Heydər Əliyev-95: ailədən gələn sevgi... - Sədaqət Şükürova yazır

img

09-05-2018 [19:54]


Sədaqət ŞÜKÜROVA, 
Kəlbəcər rayon 30 saylı tam orta məktəbin müəlliməsi          

***

Ölkəmizdə və eləcə də onun hüdudlarından çox-çox uzaqlarda Ulu Öndərimiz Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı tədbirlər keçirilir. Bu yubiley günündə mən bir Azərbaycan övladı, bir gənc müəllimə kimi ürək sözlərimi yazmaq, sizlərlə bölüşmək fikrinə düşdüm.

...Elə bir ailədə böyümüşəm ki, o ailənin ümummilli liderimizə sevgisi tükənməz olub. Atam Əvəz Şükürov Azərbaycanda kənd təsərrüfatının  inkişafında öz xidməti ilə seçilib. Kəlbəcər rayonunda aqronom, kolxoz sədri və 1958-1968-ci illərində iki çağrış Azərbaycan SSRİ  Ali Sovetinin deputatı olan atamın bir sözü heç vaxt yadımdan çıxmır:  "Heydər Əliyev Azərbaycan və azərbaycanlıları tükənməz sevgi ilə sevən, həyatını onların inkişafı yolunda fəda edə bilən ən böyük və əvəzolunmaz bir liderdir”.

O vaxtlar qəzetlər atamın ümummilli liderimiz haqqında olan fikirlərini başlıq şəklində verirdi. Biz uşaq olsaq da, həmin qəzetləri oxuyub, səliqə ilə saxlayırdıq. Sən demə, qəlbimizdə atamız Əvəz Şükürovdan Heydər Əliyevə qarşı ilkin məhəbbətin sonsuzluğu alovlanırmış. Sən demə, ailə sevgimiz, uşaq istəyimiz ümumxalq sevgisi imiş. Sən demə, xalqı nicata aparan yol elə bizim ailə sevgimizdə, bizim uşaq istəyimizdə boy atırmış...

 ...Heydər Əliyev ikinci dəfə xalqın təkidi ilə hakimiyyətə qayıdanda atamın keçirdiyi sevinc dolu hiss və duyğuları heç zaman unuda bilmirəm. Qürur duyuram ki, Heydər Əliyev atam Əvəz Şükürova daha böyük etimad göstərib, onu Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin etdi. Atam ömrünün sonuna kimi xalqına, dövlətinə, Vətəninə və Heydər Əliyev siyasi kursuna sədaqətli oldu. Bu gün onun övladları - Adil, Malik, Elmira, Tahirə, Məxmər, Həqiqət və mən Sədaqət onun ruhunu, Heydər Əliyevə olan tükənməz sevgisini əməli işimizlə, fəaliyyətimizlə doğrulduruq. Biz Əvəz Şükürovun övladları Vətənin bütövlüyü, onun suverenliyi yolunda şəhid olan qardaşımız, Milli Qəhrəman Şahlar Şükürovla qürur duyuruq. O şəhidlik zirvəsində gül kimi bitdi. Xatirəsi qəlbimizdə hər zaman əzizdir.

 ...Mən bu xırda təəssürat yazımda ümummilli liderimiz Heydər Əliyevin 95 –ci ildönümü günlərində ona olan tükənməz sevgi və məhəbbətimizin kökündə ailə tərbiyəsinin, valideynlərin nümunəsinin durduğunu Sizlərlə bölüşdüm. 

Bu gün nə gözəl ki, Heydər Əliyev siyasi kursu var və onun rəhbəri sevimli prezidentimiz İlham Əliyevdir! Biz hər zaman o kursa sədaqətliyik, böyük sevgi və iftixar hissilə dəstəkləyirik. Sevgimizdə, istəyimizdə valideynlərimizin ruhu yaşayır...

Digər xəbərlər
SON XƏBƏRLƏR