Heydər Əliyevə və Azərbaycana atılan güllələr... - Deputat yazır

img

25-02-2018 [11:37]


Zahid ORUC, Millət vəkili

***

"Yeni Müsavat” qəzeti tariximizin ağır və qanlı səhifələrindən birini yenidən vərəqləyib, ləyaqətli bir şəkildə yaxın keçmişimizin qaranlıqlarına işıq salmağa çalışıb. Hər zaman məxfi qrif altında qalan, yaxud, çox da ictimailəşməyən olayları incələmək üzrə ixtisaslaşan bu media quruluşunun və jurnalist Elşən Balaxanskinin peşəkarlığını burada ayrıca qeyd etmək yerinə düşər.

Heç şübhəsiz, Azərbaycanın müstəqilliyi haqqında və ümumən, son 30 ilin hadisələrini xronika janrında canlandırmağa çalışanlar, bənzəri Napoleon dövrünün epopeyasını qələmə alan Edvard Radzinski kimi elə onun öz diliylə ekranlaşdırılan bestsellerlərin ən yaxşı nümunələrini məhz belə araşdırmalardan sonra yaradacaqlar.

Kino sənayesini milli ideallarının ixracına və dünyanı mədəni cəhətdən ələ keçirməyə yönəldən, Pentaqonla Hollivudu vahid bir idarəyə çevirən Birləşmiş Ştatların təcrübəsindən çıxış edərək, dövlətimizin məruz qaldığı təhlükələri də kağız üzərində saxlamamalı,onları ekranlaşdırmağı bacarmalıyıq. Hər halda "Demon revolyutsii”,”Xojdenie po mukam”,”Matilda” və başqa qiymətli sənət əsərlərini yüz ildən sonra çəkmək gözlənilən effekti vermir. Axı zamanında görülməyən işlərin əvəzi kütlələrin beynini zəbt eləyən təbliğatın ziyanları ilə bir araya sığmır.  Nə isə..Gələk, mətləb üstünə.

Qobustan qapalı həbsxanasının buz kimi soyuq hücrəsindən yayılan məlum sətirləri sakit və hissiyatsız oxumaq olmur. 21 il il əvvəl bütöv bir xalqı silkələyən qəsdin draması qatillərin birinin dili ilə nəql olunur. Canlı sovet tarixi,ikinci dünya müharibəsi və azadlıq səlnaməmizin ən parlaq siması olan Ziya Bünyadov şəxsiyyətinə qarşı həyata keçirilən qəddar əməlin icraçısı baş vermiş faciənin miskin personajı kimi xalqdan əfv diləyir. 

Məsələ, heç cəmiyyətin göstərə biləcəyi humanizmdə deyil. Axı Nizami Nağıyevin ağzından çıxan kəlmələr güllə olub hamıya yenidən dəyir və ona görə caninin aid olduğu terror qrupunun törətdiyi vandalizmə hər bir azərbaycanlı öz taleyi kontekstində qiymət verməyi bacarmalıdır.

Görün, nə qədər adam bir sifarişli əməlin nəticəsində üz-üzə qalmışdı. Əkilən şübhə toxumu və kütləvi inamsızlıq müharibə yaralarını yenicə sarımağa çalışan bir millətin birliyini poza bilərdi. Axıb zamanın zəhərli sularına qarışan sui-qəsdlər və dövlət adamlarının aradan götürülməsi indi dəbdə olan terminlə desək, hibrid müharibənin tərkib hissəsiydi. Biz Ziya Bünyadovu yaşadığı evin blokunda da olsa, imansız adamların blokadasında, elə Qarabağ və vətən uğrunda mübarizənin səngərində itirdiyimizi əminliklə deyə bilərik. Bəli, bütün imperiyaların çöküşündən sonra yerində çoxlu qanlı gölməçələr qalır...

