Ərdoğan-Putin anlaşmasında “Ağquyu” müəmması: Rusiya tikir, Türkiyəyə baha satır? - ŞƏRHLƏR

img

04-04-2018 [14:04]


Ağquyu AES Türkiyənin Rusiyadan enerji asılılığını artıracaq növbəti layihədir.

Mia.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Türkiyəyə səfərini şərh edən politoloq Şahin Cəfərli deyib. Politoloq bildirib ki, Türkiyənin enerjidən silah kimi istifadə edən, dünya geosiyasətinin aqressiv aktoru olan Rusiyadan birtərəfli iqtisadi asılılığı arzuolunan deyil:

"Türkiyə Rusiya qazını iki xətt vasitəsilə götürür. Bunlardan biri Stavropoldan başlayıb, Qara dəniz vasitəsilə Samsuna çıxan və oradan Ankaraya uzanan "Mavi axın” boru kəmərindən, digəri isə Ukraynadan keçib, Şərqi Avropaya çıxan boru xəttidir. İndi Rusiya ilə Türkiyə arasında növbəti kəmər "Türk axını” inşa olunur və 2019-cu ilin sonundan etibarən istismara verilməsi nəzərdə tutulub. Yəni bu sahədə Moskvadan ciddi asılılıq davam edəcək. Ötən gün 1-ci blokunun təməli atılan "Ağquyu” isə Türkiyənin Rusiyadan enerji asılılığını artıracaq növbəti layihədir. Bu AES-i Rusiya inşa edəcək və işlədəcək, sahibi də Rusiya olacaq. Avropa ölkələrinin, müasir dünyanın atom energetikasından imtina etməyə başladığı və əsas yatırımlarını alternativ enerjiyə yönəltdikləri bir vaxtda Türkiyənin AES sahəsini inkişaf etdirmək istəməsi suallar doğurur. Məsələn, "Ağquyu”nun istismara veriləcəyi 2023-cü ildə Almaniya artıq atom enerjisindan tam imtina etmiş olacaq”.

Politoloq layihənin iqtisadi baxımdan nə dərəcədə əlverişli olub-olmaması ilə bağlı suala da aydınlıq gətirib:

"Məsələn, Rusiya Misirdə də eyni tip AES tikir. Türkiyə "Ağquyu”-da 15 il ərzində istehsal olunacaq 17 milyard 500 milyon kilovatt/saat elektrik enerjisini hər kilovatt/saat üçün 12,5 sent ödəyərək almaq öhdəliyi götürüb. Misirdəki "Dabaa” AES dövlətə məxsus olacaq. Rusiya-Türkiyə müqaviləsində əksini tapmış alış zəmanəti Rusiya-Misir müqaviləsində yoxdur. Qiymət isə misirlilər üçün 7-8 sent təşkil edəcək”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban "Ağquyu” nüvə stantasiyasının dünya atom enegetikasında tətbiq olunan layihələrdən xeyli fərqləndiyini qeyd edib:

"Ağquyu”nun çoxlu səhmdarı var. Üstəlik, dünyada ilk layihədir ki, Rusiya onu Türkiyədə həm tikir, həm işlədir, həm də əldə edəcəyi enerjini satır. Yəni layihənin xərcini Rusiya çəkdiyinə görə elektrik enerjisini də müqavilə əsasında Türkiyə alacaq. Beləliklə, Türkiyə Rusiyadan elektrik enerjisini alacağına və hər kilovatt/saat üçün 12,5 sent ödəyəcəyinə dair öhdəlik götürmüş olur. Rusiya "Ağquyu”ya heç bir kapital təmini olmadan 60 il zəmanət verir. Tərəflər elektrik enerjisini hansı formula ilə alacaqlarına dair də razılığa gəliblər”.

Ekspert Türkiyənin sözügedən layihəyə qoşulmasının səbəblərinə də aydınlıq gətirib:

"Əslində, bu, Avropadakı qiymətlərdən ucuzdur. Qərbi Avropa ölkələrində bu gün orta qiymət 1 kilovatt/saat üçün 15-20 sent arasında dəyişir. Bu pərakəndə satış qiymətidir, topdan satış qiyməti bundan iki dəfə ucuzdur. Ancaq Avropada paylayıcı şəbəkələr hər kilovatt/saatı bizim pulla 30-40 qəpiyə satırlar. Ümumiyyətlə, qazla müqayisədə 12,5 sent Türkiyə üçün bahalıdır. Bəs, Türkiyə niyə buna gedir? Bunun üç mühüm səbəbi var. Birincisi, atom enerjisinə malik olan ölkələr sırasında olmaq Türkiyənin çoxdankı arzusu idi. İkincisi, Türkiyə öz enerji bazarını diversifikasiya etmək istəyir. Üçüncüsü, indi qaz bir çox ölkələr üçün əlçatandır və qazın qiyməti çox dəyişkəndir. Belə olan halda qazı alıb onu elektrik enejisinə çevirmək çox baha başa gəlir”.

Ekspert dünyada atom energetikasının daha da artacağını qeyd edib:

"Bu əsrin ortalarına doğru karbohidrogen ehtiyatları olmayan ölkələrdə atom energetikasına meyil gücləncək. Atom energetikasında ən böyük təhlükə insan faktoru və təbii fəlakətlər idi. İndi isə süni intellekt çox sürətlə inkişaf edir və insanı tam əvəz edəcək. Belə olan təqdirdə atom enegetikasnın təhlükəsi də minimuma enir. Atom nüvə yanacağı elektrik enerjisinin yanacaqla təminatında qazla müqayisədə daha stabildir və qiymətlə bağlı təlatümlər yaşamır”.

Qeyd edək ki, ötən gün Ərdoğan və Putin Ağquyu AES-in təməlini qoyub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA