Rejissor, aktyor - Rza Rzayev
Son dövrlər çoxları soruşur ki, "Yazmırsan, mövqe bildirmirsən, əvvəllər daha aktiv idin, barışmaz idin, radikal idin, iqtidarı müdafiə edirdin, nələr baş verir?”.
Sözün doğrusu - başımın elə vaxtıdır ki, başım nələrin baş verdiyindən baş çıxara bilmir. Biz illər öncə məqalələrimiz ilə, statuslarımız ilə mövqeyimizi bildirdik, dedik ki, belə münasibət forması yaxşı yerə aparmır, qulbeçələr tərif deyə-deyə iqtidarı gözdən salan əməllərini sığortalayırlar.
Zamansa öz işini görür, hər şeyin istifadə tarixi olduğu kimi belə münasibətlər də müddətlədir, həmişə faydalı olmur, çox vaxt əks təsir yaradır. Əgər məmurlar ölkə başçısına rəğbət qazandırmırsa, əksinə ölkə başçısını gözdən salan əməllərlə açıq-açığına məşğul olurlarsa, ictimai rəyin dövlət qərarlarına təsiri sıfır dərəcəsinə enirsə, "düzəldilmiş” pozğun və pozucu qüvvələr üçün imkan yaranır.
Keçmiş müxalif qüvələrdən dost düzəldilirsə, daimi sadiq qalan qüvvənin məhv olma ehtimalı çoxalırsa, onda üçüncü qüvvə yaranır ki, həmin qüvvə üçün dövlət və milli maraqlar önəm daşımır, onlar üçün müqəddəs heç nə olmur. Hakimiyyət artıq əvvəlki gücünü qoruya bilmir, məmurlar vəziyyəti elə hala gətiriblər ki, əvvəl hakimiyyətə, daha doğrusu, Böyük Heydər Əliyevə və onun ailəsinə düşmən olanlar yüksək vəzifə tutan məmurlar tərəfindən dəstəklənir, onları özlərinə tərəf çəkiblər, adını da qoyublar ki, - "müxalifəti zəiflətmişik”.
Böyük Heydər Əliyevə və ailəsinə düşmən olanları, söyənləri, qarğış edənləri mükafatlandırmaq, dəyərləndirmək kimin siyasətidir - bu, düşmən olanlar, söyüş söyənlər üçün stimul yaratmaq deyilmi?!
Gördükləri xalqı qorxuya salır, xalqın boğazından kəsib bunlara pay atanlar xalqı dövlət başçısına qarşı qoyur.
İqtidarın ən yüksək vəzifə tutan məmurlarından biri söyüşlərə reaksiya verir, müdafiə mövqeyinə çəkilir, baş verənləri və verəcəkləri anlatmaq istəyir. Bu vəziyyəti yaradan məmurlar çoxluğu isə susurlar, məsuliyyətdən qaçmağın yolunu belə görürlər – "Səs çıxarıb yerimizi, varlığımızı bəlli etməyək”. Guya ki yaranan vəziyyət bunların yaramaz əməllərinin nəticəsi deyil.
Bir şəxsi hamı sevə bilməz, onu dəstəkləyə bilməz, kimsə kimisə sevmək məcburiyyətində deyil, sevmədiyin adama nifrət etmək məcburiyyətində də deyil, insan olmaq sevmədiklərinə nifrət etməməkdən başlayır. Kimsə sənin xoşuna gəlməyə bilər, amma sən həmin adamdan xoşu gələnlərə nifrət edə bilməzsən, onların səhv olduğunu deyə bilməzsən.
Rəşid Behbudova qulaq asmaya bilərsən, səsini bəyənməyə bilərsən, amma "O, sənətkar deyil, oxuya bilmir” - deyə bilməzsən.
Ölkə başçısının apardığı siyasəti qəbul etməyə bilərsən, onu sevməyə bilərsən, lap nifrət də edə bilərsən, amma ona hörmət etməyə bilməzsən. İstəsən onu rəqib yox, düşmən qəbul et, onunla düşmən kimi mübarizə apar, istəyirsən müharibə et, amma müharibə qanunlarını pozmadan, pozdunsa, olursan pozğun. Artıq apardığın "dava” şəxsiləşir – "millət, dövlət” deyə-deyə kiçilirsən, sənin dilindən heç nə məna qazanmır, dəyərlər əksinə dəyərsizləşir. Bu millətin dəyərləri var, hamı tərəfindən qorunmalıdır, qorunmayanda hamıya zərər gətirir, sonda millət sonsuzlaşır.
Söyüş söyənlər ordusu yaranır, bu ordu döyülən, uduzan uşaqlar kimi – qaçıb, ələ keçə bilməyəcəkləri məsafədə durub - söyüşlərini davam etdirirlər, acıq verirlər.
Bu gün açıq-açığına İlham Əliyevi müdafiəyə qalxanların əksəriyyəti vaxtı ilə onları açıq-açığına söyənlər, təhdid edənlər idi - indi nə dəyişib, nə dəyişdi bunları?!
