Ziya Məmmədovun villasında səhərdən axşama kimi domino oynayırlar

img

25-01-2018 [15:24]


Seymur Verdizadə

***

Yeddi-səkkiz il əvvəl Xızı rayonunun Qızılqazma kəndində olanda bu coğrafiyanı yaxşı tanıyan tələbə dostum yolun kənarındakı nəhəng villanı göstərib, belə demişdi: "Bu ev sabiq səhiyyə naziri Əli İnsanovundur. Əli müəllim həbs olunandan sonra ailə üzvləri kəndlə əlaqəni kəsdilər. Uzun müddət maaş almadığına görə gözətçi də villanı tərk etdi. Gəlib-gedən olmadığı üçün ev baxımsız vəziyyətdə qalıb. Yayda damında bayquşlar ulayır”.

Ertəsi gün Bakıya qayıdıb bu məlumatı "çoxbilmişliyi” ilə öyünən jurnalist həmkarımla bölüşəndə, gülüb belə demişdi: "Əli İnsanovun beş-altı villası var. Hamısının qapısından qara qıfıl asılıb”.

Üç-dörd ay əvvəl yenə yolum şimal bölgəsinə düşmüşdü. Şahdağın təmiz havasını ciyərlərimizə çəkmək üçün Qubadan Qusara üz tutduq. 

Mənzil başına çatmağa bir neçə kilometr qalmış yolun solundakı dəbdəbəli villa öz əzəmətli görünüşü ilə diqqətimi cəlb etdi. Vaxtilə Nəqliyyat Nazirliyində məsul vəzifə tutmuş tanışım dərhal izahat verdi: "Ziya Məmmədovun villasıdır”.

Jurnalist marağı güc gəldiyi üçün sürücüdən maşını saxlamağı xahiş etdim. Böyüklüyünə görə Hökumət Evindən geri qalmayan bu nəhəng tikili son dərəcə zövqlə inşa olunmuşdu. Villa ən azı 2 hektar ərazini əhatə edirdi. Həmin vaxt beynimdən keçən ilk fikir bu oldu: "Bakının Nərimanov rayonunda qəzalı vəziyyətdə olan yataqxanalardan birinin sakinlərini tam tərkibdə bura köçürmək olar”.

Vaxtilə Ziya Məmmədovla bir yerdə işləmiş tanışımın cır səsi məni fikrimdən ayırdı: "Ziya müəllim 10 il ərzində bura cəmi üç-dörd dəfə gəlib. İşdən çıxandan sonra isə yolu bir dəfə də bu tərəflərə düşməyib”.

Maraq xatirinə soruşdum: "Villada indi kim yaşayır?”

Cavabı belə oldu: "Gəlib-gedən olmadığı üçün villa gözətçinin ümidinə qalıb. O da avaranın biridir. Cavanları başına yığıb, səhərdən axşama kimi domino oynayır”.

Ötən il Şamaxının Məlhəm kəndində olanda bələdçimiz yolun kənarındakı villalardan birini göstərib, belə demişdi: "Bu evin sahibi vəzifəli şəxs idi. Üç-dörd il əvvəl qəfildən dünyasını dəyişdi. Atalarının Şamaxıda villa tikdirdiyindən uşaqlarının xəbəri yoxdur. Gözətçinin üzünə gün doğub. Yayda həyətə beş-altı masa qoyub, kəndə gələn turistlərə pivə satır”.

Jurnalist dostlarımla birlikdə dörd-beş gün əvvəl Göygölə getmişdik. Qışda da yaydakı kimi gözəl olan bu əsrarəngiz gölə doyunca tamaşa edəndən sonra geri qayıtdıq. 

Yerli əhali arasında Mixaylovka kimi məşhur olan Dəyirmanlar kəndindən keçəndə samuxlu tələbə yoldaşım belə dedi: "Keçmiş Vergilər naziri Fazil Məmmədovun bu kənddə villası var”.

Hamı eyni vaxtda dilləndi: "Ora gedək”.

Kənd balaca, Fazil Məmmədovun villasına uzanan yol hamar olduğu üçün iki dəqiqə sonra mənzil başına çatdıq. Darvazaya yaxınlaşmağa macal tapmamış orta yaşlı gözətçi başımızın üstünü kəsdirdi. Son vaxtlar həftədə beş-altı saat efirdə olmağım bu dəfə əleyhimizə işlədi. Onu əhatə edən adamların jurnalist olduğunu anlayan gözətçi ağzına su alıb dayandı. Biz maşına minəndə o da həyətə keçib, dəmir darvazanı tez-tələsik arxadan bağladı.

Görünür, bir vaxtlar Fazil Məmmədovun dostları ilə birlikdə yeyib-içdiyi qonaq otağında indi domino oynayan həmkəndlilərini daha çox gözlətmək istəmirdi...

Qafqazinfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR