Ağxalatlı terrorçular

img

18-03-2018 [16:48]


Zaur ƏHMƏD

Hər kəs bir gün mütləq ölümlə üzləşəcək. İstər yaxınının, istərsə də özünün timsalında. Amma biri var əcəl, biri də var, əcəli-mayallaq. 

Nə yazıq ki, son illər əcəldən çox, əcəl-mayallaqlar yaşamaqdayıq. Ən pisi isə odur ki, insana şəfa verməli olan, həyat qurtarmağı özünə peşə seçən həkimlər - bəlkə də belələrinə həkim demək doğru deyil - əcəli-mayallağın "ssenari müəllifləri” olublar. 

Son dövrlər Azərbaycanda həkim səhlənkarlığı və savadsızlığı ucbatından xəstə ölümlərinin sayı durmadan artmaqdadır. Bu hallar o qədər artıb ki, insanlar daha buna təəccüblənmirlər. Artıq bunu həkim səhlənkarlığı və savadsızlığı kimi dəyərləndirmək də doğru deyil. Bu, "həkim terroru”dur, başqa adı ola bilməz! 

Uzağa getmirəm. Elə son bir ildə həkim terrorunun qurbanlarına baxın. Birinin "qanqren” olmuş ayağının əvəzinə, sağlam ayağını, o birinin boğaz ətinin əvəzinə, dilçəyini kəsirlər. Cərrah qayçısı xəstənin qarnında qalır. Naşı ginekoloqlar neçə-neçə ananı uşaqsız, körpəni anasız qoyub. Nə qədər gənc qız plastik cərrahiyyənin qurbanı olub. Hələ diş həkimlərini demirəm. Sağlam insanlara o qədər ağır viruslar salan stamatoloqlar olub ki... Hələ bunlar nədir ki? Nə qədər insan həkim terrorunun qurbanı olub ki, səs-sorağı çıxmayıb. 

Etinasız yanaşmasam da, sadaladığım acı faktlar mənə xəbər kimi görünüb. Amma insanın yaxını terror qurbanı olanda sarsılır. Məsələnin əsl mahiyyətini varırsan. 

Üç gün öncə dayım Ramiz kişi 63 yaşında həkim terrorunun qurbanı oldu. Yox, yox, ağır xəstə filan deyildi, əməliyyat da olunmamışdı. Dayım yaşam tərzinə görə, kifayət qədər sağlam olub. Terror gününə qədər həyət-bacada işləyən, yer belləyən, ağaclara qulluq edən, odun doğrayan, samovar qaynadan, "həftə səkkiz, mən doqquz” manqal başında kabab bişirən adam idi. Həkimə də çox gedən deyildi. Nəsə həkimlə arası yox idi. Sən demə, elə düz edirmiş. Bu həkimlərdən nə qədər uzaq gəzsək, bir o qədər yaxşıymış. 

Dayımla terrorçu həkimlərin tanışlığına səbəb 8 mm-lik böyrək daşı oldu. Özünü narahat hiss edən dayım həkimə gedir. Kaş ki, getməyəydi. Bəlkə də türkəçarə üsullarla müalicə olunsaydı, o daş həyatını itirməyə səbəb olmayacaqdı. Amma yanlış müalicə elimizin ağsaqqalını bizdən aldı. 4 günlük müalicədən sonra dağ kimi insan reanimasiyaya yerləşdirildi. Onu da deyim ki, bu terrorçu həkim, dayıma vəziyyətinin yüngül olduğunu, iynə-dərmanın evdə qəbulunu demişdi. Yəni, xəstəliyi ağır olsaydı, xəstəxanada yatmağı məsləhət görərdi. Nə sirri xudadırsa, bu "müalicə kursu” şəfa yox, ölüm gətirdi dayıma. Yaxşı olmadığını demək üçün öz ayağı ilə yenidən xəstəxanaya gələn adamı reanimasiyaya yerləşdirdilər. Bir neçə saat sonra da cansız bədənini bizə verdilər. Beləliklə, daha bir qoca çinar həkim terrorunun qurbanı oldu. Terrordan heç kim sığortalanmayıb. 

Dünyanın ən güclü dövlətlərində belə terror olur. Amma bizdəki terror daha təhlükəlidir. Çünki bu dəfə terrorçular insanlara şəfa verən həkimlər kimi ağ qiyafədə olurlar. Odur ki, özünüzü ağxalatlı terrorçulardan qoruyun!


Digər xəbərlər
SON XƏBƏRLƏR