Arxivlərdə hər şey qalır, bugünkü saxta mövqe keçmişdə deyilən heç bir sözə, əmələ haqq qazandıra bilməz.
Bu adamlar yal qarşılığında mövqe tutublar, o yerdə dayanıblar ki, oranı güllə tutmur, savaş bitən kimi kimliyindən asılı olmayaraq qalibin yanında olacaqlar. Bu əməlin adını da tapıblar - zamanın tələbi, mövcudluqlarını qorumaq və qisas fürsəti gözləmək.
Bu gün söyüş söyənlərə yol açan, bu gün müdafiəyə qalxanlar dünənki söyüş söyənlərdir. Xalq buna görə susub, buna görə ölkə başçısının tam müdafiəsinə qalxa bilmir, çünki xalqın səsini batırıblar, dünənin söyüş söyən ikiüzlüləri xalqa səsini çıxarmağa imkan vermirlər, səs çıxan yerlərin hamısını tutublar.
Səbəbkarlar özlərini gizlətmək üçün hər dona girirlər, söyüş öyrətdikləri adamları söyürlər, öz söyüşləri yada düşməsin deyə səslərini daha ucadan çıxarırlar, birdən adları səssizlikdə eşidilər, kimsə deyər – "Elə bu vəziyyətin günahkarları sizsiniz”.
Söyüş köhnəlmir, məna və məzmununu zamana, vaxta görə dəyişmir. Necə ki atalar deyir – "Söz yarası sağalmır”.
Vaxtı ilə bu insanları siz tərbiyə etmisiniz, tərbiyəsini pozmusunuz, indi rahat mənzildə, ofisdə, cibləri dolu - yaradılan şəraitdən razı, keçmişi unutmuş, "Hər şey bu gündən başlanır” - devizi ilə yaşamağa başlamısınız. Bu adamlardan verdiklərinizi alın, onda görəcəksiniz səsləri haradan gəlir və nə səsi çıxarırlar. İqtidarını belə zəif vəziyyətə salan yaltaqlar ordusu, satqınlar yığnağı, məmur dəstəsi günahkardı bu hala.
Dövlət başçısı ilə xalqın arasına girən, xalqın prezidentə dəstək verməsini istəməyən, xalqın səsini ucaltmasından qorxan şəxslər elə bunlardır.
Əli Həsənovun tüpürcəyini yalayanlar, bəlkə məsul şəxs kimi Əli müəllim mövqe ortaya qoymayacaqdı, etiraz etməyəcəkdi, onda belə çıxır ki, bu adamlar susacaqdılar, söyüşləri yeyəcəkdilər. Əslində, Əli müəllim söyüş söyənlərdən çox, susanların (daha doğrusu, nəyinsə müqabilində susanların, çünki keçmişdə səslərini çox başlarına atıblar) üzünə tüpürdü. Necə ki, "Bəyin oğurlanması” filmində deyildiyi kimi:
- Niyə qanın qaradır?!
- 8 min pul alıblar, oynamaqlarına bax!
Dövlət başçısını təmənnasız, dövlət başçısı kimi sevən, hörmət edən, inanan sadə vətəndaşlar təmənnalı mövqe bildirən, qarşılıq gözləyən adamların qarışıqlıq yaratmaq cəhdlərini anlayırlar.
Ən yaxın tarixdə baş verənləri xalq bildiyindən belə adamların qiymətləndirilməsi iqtidara da inamsızlıq yaradır. Xalq görür ki, dünən söyüş söyən, bu gün partiya rəhbəridir, millət vəkilidir, idarə rəisdir və yaxud yaxşı şəraitdə yaşayır - onda düşünür ki, bu oyundur, onların üzərində oynanılır.
Dünənin düşmənləri bu gün dost kimi görünür - xalq bunların nəyin xatirinə olduğunu bilir. Deyək ki, bu da bir siyasətdir, amma bu siyasət daha çox kimə xeyir gətirir?!
Axı bu adamlar iqtidara düşmən olanda (məhz düşmən, onlar heç vaxt özlərini rəqib kimi aparmadılar) hakimiyyət daha güclü idi, bunları yanınıza almaqla nə qazandınız?! Xalq bunlardan üz çevirib üzünü sizə tutmuşdu, indi bu üzsüz insanlardan müdafiə səddi yaratmaq nə qədər əhəmiyyətlidir?! Xalq bu adamları sizin yanınızda görəndə, sizin müdafiəçiniz kimi çıxışlarını eşidəndə, deməz ki, bu iqtidar nə gündədir ki, bu adamların ümidinə qalıb? Xalqı ümidsiz hala salmaq kimlərə lazımdır?
Cənab Prezident, sizə bu adamları "yaxın” edənlər xalqı sizdən uzaq tuturlar, o xalqı ki, sizi bunlardan qoruyurdu.
Əli Həsənovun tüpürcəyini yalayanlar indi başlayıblar yaladıqları tüpürcəyi bir-birinə tüpürməyə. Onlar keçmişdə indiki hakimiyyətə qarşı bir yerdə düşmən kəsilənlər, hakimiyyətdə olanları açıq təhdid edənlər, öz aralarında hakimiyyətdə olanları hər cürə söyənlər, hakimiyyətə gələcəkləri halda - "kim kimin payına düşür” - bölgüsünü aparanlardır. Bu gün söyüş söyənlərin "ustadları" ona görə bərkdən danışırlar ki, keçmişdən gələn səsləri eşidilməsin.
İndi hakimiyyət nədən belə bir-iki gədə-güdənin qarşısında zəif düşüb?! Səbəb keçmişdə düşmən olanların indi dost stolunda hörmətli (gəlirli) yerlərdə oturdulmasıdır. Bü gün kiçik və "böyük” məmurların tutduğu işlər, dövlət başçısının gözündən qaçan məsələlərdir ki, xalq ilə dövlət başçısı arasında məsafə yaradır.
Dövlət başçısının belə dəstəyə ehtiyacı yoxdur, xalq hər şeyi görür, xalq özü bu adamların dərsini verəcək gücdədir, bu adamlar bunu bildiklərindən tez hoppanıb qabağa düşmək istəyirlər ki, "Biz ölməmişik, bu savaşda biz də varıq, həm də Prezidentin yanında”.
Dədə Qorqud filmində belə bir epizod var - Aruz gözləyir, görür ki, Qazan Xan döyüşdə qalib gəlir, həmin an özünü yetirir, guya köməyə gəlib. Bu adamların hərəkətinə bundan başqa ad vermək olmaz. Qalibin yanında olmaqdan başqa yol bilməyənlər...
Heydər Əliyevin, İlham Əliyevin hesabına vəzifə tutanlar, var-dövlət qazananlar, cəmiyyətdə seçilmişlər siyahısına düşənlər və kişi olanlar, bu söyüşlərin cavabının nə olduğunu bilmirsiniz, bu söyüşlərə necə cavab vermək lazım olduğunu bilmirsiniz? Axı tərif deyəndə dilinizdən düşmür - nəslinizi, nəcabətinizi, övladlarınızı da qurban deyirsiniz. Gözləyirsiniz kimsə desin yuxarıdan nə etmək lazım olduğunu? Övladlarınızdan birini bir neçə illiyə qurban verin də - bir neçə il də "içəridə” kef etsin!
Son günlər gördüklərimi kimsə söyləsəydi inanmazdım, ölkəmizdə məmurların belə oyunlardan çıxdığına kimsə məni inandıra bilməzdi, elə siz də, Cənab Prezident, yazılanların, deyilənlərin çoxuna inanmırsınız, çünki inanılmazdır, amma inanın -məmurlar ağ ediblər, bu özbaşnalığa dur deməyin zamanıdır, sizin nüfuzunuza xələl gətirən hər bir kəsi cəzalandırın, onda xalq sizi hər kəsdən həmişəki kimi qoruyacaq, amma məmurlardan və əqidəsindən dönənlərdən, ikiüzlülərdən qoruya bilmir, bu onların iradəsindən kənardadır.
Xalqın bugünkü hakimiyyətə rəğbəti, inamı ancaq və ancaq dövlət başçısına görədir. Neçə illərdir məmurlar bu inamdan, rəğbətdən istifadə ediblər öz şəxsi maraqları üçün.
Qanunu pozan, xalqda dövlət başçısına olan inamı azaldan məmurların qulağını çəkmək yox, kəsmək lazımdır ki, xalq tayqulaqlarını tanısın, daha kimsə belə addım atmasın.
Ölkədə əsl müxalifət partiyaları yaranmadıqca boş yeri xalqın özü ilə doldura bilərlər, bu qorxulu tendensiyadır - kənar qüvvələr tərəfindən xalqın özünün "müxalifətə” çevrilməsi.
Məşhur Avropa sosioloqlarından biri söyləmişdir: - "Günümüzdə Amerikanın ən çox əksikliyini duyduğu şey onu tənqid və təhlil edən ideologiyaların yox olmasıdır. Çünki, özünə müxalif olanların zəifləməsi öz zəifləməsi anlamına gəlməkdədir. ABŞ-ın sarsılmazlığı təhlükəli həddədir. Çünki, bu təhlükəli vəziyyət hər cürə gerçək alternativin yox olması, əks fikirlərin və alternativlərin ortadan qalxmasından qaynaqlanmışdır…”
Sevgi, istək, xidmət, tərəf tutmaq doğruları söyləyib səhvlərin görünməsinə kömək olmaqdır, tənqid düşmənçilikdən doğmur, düşmənçilik kor-koranə dəstəkləmək, nələrinsə xatirinə tərif deməkdir, "problem yoxdur” görüntüsünü yaratmaqdır!