Gəlin, bir anlıq 200 yüz il geriyə qayıdaq. Respublika quruluşunu ərsəyə gətirən 19-cu əsr Fransasında cəmi 23 il ərzində bir-birini əvəzləyən hakimiyyətlər nə qədər fərqli quruluşun, liderlərin və onlara inanan milyonlarla insanın başını edam kötüyünə diyirləmişdi. 


Danton, Robespyer, Marat. Qana susayan Triumvirat. Hərəsənin də öz adı var: Termidor, Jerminal, Bryümer. Müstəqilliyini daxili çevrilişlərdən qorumağa çalışan neft Bakısı da Bastiliya qalası kimi hədəfdəydi və dolub-boşalan meydanlar, kükrəyən insan seli hər kəsdən imdad diləyir, xəritə üzərində can verən respublikanın süqutuna haray çəkirdi.
 
O vaxt səhnəyə iki dövrün qəhrəmanı olmağı bacaran bir insan çıxdı. Doğrudur, məqsədimiz kiminsə şəxsiyyət miqyası haqda portret yazısı yazmaq deyil. Lakin cəmi bir suala mütləq aydınlıq gətirməliyik: Heydər Əliyevin ölməzliyi nədədir? 


Mənim aləmimdə haqqında milyonlarla söz deyilən siyasət patriarxını bütün subyektiv mülahizələrin, tərif və ittihamların fövqündə saxlayan yeganə bir qüvvə var. O da dəyişən formasiyaların, ictimai münasibətlərin və dövrün ruhundan asılı olmadan yaşarlılıq qazanmağı bacarmaqdır. Zaman və məkandan uca dayanan insanlara heykəl qoymaq və ya onu yıxmaq, əslində, heç nəyi dəyişmir. Çünki hər kəsə bəllidir ki, Ziya Bünyadovun köksünə sancılan bıçağın və yoxlayıcı güllələrin əsl hədəfi kim idi...

Prezident Heydər Əliyevin qurduğu dövlətin ölümünə fərman verənlər gəlib onu tank-topla devirə bilməyəndə rəhbərin zirehini dağıtmağa və iradəsini sındırmağa qərar verdilər. Elə bilirdilər, ”sovet çekisti” dedikləri və "demokratiya düşməni” yarlığı ilə gözdən salmağa çalışdıqları bir simanı komandasız qoyub təkbaşına ram edə biləcəklər. Lakin olmadı.Heydər Əliyev 4 il əvvəl, 1993-cü ildə başlatdığı qalibiyyət epopeyasını davam etdirməyi bacardı.Lakin görün, necə dəhşətli bir ssenari cızılmışdı.

Bir nəfərin öldürülməsi ən azı üç hədəfi birdən vururdu: 


hakim partiyanın elitası xofa düşərək canlarını götürüb meydandan çəkilməliydi,cinayət açılmayınca və elə açılandan sonra da hakimiyyəti qətlin sifarişçiləri sırasında göstərməkdə davam edəcəkdilər, müxalif düşərgənin düşmən axtarışlarına və mübarizəsinə cansz bir bədən təqdim olunmaqla dəhşətli bir cinayət hadisəsinin məsuliyyətindən kimlərsə kənarda qalmağa nail olacaqdı. Çox amansız fətvaydı. Din və müqəddəslik naminə, özü də məscidlərdə hazırlanan və Allahın adıyla həyata keçirilən bir küfr...

”Quran” kitabını tərcümə edən şəxsi onun duası altında son mənzilə yola salırdılar. Bax, məkrli siyasətin gücü və iblisin eybəcər sifəti belə olur.Bir dövlətin təməlinə vurulan zərbələrdən sonra hansısa liderin ayaq üstə qalacağına kiminsə inanmağı gəlmirdi.

Amma proqnozlar bu dəfə də yanlış çıxdı. Heydər Əliyev ona qarşı atılan güllələri ağır itkilərlə olsa da, qaytarmağı bacardı. Bəli, o komandasının müstəqli, cəsarətli və döyüşkən üzvünü itirdiyini demək olar, hər gün öz xəyal dünyasında yaşatmağa məcbur idi.İndi milyonlarla çap maşının ağzından çıxan və məhz izi itirməyə yönələn həmin iltihablı yazıları, ödlərini qusanların sayıqlamalarını geri döndərməyə çalışsanız, sizcə hansı mənzərə yaranacaq? Əslində heç nə..Mavr öz işini görüb, qurtarıb və səhnəni tərk edib.Kimdir, sözə görə hakim qarşısına çıxarılan? 

Di gəl ki,o məşum günlərdə "Azadlıq” qəzetində bir "P” hərfi ilə yeni obrazda özünü xalqa sırımağa çalışan və Elçibəyin taxtını ələ keçirən qırmızı dem-komsomolun alovlu lideri iqtidarı ölkə daxilində qorxu mühiti yaratmaqda və hakim partiyanın ağır çəkili üzvlərini sıradan çıxarmaqda ittiham edirdi.

Tarixin ironiyasına bir baxın, Makiavellinin sifətsiz varlıqlar kimi təsvir etdiyi bu məxluq qocaman akademikin acı taleyinə göz yaşı axıdırdı. Halbuki bir vaxtlar yüzlərlə ziyalının vətənin ağır günündə Naxçıvana getməsinə həmin həmidovlar, kərimlilər və vitrini saqqallı məmurlarla dolu olan birillik hakimiyyətin cəza dəstələri qətiyyən icazə vermirdilər. Vəziyyət dəyişənəndə, Ziya Bünyadovun tabutundan taxt-tacın qoxusu gəldiyini hiss edəndə, dərhal ona çiyin uzatmağa hazır idilər. 

Doğrudur, o dövrün təhlükələri indi çoxlarına fərqli mənzərədə görünə bilər. Lakin qonşudan gələn bəlanın hansını qarşılayaydın ki? 

ABŞ-ın o vaxtkı səfiri Stenli Eskuderonun məxfi qovluğundan çıxan xəritədə Azərbaycanı 3 dövlət arasında bərabər bölmüşdülər. Ona görə də bizim antiqəhrəmanımız Nizami Nağıyev kimi,İrana gedib hərbi təlimlər keçən,hələ məqsəd və məramları bilinməyən adamları zamanı gələndə islam mücahidləri kimi hara istəsələr,ora da ata bilərdilər. Məgər, İŞİD bayrağı altında və ya ona qarşı döyüşən azərbaycanlıları da eyni düşərgələr ixrac etmirlərmi? 

Sualın cavabı hamıya aydındır-hər millətdən özünə qarşı satqın silahlı dəstələr düzəldib onları ehtiyat ordular kimi yetişdirirlər. Çətini "Hizbullah”ın, Həmasın, "Qüds orduları”nın libasını geyinməkdir , sonra "müqəddəs” cihada yola salınmaq üçün şəhadət fəlsəfəsinin uydurulması artıq rejissorların öhdəsinə qalır.

O vaxt Tehranın dini-siyasi rəhbərliyini rəsmi Bakıdan narazı salan nə olub, niyə belə səs-küylü siyasi qətl üçün yaxası orden-medallı birisinin sinəsini qana boyayıblar, bunu yalnız təxmin etmək olar.


Hər halda iki ölkənin diplomatik idarələri o zamanın sirr pərdəsini indiyədək çəkməkdə maraqlı deyil. Lakin İran kəşfiyyatının din düşmənlərini qətlə yetirə biləcəyi versiyası ölkəmizin informasiya dövriyyəsində də, xəfiyyə strukturlarının ağlında da həmişə önəmli yer tutub. Lakin Ziya Bünyadovu aradan götürmək yalnız, onun adına vurulan "mason” və "şiə antipatiya”çısı ideologiyası ilə bağlı ola bilməzdi. Adi kriminal olaylardan fərqli olaraq, dövlətlərin əli ilə törədilən qəsdlərin dərin və əlçatmaz qatları olur.

Ziya Bünyadov, tarix cəbhəsində döyüşən böyük sərkərdəydi. Sovet illərində onu çağırıb Moskvadan gələn növbəti ərazi iddialarına cavab verməkdən ötəri əsaslandırılmış alim rəyləri alırdılar. Qələmin və adın avtoritetliyi bundaydı. Hamı onunla hesablaşırdı. İttifaq miqyasında Zori Balayan, Abel Aqanbekyan, David Şahnazaryan, hətta Andrey Saxarov belə yaxşı anlayırdılar ki, alman faşiziminə qarşı döyüşlərdən keçən yaxası "Qızıl ulduz”lu qəhrəmanı susdurmaq o qədər də asan olmayacaq.

Digər tərəfdən, Ziya Bünyadov 90-cı illər inqilabından sonra Heydər Əliyevin tərəfində duraraq, inqilabi xaosdan çıxmağın ən düzgün seçimini eləmişdi. Lakin parlament üzvü olarkən yeni odunun problemlərini dilə gətirməsi onu guya milli silahlı qüvvələrimizin arzulamadığı simaya çevirərdi ki, bu da Qarabağ cəbhəsində yenidən toparlanmağa çalışan bir millətin məğlubiyyət sindromundan çıxmasının qarşısını ala bilərdi. Göründüyü kimi, sifarişçilər alibi quraraq, qanlı izlərini itirməkdən ötəri xeyli günahkar ünvanı öncədən nəzərə almışdılar.


Birinci şəxsin dözümü hesabına onun yaxın silahdaşlarının əldə etdiyi azadlıq bünyadovları bir çoxlarının gözündə "barışmaz adam”a çevrirdi. Rəhmətlik Murtuz Ələsgərovun spiker təyinatına münasibət də sonralar informasya məkanında iqtidar komandasını dağıtmaq istəyən "müstəntiqlər”in tirajladığı versiyalardan biriydi. Əli qələmli istintaq ordusu ölümə aparan gerçək cığırları sadəcə bağlamaq, beyinləri zəhərləməklə məşğul idi.

Nəhayət,Ziya Bünyadovun 1994-cü ilin neft qovğasında qurban gedən dövlət adamlarına qarışması ölkəmizdə savaş aparan iki dövlətin, Rusiya-Amerikanın mənafeləri kontekstində də izah ouna bilərdi. Məsələni siyasiləşdirmək və onu kəşfiyyat orqanlarının ayağına yazmaqla rəsmi Bakını balanslı siyasətdən çıxmağa vadar edə bilərdilər. Heydər Əliyev əvvəlki karton iqtidarları kimi hərəkət etsəydi, impulsiv olaraq, qəzəb və qorxu içərisində tərəflərdən birinin səngərini qəbul etməli, bununla da müstəqilliyini şəxsi təhlükəsizliyi ilə dəyişməyə qərar verməliydi. 

Lakin olmadı. Bütün ağırlıqlara baxmayaraq,böyük dövlət adamı öz iradəsini ortaya qoydu və üzərinə gələn ittiham selini yarıb sübut etdi ki, Ziya Bünyadovün ölümü onun qurduğu dövlətə qarşı atılan güllələrdir.

"Yeni Müsavat”ın çevirdiyi tarixdən sonra zamanın çarxını geriyə döndərib o illərdə böhtan və iftira ilə məşğul olan iudaların hamısını adamın cəzalandırmağı gəlir. O dövrün qarasını hələ də ağlında saxlayan cənablar, azca vicdanınız varsa, gedib Heydər Əliyevin cisminin uyuduğu o torpaqdan əfv diləyin! Axı tarixin mühakiməsi istənilən məhkəmə hökmündən daha ağır olur!

Heydər Əliyevin hakimiyyət ömrünü on illərlə ölçüb yarıməsrlik bir tarixdən bəhs edən düşərgə mənsubları, Azərbaycana atılan güllələrin sayı 1987-93-cü illərdə özünün maksimumuna çatmamışdımı? 

Lakin sizin nə elə ürəyiniz, nə də güclü çiyinləriniz yoxdur ki, millətə qarşı yönələn atəşlərin qarşısına çıxasınız!

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR