"Yəqin ki, görüşəndə ya yumruq qıcayacaq, ya da kəllə atacaq..."

img

04-04-2018 [20:25]


Seymur Verdizadə,
Missiya.az

***

İki qeyri-hökumət təşkilatına rəhbəlik etdiyim üçün tez-tez müxtəlif tədbirlərə qatılıram. Bəzən bir ayda yeddi-səkkiz rayonda oluram. 

Hər dəfə yeniyetmə və gənclərlə görüşəndə, belə deyirəm: "Bizim heç birimizin xaricdə yaşamaq fikrimiz yoxdur. Çünki xaricdə yaşamağa pulumuz yoxdur. Buna görə də Azərbaycanı həsəd apardığımız Avropa, Amerika kimi gözəl bir diyara çevirməliyik”.

Vətənimizin azad, firavan bir ölkəyə çevrilməsi üçün əlimdən gələni edirəm. Bir yazar olaraq, heç vaxt haqqı nahaqqa qurban verməmişəm. Oxucular da təsdiqləyər ki, yeganə silahəm olan qələmimdən heç vaxt yalan süzülməyib. Günəşli vətənimə, onun var-dövlətinə, bitib-tükənməyən sərvətinə qənim kəsilənlərə qarşı həmişə amansız olmuşam. Ömrümün yarısından çoxu getdiyi, geriyə daha azı qaldığı üçün bu prinsiplərdən dönməyim mümkün deyil.

Azərbaycanda mənəvi mühiti korlayan, inkişafı tormozlayan yeganə qüvvə "köhnə qvardiya” adlandırdığımız qocaman məmur ordusu deyil. Elə bilməyin ki, vaxtaşırı bu zümrənin əleyhinə yazdığım üçün peşman olmuşam. Sağlam tənqidi qəbul etmədiyi üçün öz müavini vasitəsilə evimə zəng vurduran, məni, övladlarımı təhdid etdirən Daşkəsənin icra başçısı Əhəd Abıyevin söydürdüyü söyüşlər hələ də qulağımdan getməyib. Amma o da var ki, əlində vəzifəsi, səlahiyyəti olmayan ayrı-ayrı peşə sahibləri xalqın mənəviyyatına bəzi məmurlardan az zərbə vurmurlar. Mən hər kəsi öz adı ilə çağırmağın tərəfdarıyam...

Ötən həftə "Lider” TV-də "Qaynar müzakirə” verilişinin qonağı idim. Sənət adamlarıyla bağlı müzakirə başlayanda Manaf Ağayevin "Ay canı yanmış” mahnısı ilə musiqi tarixində qalmayacağını dedim. Sonra Elza Seyidcahanın olmayan ədəbi təfəkkürünü tənqid etdim. Axırda da gənc müğənni Afaq Aslanın geyiminə irad bildirdim. Oxucular da bilirlər, mən heç vaxt Ezop dilində yazmamışam. Sözü həmişə adamın üzünə demişəm. Tənqidin konkret ünvanı olmalıdır. İndi dövr dəyişib. Sözü ortaya atanda heç kim öz payını götürmür...

İlk reaksiya Afaq Aslandan gəldi. Əvvəl təhqir etdi. Sonra söydü, nifrin yağdırdı. Sosial şəbəkələrdə mənim haqqımda elə şeylər yazdı ki, özüm-özümü tanıya bilmədim.

Özünü Elza Seyidcahanın pərəstişkarı kimi təqdim edən bir-iki nəfər isə zəng vurub, öz tərbiyəsini nümayiş etdirdi. Manaf Ağayevlə isə hələ qarşılaşmamışıq. Yəqin ki, görüşəndə ya yumruq qıcayacaq, ya da kəllə atacaq...

Məni ən çox mütəəssir edən bəzi dostlarımın, həmyerlilərimin Manaf Ağayevə qahmar çıxması oldu. 

Hamısı da eyni sözü deyirdi: "Manaf Ağayev xeyirxah adamdır. İndiyə kimi neçə-neçə yetimə əl tutub, onları sevindirib”. Bu adamları başa sala bilmədim ki, mən təkcə ata-anasını itirmiş beş-üç uşağın deyil, bütün uşaqların yaxşı yaşaması üçün mübarizə aparıram. Biz azad, firavan cəmiyyət quranda, o cəmiyyətdə bu gün məni söyən Afaq Aslanın biricik qızı da xoşbəxt yaşayacaq. O cəmiyyətdə Elza Seyidcahanın 15 manat üçün "Təbrik” restoranında yarım saat mahnı oxumasına ehtiyac olmayacaq. Ən əsası isə, heç kimin gözü Manaf Ağayevin əlində qalmayacaq. Hər kəs öz qabiliyyətinə uyğun yaşayacaq. Əli-ayağı olmayanlara, qocalara, xəstələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlara isə dövlət baxacaq.

Düz danışan, düz yazan adamlar həmişə təzyiqlərə, təqiblərə məruz qalıblar. Seyid Əzim Şirvaninin qabırğasını öz müasirləri sındırıb. Ona baxanda, bizim bəxtimiz gətirib; qabırğamıza döşəyib, hirslərini soyudurlar...



Digər xəbərlər
SON XƏBƏRLƏR