“Az, o telefonda kimin evini yıxırsan?"

img

05-03-2018 [21:50]


Könül QULİYEVA,

Hüquqşünas 

***

İctimai nəqliyyatda bəzən gənclərin qocalara yer verməməsi hallarına yəqin ki, şahid olmusunuz. Bu hallarla rastlaşanda istər-istəməz narahat oluruq və belə halların olmamasını arzulayırıq. Ancaq gənclərə mədəni şəkildə böyüklərə yer verilməsi zərurətini anlatmaq əvəzinə, bu hallara görə onların təhqiredici ifadələrlə aşağılanması yolverilməzdir. 

Mütəmadi olaraq ictimai nəqliyyatda bəzi yaşlı qadınların gənclərə qarşı qeyri-adekvat davranışlarının şahidi oluram. Belə yanaşma gənclərdə ictimai dəyərlərimizə qarşı ikrah hissi yaradır. Xüsusilə də belə durumda bəzi qadınların "müdrikcəsinə” gənclərə guya hansısa "dəyərlər”i aşılamaq, öyüd-nəsihət vermək istəyi, bu dəyərləri daha çox gözdən salır, nəinki onu təbliğ edir.

Bir gün təxminən 40-45 yaşlı bir qadın, yaşı bəlkə də 18-i tamamlamamış gənc qıza- "az, oğlan görəndə dingildəyirsiz, yaşlı görəndə də kor olursuz. Dur, o yaşlı kişiyə yer ver” deməsinin şahidi oldum. Həmin qadına gəncin cavabı, "siz bilirsiniz mən niyə ayağa qalxmadım? Səbəbi bilmədən məni niyə təhqir edirsiniz?”- oldu. 

Bu qadın daha ağır təhqiredici ifadələrlə gənc qızı o həddə çatdırdı ki, hirsindən ağlaya-ağlaya çantasını onun üstünə atdı. Üz-gözündən və əllərinin əsməsindən əsəb xəstəliyi hiss olunan bu gənc qızı heç kim azğınlaşmış qadınının əlindən ala bilmirdi. Ağzını açanı da həmin qayda ilə təhqir edirdi. Növbəti dayanacaqda avtobusda olan digər gənclər döyülüb haldan düşmüş, huşunu itirəcək bir hala gəlmiş bu zavallı qıza yardımçı olaraq onunla birlikdə düşüb, tək buraxmadılar. 

Bu günlərdə isə yenə də 18 saylı marşurutla hərəkət edən avtobusda heç 15-16 yaşını tamamlamamış arıq, cılız və hicablı bir gənc qız oturub sosial şəbəkədən istifadə edirdi. Birdən yenə ortayaşlı bir qadın: "Az, o telefonda kimin evini yıxırsan? Ona-buna yazdığını saxla, dur, ağbirçək qadına yer ver”- dedi. 

Yeniyetmə qız qıpqırmızı olaraq, özünü belə müdafiə edə bilmədi. Ağlamaq necə tutdusa, sonradan davam edən digər təhqirləri yəqin ki, eşidə bilmirdi. Qızı müdafiə edən hər kəsə isə "siz də onun kimi tərbiyə almısınız”- deyərək, aşağılayırdı. 

Təbii ki, mən bu kimi davranışları susqunluqla qarşılaya bilmirəm və yerindəcə lazımı addımları atıram. Hər iki qadını hüquqi arqumentlərlə susdursam da, düşünürəm ki, gənclərin günbəgün belə təhqir olunması, döyülməsi və həmin şəxslərin kənardan olan qınaqlarla susdurulması heç də doğru hal deyil. Əslində, bu əməl kiçik xuliqanlıqdır və düşünürəm ki, bizim hər birimiz üzləşdiyimiz belə xuliqanlıqlarla bağlı hüquq müstəvisində ölçü götürməliyik.

Bir gənci ictimai nəqliyyatda məhz yaşlıya yer verməməsinə görə kobud şəkildə təhqir edən adamları ictimai qınaq obyektinə çevirməklə yanaşı, təhqirə görə həm də cəzalandırmaq lazımdır. Odur ki, hüququnu bilməyən gənclərə xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı maddəsi sizə bu hüququ tanıyır. 

Maddədə göstərilir ki: "Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”. 

Xatırladım ki, şərəf və ləyaqətin müdafiəsi hüququnu rəhbər tutaraq aidiyyatı qurumlara müraciət etmək olar. Həmçinin, ictimai qaydaların, ictimai təhlükəsizliyin və mənəviyyatın əleyhinə olan inzibati xətalara da yol verməməliyik. 

Yaşlı insanlara hər zaman hər yerdə sayğı ilə yanaşmaq, onlara hər mənada yardımçı olmaq bütün gənclərin mənəvi borcudur. Bu mənəvi borc dədə-babalarımızdan bizlərə qalan ən dəyərli mirasdır. Bir çox xalqlar bizim bu mənəvi zənginliyimizə heyranlıqla yanaşırlar və bu kimi dəyərləri bizlərdən öyrənirlər. 

Bəs bizlər, indiki gənc nəsilə bunları necə öyrədirik? Aqressivliklə, söyüş və təhqirlərləmi?

Üzündən saflıq, məsumluq yağan 15-16 yaşlı qıza "kmin evini dağıdırsan?” ifadəsi ilə aşağılamağa heç kəsin haqqı yoxdur. Əgər kimsə özündə belə bir haqq olduğunu düşünürsə, o, ümumiyyətlə dəyərdən xəbərsiz olan cahildir. Biz doğurdan da gənclərimizə adətlərimizi aşılamaq istəyiriksə, bunu sevgiylə etməliyik. Onlardan çox nəzakətlə yaşlılara, əlillərə, körpələrə, hamilə qadınlara yer verməsini xahiş etməklə bu adəti onların beyninə həkk edə bilərik. 

Bəzən elə gənclər var ki, çox ciddi sağlıq problemi olduğunu kimsəyə açıb deyə bilmir və belə təhqirlərə, qınaqlara görə ağlamalı olur, mənəvi sarsıntı keçirir. Cəmiyyətimizin bu günündən gələcəyinə körpü olan gənclərimizi aşağılamağa nə adətlərimiz, nə də qanunlarımız icazə verir. 

Belə neqativ hallarla rastlaşdıqda ona mütləq münasibət ifadə edin. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR