“Ağsaqqal, niyə gülürsən?”

img

12-03-2018 [16:47]


Seymur VERDİZADƏ

***

Dostum sənətdən anlamasa da, arvadının arzusuna uyğun olaraq, arabir teatrlara, əyləncəli tədbirlərə gedir. Mənə də bilet aldığı üçün dörd-beş gün əvvəl onlara qoşulub, teatra getdim. Mən onsuz da mədəni-kütləvi tədbirlərdə tez-tez iştirak edirəm. Amma dostumun zövqünü yoxlamaq üçün bu dəfə onun təklifindən imtina etmədim...

Sabit Rəhmanın başmağını geyinənlər, özlərini Bəşir Səfəroğlunun, Lütfəli Abdullayevin varisi hesab edənlər bu missiyanın öhdəsindən layiqincə gələ bilmədikləri üçün maraqlı bir tamaşa izləyəcəyimizə əvvəlcədən inanmamışdım. Di gəl ki, salonu tez-tez şaqraq qəhqəhə sədaları bürüyür, sağımda, solumda əyləşən adamlar uğunub özlərindən gedirdilər.

Bizdən qabaqda oturan iki zırrama isə tez-tez ayaqlarını yerə döyməklə əməlli-başlı zəhləmi tökürdülər. Axırda özümü saxlaya bilməyib, dostumu dümsüklədim: "Niyə gülürsən?”

Cavabı belə oldu: "Biletlərə bir ətək pul vermişəm. İstəmirəm mayam batsın”.

Bu dəfə mən güldüm. Həm də ürəkdən...

Maraqlısı isə o idi ki, dostum hər dəfə güləndə özü kimi səy olan arvadı da ona qoşulub, özündən gedirdi...

Birinci hissə başa çatandan sonra çay içmək üçün foyeyə çıxdıq. Qarmaqarışıqlıqdan istifadə edib, dostumu məzəmmət etməyə başladım: "Elxan, sənin bu qədər zövqsüz adam olduğunu bilmirdim. Aktyor əlini saçına aparanda da, uğunub özündən gedirsən...”

Dostum ətrafa göz gəzdirib, həyat yoldaşının bizi eşitmədiyinə əmin olandan sonra belə dedi: "Arvadımın xatirinə belə edirəm. Əgər gülməsəm, evdə günümü qara edəcək ki, niyə məni maraqsız tamaşaya apardın?”

İkinci hissə birinci hissədən də mənasız idi. Buna baxmayaraq, gülüş sədaları bir dəqiqə belə ara vermirdi. Jurnalist marağı güc gəldiyi üçün sağ tərəfimdə əyləşən kişiyə tərəf çevrilib, ondan soruşdum: "Ağsaqqal, niyə gülürsən?”

Cavab unikal idi: "Aktyorları həvəsləndirirəm...”

Ağsaqqalın sayəsində iki saat ərzində ikinci dəfə güldüm...

Ötən həftə özəl televiziya kanallarının birində qonaq idim. Çəkiliş zamanı aparıcı gənc müğənnidən yumorla arasının necə olduğunu soruşdu. Oğlan cavab vermək əvəzinə gülməyə başladı. Aparıcı üzünü bozartdı: "Niyə gülürsən?”

Müğənni özünü yığışdırıb, belə dedi: "Vərdiş etmişəm”.

Qonaqların da aparıcıya qoşulub, təəccüblə ona baxdığını görəndə, əlavə izahat verməli oldu: "Məni qınamayın. Kim qabağıma çıxrsa, işimin xatirinə onun üzünə gülürəm. Danışmazdan əvvəl gülmək məndə vərdişə çevrilib”.

Studiyadan şaqraq qəhqəhə sədaları yüksəldi...

Hamı gülüb yorulandan sonra oğlan daha bir etirafda bulundu: "Yalançı gülüşlər üzümdə qırışlar yaradıb...”

Səhər işə gələndə tanışlarımdan birinin çoxdan görüşmədiyim oğlu ilə qarşılaşdım. Hal-əhval tutandan sonra gülə-gülə belə dedi: "Atam dünən sizin qəzeti almışdı. Məqalənizi çox bəyəndim...”.

Çap mətbuatı ilə dörd il əvvəl vidalaşdığım üçün onun yalan danışdığına zərrə qədər də şübhəm yox idi. Amma cavan olduğunu nəzərə alıb, bunu Amilin üzünə vurmadım. Biz bir qədər ordan-burdan söhbət edəndən sonra oğlan sifətinə süni ifadə verib, mənimlə sağollaşmaq istədi. 

Bu vaxt onu diqqətlə nəzərdən keçirdim. Cavan olsa da, nazik qırışlar sifətində özünə yer eləyə bilmişdi. Ötən həftə tanış olduğum gənc müğənninin sözlərini xatırlayıb, qeyri-ixtiyari dilləndim: "Sən də tez qocalacaqsan”.

Oğlan halını da pozmadı: "Bizdə nəsillikcə belədir. Atam da, babam da vaxtından əvvəl qocalıblar...”

Amil bu sözləri deyib, yenə güldü. Sifətindəki nazik qırışlar indi daha aydın görünürdü...

Missiya.az

Digər xəbərlər
SON XƏBƏRLƏR