“Qızım müğənni olsun, yoxsa jurnalist?”

img

23-03-2018 [16:10]


Seymur VERDİZADƏ

***

Biz onunla reklam fasiləsində tanış olduq. Studiyaya 4 yaşlı qızı ilə birlikdə gəlmişdi. Xahiş etdi ki, onlarla xatirə şəkli çəkdirim. Ayselin ipək kimi yumşaq saçlarına sığal çəkib, kamera qarşısına keçdim...

Mənimlə vacib bir mövzuda məsləhətləşmək istədiyini deyəndə, reklam fasiləsi başa çatdı. Qərara aldıq ki, veriliş qurtarandan sonra bu barədə danışaq. Canlı efirdə olsam da, onun nə deyəcəyi məni çox düşündürürdü. Görəsən, 28-30 yaşlı bu xanımın problemi nə idi?..

Əməkdar jurnalist Azər Həsrətin dünəndən vəd etdiyi "qreçka” qonaqlığına geciksəm də, onu dinləməyi özümə borc bildim. Valideynlərin, xüsusilə anaların savadlı olması çox vacibdir. Qarşımda dayanan bu gözəl xanımın hansı ağlın sahibi olduğunu ağzını açan kimi müəyyənləşdirdim: "Qızım mikrofon həvəskarıdır. Əlinə mikrofon düşən kimi ya oxuyur, ya da öz-özünə danışır. Necə məsləhət görürsünüz, müğənni olsun, yoxsa jurnalist?”

Növbəti köşənin mövzusu öz ayağı ilə "gəlmişdi”. Odur ki, "qreçka”nın soyumasına əhəmiyyət verməyib, söhbətə girişdim: "Dünən qonşu kanalda qonaq idim. Çəkiliş 40 dəqiqə gec başladı. Hamı işini-gücünü atıb, Elariz Məmmədoğlunu gözləyirdi...”

Zərif yanaqları azca titrədi. Hiss etdim ki, məni anlamağa çətinlik çəkir. Buna görə də əlavə izahat verməli oldum: "Jurnalist var ki, hansısa səfeh müğənnidən müsahibə götürmək üçün beş-altı gün sürünür. Jurnalist tanıyıram ki, gündə beş-altı məqalə yazır. Aldığı məvacib isə qəpik-quruşdur...”

Onu xəyal qırıqlığına uğratmışdım. Dörd yaşlı qızını yanına salıb, telekanalları dolaşması məni hövsələdən çıxarmışdı. Haldan-hala düşdüyünü hiss edəndə, "doza”nı artırmağa qərar verdim: "Jurnalistika yeganə sahədir ki, burda şöhrət sərvət gətirmir. Həftədə beş ayrı televiziya verilişində qonaq oluram. Amma hər gün beş avtobus dəyişirəm”.

Məni başdan-ayağa süzüb, belə dedi: "Məsləhətinizə görə çox sağ olun. Həqiqətən də jurnalistikada pul yoxdur. Yaxşısı budur, qızım müğənni olsun”.

Qaş düzəltdiyim yerdə vurub göz çıxarmışdım. Bir-iki sanballı arqument tapıb, bu peşəni onun gözündən salmaq lazım idi. Çox fikirləşmək lazım gəlmədi. Birbaşa mətləbə keçdim: "Ortabab bir müğənni həkimdən də, müəllimdən də, alimdən də yaxşı yaşayır. Amma problem odur ki, onların pulu olsa da, çoxunun ailəsi olmur. Qızın müğənni olsa, Afaq kimi, Rəksanə kimi övladlarını təkbaşına böyüdəcək...”

Sözlərimin ona pis təsir göstərdiyini asanlıqla müşahidə etdim. Ürkək baxışlarını sağa-sola çevirib, nəzərlərini məndən yayındırmağa çlışırdı. Fürsəti əldən vermək olmazdı: "Qızın müğənni olsa, gərək yanında bir torba pambıq gəzdirəsən. Onun haqqında yayılacaq, söz-söhbəti, dedi-qodunu eşitməmək üçün qulağına həmişə pambıq tıxamalısan”.

Ayaq üstə güclə dayanmışdı: "Bəs, nə olsun?”

Səsimə bir qədər mülayimlik qatdım: "Yaxşı həkim, müəllim, mühəndis olub, cəmiyyətə fayda versin”.

Razılıq əlaməti olaraq başını tərpətdi. Ayselin yumşaq saçlarına yenə sığal çəkib, belə dedim: "Bu uşağı özünlə verilişlərə aparma. Manafla, Əlikramla nə qədər şəkil çəkdirmək olar? Otur evdə. Qızına yazıb-oxumağı öyrət, şeir əzbərlət. Boş vaxtlarında muzeyə, teatra apar. Aysel də daxil olmaqla hər bir körpə fidanımız yaxşı təhsil almalı, savadlı mütəxəssis kimi yetişməlidir...”

Bu söhbətin üstündən iki ay keçir. O vaxtdan bəri onu heç bir televiziya verilişində görməmişəm. Kaş, bir də yollarımız kəsişməyəydi...

Missiya.az

Digər xəbərlər
SON XƏBƏRLƏR