutmamalısan ki, burada sən həm də öz millətini, dövlətini təmsil edirsən. Xaricdə oynayan oyunçudan daha çox mədəniyyətli olmaq tələb olunur. Bəzən mətbuat da basqılar edəndə oynamaq ikiqat çətin olur, şərtlər ağırlaşır. İnsanda böyük iradə, qüvvə lazımdır ki, mübarizə apara biləsən. Orada hər gün özünü sübut etmək məcburiyyətindəsən. Bir gün boşaldınsa, yerini başqası tutacaq.
"Həm məşqçilərimizə, həm də oyunçularımıza xaricdə "ikinci sort" kimi baxılır"
- Adətən yığmadan, onun səviyyəsindən söhbət düşəndə futbolçularımızın xaricdə oynamaq məsələsi də gündəmə gəlir. Bildirirlər ki, gənc oyunçularımız xarici klublarda oynamalıdır. Ancaq təcrübə göstərir ki, son 10 ildə elə də uğurlu legionerimiz yoxdur. Necə düşünürsünüz, bəlkə əsas səbəb onların daha tez xaricə can atmasıdır?
- Burda bir sıra nüanslar var. Ən birincisi, futbol ölkəsi deyilik. Həm məşqçilərimizə, həm də oyunçularımıza xaricdə "ikinci sort" kimi baxılır, ehtiyac yoxdur. Bu reallıqdır və incimək lazım deyil. Hollandiyadan bir elektrik gəlib məşqçi işləmək isədiyini edyəndə onun ölkəsi böyük təəssürat yaradır. Çünki Hollandiya futbol ölkəsi olduğundan gələn şəxsin kimliyinin fərqinə elə də varılmır. Rusiyada, Ukraynada məşqçilərin iş prosesini izləmişəm və inanın ki, onlardan qat-qat güclü məşqçilərimiz var. Əfsus ki, futbol ölkəsi olmamağımız həm məşqçilərin, həm də oyunçuların işini çətinə salır.
- Azərbaycandan keyfiyyətli futbolçu çıxması Braziliyada qar yağması kimi görünür...
- Belə bir şeydir təxminən. Braziliyanın hansısa çimərliyindən gətirilən insan da futbolçu kimi qəbul olunur. Sanki ölkələri onların vizit kartıdır. Braziliya və futbol təxminən eyni anlayışdır. Ancaq Azərbaycan və futbol sözləri uyğun gəlmir. Bunun üçün böyük yollar keçilməli, əziyyətlər çəkilməlidir. Burda uşaq futbol məktəblərindən tutmuş çox problem var. Futbol hər gün həm taktiki, həm fiziki baxımdan dəyişir. Bu gün meydançaların olmaması ən böyük bəla kimi qalmaqdadır. Oyunun qaydaları bütün dünyada eynidir. Amma baxır o qaydalara kim daha tez və keyfiyyətli riayət edir. Braziliyalılar da aut atır, biz də, onlar da uzun ötürmə verir biz də. Amma əsas tez və keyfiyyətli etməkdir. Keyfiyyət isə uşaq futbolundan gələn şeydir. Baxın, tanınmış klublara yeni məşqçi gələndə taktikanı fikirləşir, oyunçunun fiziki durumu onu maraqlandırmır.
- Demək fiziki durumun yüksək olması məşqçinin də işini asanlaşdırır. O artıq bunu problem kimi görmür...
- Elədir. Məşqçiyə qalan heyətin düzgün seçilməsi və əvəzetmələri yerində edilməsidir. Məşqçinin əlində bir neçə taktiki sxem olmalıdır və oyunun gedişatındakı hesaba uyğun hərəkət etməlidir. Müdafiəni qurmaq üçün bir taktika lazımdır, sürətli komandanın qarşısını almaq üçün tamam ayrı üsul. Ümumiyyətlə, klassik futbolda 3 hücum növü var. Birincisi standart vəziyyətlərdən qurulan, ikincisi isə pozisyon hücumlardır. Pozisyon hücumda topu saxlamaqla rəqibin zəif yerlərini axtarmalısan. Üçüncüsü isə bizdə əks hücum adlanır. Ancaq bunun əsl adı rəqibdən topu aldıqdan sonra tez hücuma qoşulmadır. Cəld hücum da adlandırmaq olar. Futbolçu tez qərar verməyi də bacarmalıdır.
- Son vaxtar 18-19 yaşında parlayan oyunçularımız tez də sıradan çıxırlar. Məsələn, 19 yaşında millinin əsas heyətində oynayan İlqar Qurbanov bu gün 24 yaşında özünə klub tapa bilmir. Deməli, oyunçularımızda "ulduzluq" xəstəliyi də problemdir. Çünki 24 yaş futbolçu üçün karyerasının zirvəsinə yaxınlaşmaqdır...
- Bilirsiniz, bunun günahı həm biz futbol adamlarında, həm də siz qələm əhlindədir. Dedin ki, parlamaq. Parlamaq günəşə məxsusdur və günəş də bütün ölkələrə işıq saçır. Deməli, parlayan oyunçu da ən azı Avropada tanınmalıdır. Məşqçilər deyir oyunçu belədir-elədir. Əgər bu gün 17-18 yaşlı oyunçu "Barselona", "Ayaks" kimi komandaların heyətinə düşürsə, parlamaq budur. Burda "Muğan"a, "Gəncə"yə qol vurmaqla sensasiya yaradırıq. Futbolçu elə bilir ki, hər şeyi bacarır. Parlayan oyunçu ən azı MDB-yə səs salmalıdır. Bu gün Rusiyada, Belorusiyada, Qazaxıstanda kim beş Azərbaycan futbolçusunun adını çəkə bilər? Amma kimdən soruşsan Messini tanıyacaq. Bəlkə də heç hansı millətdən olduğunu bilmir. Bax, parlamaq budur. Bilirsiniz, ən böyük səhvimiz açmamış qönçəyə gül, çiçək deməyimizdir. Bəlkə o qönçə açılanda ordan qanqal çıxacaq, yaxud çürüyüb açmayacaq.
- Fərid Quliyev milliyə qədər irəliləmişdi və bu gün "Neftçi"nin ikinci heyətinə göndərilib. Rail Məlikov bir vaxtlar sağ cinahda müdaifədə əvəzolunmaz sayılırdı. Hətta Berti Foqts onun haqqında tərifnamələr oxuyurdu. Amma bu gün o da Fəridlə eyni aqibəti yaşayır. Ancaq mənim sualım başqa məsələylə bağlıdır. Son çempionatlarda əcnəbi futbolçular bombardir olur. Bir istisna oldu - Fərid Quliyev. Onun da Anatoli Doroşu "Karvan"ın ikinci heyətinə 5 qol vurmaqla keçdiyi məlumdur. Bu il isə özbəkistanlı Bahadır Nəsimov hegemonluq etməkdədir. Səbəb nədədir?
- Səbəblər çoxdur. 17-19 yaş futbolçu üçün keçid dövrüdür. Baxın, komandalarda nə qədər legionerlər var. Yerli oyunçunun ora düşməsi mümkünsüzdür. Hansısa bir oyunçunun "artırması" üçün heyətə düşməlidir. Məsələn, Bəxtiyar Sultanov çox istedadlıdır və son vaxtlar onun adını eşitmirəm.
"Bir çox klublarımızda düzgün iş prinsipi getmir"
- Ramazan Abbasov, Elvin Məmmədov da istisna deyil...
- Razıyam. Ceyhun Sultanov çox gənc olmasa da, bu gün görünmür. Bir çox klublarımızda düzgün iş prinsipi getmir. Futbolu nəyəsə görə deyil, futbol kimi sevmək, onunla yaşamaq lazımdır. Elə bir struktur olmalıdır ki, gediləcək yolu müəyyənləşdirsin. Bir ildə 20-30 legioneri heyətə salmaqla inkişafa nail olmaq mümkün deyil. Foqtsu da qınamayaq. Baxırsan iki komanda oynayır və meydanda cəmi bir yerli oyunçu var. O kimi seçsin ordan?
- Fikrimcə, futbolumuzun daha bir problemi var-tapşırıq. Bu gün də tapşırıqla əsas heyətə düşənlərin sayı çoxdur. Azərbaycanda çalışdığınız vaxtlarda sizə hansısa zənglər olubmu ki, filankəsi əsas heyətə salın və sair...
- Bunu qəzet xətrinə demirəm. Məndə də belə şeylər olub. Demişəm bu fit, bu da sekundomer, mən işləmirəm. Məşqçi özünü göstərməyi bacarmalıdır. İlk dəqiqədən necə başladınsa, sonadək elə də gedəcək.
- Demək indi də klublarda vəziyyət belədir?
- Mən bilmirəm...
- Siz işləyən dövrlərdə var idi?
- Olub. Məsələn, Qroznıda Ramzan Kadırov mənə demişdi ki, əsas heyətdə 9 nəfər gənc çeçen futbolçu oynasın. Amma bu strategiyaya uyğun gəlməliydi. Klub 9-cu yeri tutmuşdu və udub-uduzmamaq yerimizi dəyişmədiyindən gənc çeçen oyunçuları yoxlayırdım.
- Bildiyimə görə rəhbərlik etdiyiniz "Terek" komandasında çıxış edən oğlunuz Kərim Diniyev Rusiya çempionatları tarixinə düşdü? Bu nə ilə bağlı idi?
- Kərim 15 yaşında əsas komandanın iştirak ərizəsinə salındı. Rusiya futbolunda belə bir şey olmamışdı.
- Siz klubdan ayrılandan sonra Kərimin aqibəti nə yerdə qaldı?
- O bu il ali məktəbə daxil olduğundan ölkədə oynamağa məcburdur. İndi "Neftçi"nin əvəzedici heyətində çıxış edir.
- Hər halda, Çeçenistanda və İsraildə olan əlaqələriniz Kərimin ölkədən kənarda oynamasına şərait yarada bilər...
- İndiyə kimi uşaqlarımın heç birinə görə kiməsə xahiş eləməmişəm. Özləri də bilirlər ki, etməyəcəyəm və məşqçilərini də tanımıram. Ən yaxşı halda kiməsə məsləhət görə bilərəm.
- Ortancıl oğlunuz Coşqun da sizin peşənizi davam etdirir. O harda oynayır?
- O "İnter"dədir. Keçid dövrünü yaşadığından yanlarında olmağım vacibdir.
- Mətbuata açıqlamanızda bir müddət istirahət edəcəyinizi bildirmişdiniz. Çoxmu çəkəcək istirahətiniz?
- (gülür) Mən hələlik "Terek"in üzvüyəm. Dekabrın 30-na qədər rəsmən bu klubun məşqçisiyəm. Sadəcə ötən ayın 28-də çempionat bitdi. Artıq dekabr ayı üçün məvaciblərimiz də verilib. Belə demək mümkünsə, mən rəsmən işdəyəm.
- Məvacibdən söz düşmüşkən. Bildiyimə görə, heç vaxt məvacibinizi açıqlamamısınız. Amma bu dəfə "Terek"də nə qədər məvacib aldığınızı "Ədalət"ə açıqlamağınızı istərdim.
- Bunu ilk dəfə sizə açıqlayıram. Mənim aylıq əməkhaqqım 15 min dollar idi. Ancaq oyun mükafatlarım yuxarıydı. Səfər qələbələrinə 10 min, ev qələbələrinə isə 7 min dollar qazanırdım. Üstəgəl yemək, qalmaq, telefonla bağlı da heç bir problemim yox idi.
- Azərbaycanla müqayisədə şərtlər daha üstündürmü? Çünki bizdə klublarda ikili mühasibat olduğundan oyunçuların, məşqçilərin real məvacibləri açıqlanmır...
- Əlbəttə "Terek"də olan maliyyə çox üstündür. Büdcə təxminən 50-60 milyon civarındadır.
- Amma Azərbaycanda belə büdcəyə sahib olan klub yoxdur. Nəzərə alaq ki, "Terek" Rusiyada güclülərdən deyil, ən yaxşı halda ortabablardan sayılır.
- Məsələn, Rubin dövrlərarası fasilədə təkcə transferə 53 milyon dollar xərclədi. "Zenit" təkcə Alveşə 23 milyon ödədi. Komandaların çempionatdakı yerləri onların büdcəsindən asılıdır. Çox pul güclü oyunçu deməkdir. Zenitin 3 eyni gücdə oynaya bilən heyəti var.
- Fatih Təkkə kimi oyunçu nəinki heyətə, sifariş ərizəsinə düşə bilmədi...
- Əlbəttə. Gökdəniz bir az oynaya bildi. Burada rotasiya, heyətləri dəyişmək məsələsi var. Deyək ki, hansısa klubumuz UEFA kubokun hazırlaşır. Burda klub bir heyətlə üç cəbhə uğurunda mübarizə aparır. 17-18 nəfərlik heyətlə bu turnirin yalnız birində uğur qazanmaq olar.
- Necə ki, "Qarabağ" 15-16 nəfərlik heyətlə 3 cəbhədə mübarizə apardı və bu gün 6-7 zədəli futbolçusu var. Demək heyətin genişliyi də şərtdir?
- Zenitdə Lazeviçin əvəzinə Dani, Daninin əvəzinə Alveş, Alveşin əvəzinə Anyukov oynayırdı. Komanda bütün ili eyni səviyyədə keçirir.
"Nəinki xaricdən, hətta uzaq rayonlardan gələn təkliflərə də "yox" deyəcəyəm"
- "Terek"dən ailə problemlərinə görə ayrıldığınızı nəzərə alsaq, güman etmək olar ki, xarici klublarda çalışmayacaqsınız?
- Nəinki xaricdən, hətta uzaq rayonlardan gələn təkliflərə də "yox" deyəcəyəm. Mən evə gəlmişəm. Əgər 400 kilometrlik bir yerdə işləyəcəkdimsə, burdan Qroznıya 560 kilometrdir. Orda əməlli-başlı hörmətim, ölkə prezidentiylə əlaqələrim var idi. İşimin olmaması ikinci dərəcəlidir. Əsas ailədir.
- Menecer kimi işləyə bilərsiniz?
- Mənlik deyil. Xarakterim elədir ki, daim işləməyi, meydanda olmağı, qarda, yağışda məşq etməyi sevirəm. Otura bilmirəm. Hətta orda ikinci məşqçilərə verdiyim tapşırıqları yenidən oyunçulara özüm göstərirdim. Oturmaqla aram yoxdur.
İntiqam VALEHOĞLU