Jurnalistika ölüb, qəbirdədir - Qırxı da çıxıb, ili də...

img

30-03-2018 [22:51]


Zaur Əhməd

Jurnalistika kənardan göz qamaşdıran peşələrdən sayılır. Bu sahəyə uzaq olan adamların böyük əksəriyyəti elə bilir ki, biz "qaz vurub, qazan doldururuq”, yaxud da günorta deputatlarla nahar edir, axşam da nazirlərlə viski içirik. Vallah, bu fikirdə olanlar var. Şəxsən mənim qohumlarımın çoxu aşağı-yuxarı belə düşünür.

Təxminən 10-12 ilin söhbətidir. O vaxt tədbirlərə tez-tez gedərdim. Bu səbəbdən də qohum-əqrəbam məni televiziyalarda görürdülər. 

Bir dəfə DİN-də ya kollegiya iclası, ya da nazir Ramil Usubovun rəhbərliyi ilə hansısa geniş tədbir idi. O zaman "Reytinq” qəzetinin əməkdaşı kimi nazirlikdəki tədbirdə iştirak etmişdim. Yaxşı yadımdadır, nazirliyin bufetində bizə ziyafət də verilmişdi. Həmin gün bu tədbirlə bağlı efirdə süjet getdi və...

Bir neçə gün sonra dayımgilə getmişdim. Rəhmətlik dayım sən demə, məni Ramil Usubovun iştirak etdiyi tədbirdən çəkilən süjetdə görüb. Nəsə, xoş-beş edəndən sonra aramızda hələ də unutmadığım maraqlı dialoq baş verdi:

- Bacıoğlu, bilirsən də, sənin bu dayın oğlu "poltexnik”in yol hərəkətinin təşkili fakültəsini bitirib, diplomunu da alıb. Allaha şükür ki, sağlamdır, özü də idmançıdır. Tay, bunun işə düzəlməsi sənlikdir.

- (Təəccüblə soruşuram) Dayı, mən kiməm ki, onu yol polisinə düzəldəm?

- (Dayımın üzündəki gülüşü əsəb qarışıq kədər bürüyür) Necə kimsən, jurnalistsən, hörmətli adamsan. Ramil Usubovla bir yerdə olursan. O gün də bir yerdəydiniz.

- Ay dayı, o adi bir tədbirdir. Nazir danışır, mən də yazıram. Axı, onunla şəxsi münasibətim yoxdur ki, deyəm mənim dayım oğlunu işə götür.

- Sən istəsəydin, bir kəlmə nazirə deyərdin, o da sənə "otkaz” eləməzdi.

Həmin vaxt dayım həqiqətən inanırdı ki, mən Ramil Usubova deyib, dayıoğlunu yol polisinə işə düzəldə bilərdim. Bəli, 10-15 il öncə jurnalistikanın hörməti çox olduğundan bu cür düşünənlər var idi. Amma o dövrdə çalışan həmkarlarım da bilirlər ki, şəxsi həyatımızda, dolanışığımızda indikindən elə də böyük fərq yoxdu. Bir məsələ var idi ki, necə deyərlər, pulumuz olmasa da, hörmətimiz var idi.

Təəssüf ki, ötən dövr ərzində jurnalistika xeyli hörmətdən düşüb. Bunun müxtəlif səbəbləri var. Bizdən aslı olan və olmayan səbəblərdən getdikcə hörmətsizləşmişik. 

Hətta iş o yerə gəldi ki, Bakı meri Hacıbala Abutalıbov kimi unikal məmur belə "Jurnalist görəndə elə bil qəbirdə ölü görürəm”,- dedi. Əslində, obrazlı desə də, doğru demişdi. Jurnalistikamız çoxdan ölüb, qəbirdədir. 40-ı da çıxıb, ili də.

Belə olmasaydı, AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkənin bütünü media nümayəndələrinə xitabən bunları deməzdi: "Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri "bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur. Bayaq "küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər”.

Bu, o qədər də sadə məsələ deyil. Bu söyüş, bu təhqir akademik səviyyədədir. Bu adama istənilən cür cavab vermək olar. Bunu şəxsi mənada qəbul edib eyni söyüşü özünə də qaytarmaq olar. Hətta daha unikal metodları da sınaqdan çıxarmaq mümkündür. Amma dəyməz...

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR