Müstəqil siyasətin real gücü...

img

05-12-2017 [20:55]


Mehdi ABDULLAYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq elmləri doktoru

****

Prezident İlham Əliyev Azərbaycanı qlobal iqtisadi, siyasi, logistik mərkəzə çevirib

Geosiyasi mühitə yeni dinamika verən regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm potensiala malik olan müstəqil Azərbaycan siyasi-iqtisadi əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. 

Son 14 ildə gənc müstəqil dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə rasional fəaliyyət sayəsində reallaşıb.

Beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrilən Azərbaycan

Müstəqilliyinin bərpasından sonra beynəlxalq təşkilatlarla fəal əməkdaşlığa böyük önəm verən Azərbaycan artıq 25 ilə yaxındır ki, geosiyasi maraqlarının gerçəkləşdirilməsi istiqamətində uğurlu addımlar atır. Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yerinin müəyyənləşməsində təbii ki, BMT, ATƏT, NATO, Avropa İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və s. təşkilatlarla əməkdaşlığının da rolu böyükdür. 
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasət konsepsiyasını uğurla davam etdirən cənab İlham Əliyevin milli maraqlarımızın qorunması istiqamətində gördüyü çoxşaxəli işlər, apardığı müstəqil xarici siyasət, həyata keçirdiyi uğurlu xarici diplomatiya Azərbaycanı, sözün həqiqi mənasında, müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda beynəlxalq birliyin ən etibarlı və layiqli tərəfdaşına çevirib.

Ötən ay Prezident İlham Əliyevin iki mötəbər təşkilatın - NATO və Avropa İttifaqının mərkəzi qərargahlarında keçirilən Şimali Atlantika Şurasının iclası və Şərq Tərəfdaşlığı Sammitində iştirakı ölkəmizin beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrildiyini bir daha təsdiqlədi.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. 

Şərq Tərəfdaşlığı, Azərbaycan da daxil olmaqla, Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Budəfəki sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə etdilər. Onlar həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqa sammitindən sonrakı nailiyyətləri qiymətləndirdilər. Artıq Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Avropa İttifaqı 2020-ci ilədək əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlərin isə məhz Brüssel sammitində müəyyənləşdirilməsi nəzərdə tutulmuşdu.

Beynəlxalq birliyin Ermənistanın saxta siyasətinə münasibəti dəyişir

Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən Birgə Bəyannamə isə beynəlxalq təşkilatların Cənubi Qafqazın lider ölkəsinə verdiyi qiymətin bariz təcəssümü idi. Çünki bu bəyannamə ilə Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib. İşğalçı Ermənistanın nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstək alıb. Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.

Əlbəttə, Birgə Bəyannaməni Prezident İlham Əliyevin rasional xarici siyasət və hücum diplomatiyası strategiyasının sayəsində işğalçı Ermənistana vurulan növbəti ağır zərbə adlandırmaq olar. Brüssel sammitində qəbul edilən Birgə Bəyannamə mahiyyətinə görə beynəlxalq hüquqa əsaslanan və strateji əhəmiyyət daşıyan sənəd kimi qiymətləndirilməlidir.

Onu da xatırladaq ki, sammitdən bir gün öncə Prezident İlham Əliyevlə NATO-nun baş katibi Yens Stoltenberqin mətbuata bəyanatlarla çıxışları zamanı da bu mötəbər təşkilatın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb. 

Bütün bunlar isə Ermənistanın apardığı siyasətin iflasa uğradığının təsdiqidir. Bu iflasın Avropa məkanında baş verməsi daha təsirlidir. Çünki Avropa Ermənistanın yalançı xristianlığına, miflər üzərində qurulmuş tarixinə və saxta siyasətinə münasibət göstərdi.

Bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsipləri

Bu gün Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir.

Prezident İlham Əliyevin xarici siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən təqdir olunan model kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. Ölkəmizin tutduğu inkişaf yolu milli mənafeyi ifadə etməklə yanaşı, bölgənin inkişafına və sabitliyinə də xidmət edir. Buna görə də Azərbaycanın iqtisadi, hərbi, mədəni və digər sahələrdə həyata keçirdiyi siyasət təkcə özünün deyil, əməkdaşlıq etdiyi qonşu regionlardakı ölkələrin də inkişafına şərait yaradır. Bu isə ilk növbədə, Azərbaycanın gücünü, qüdrətini göstərir.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda cərəyan edən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan təkcə regional səviyyədə deyil, regionlararası inteqrasiya proseslərində də öz sözünü deyən mühüm faktora çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini təkcə coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.

Siyasi və iqtisadi müstəqilliyin formalaşdırdığı möhkəm təməl

26 illik müstəqillik Azərbaycanın çoxəsrlik həyatında tarixi nöqteyi-nəzərdən az bir zaman kimi görünsə də, ölkəmiz bu müddət ərzində böyük və misilsiz inkişaf yolu keçərək demokratik, hüquqi, dünyəvi dövlət qurmağa, onun təsisatlarını yaratmağa nail olub. Əldə edilən uğurlar müstəqilliyin möhkəmləndirilməsinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına və Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini təmin etməsinə imkan verib. Siyasi, iqtisadi müstəqillik və sosial sabitlik uğurlu inkişafın möhkəm təməlini formalaşdırıb. 

Vaxtilə ulu öndər Heydər Əliyev deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Həqiqətən də iqtisadi inkişaf təməldir. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Çünki güclü iqtisadiyyatı olan ölkə ilk növbədə müstəqilliyi tam təmin etmiş olur. Ən əsası, digər ölkələrin, xarici dairələrin təsirlərinə dirəniş göstərə bilir, ölkədə siyasi təkmilləşmə prosesi uğurla aparılır və əhalinin sosial rifah halı getdikcə yüksəlir. Əbəs yerə deyil ki, məşhur Maslou piramidasında iqtisadi tələbatlar piramidanın ilk qatında yer alır. Dünya şöhrətli psixoloq Abraham Maslounun fikrinə görə, iqtisadi və fizioloji tələbatlar ödənilmədən insan digər tələbatları ön plana çıxara bilməz. 

Dövlət başçısının həyata keçirdiyi siyasi-hüquqi islahatlar sosial-iqtisadi islahatlarla paralel şəkildə gerçəkləşdirilir. Elə bütün bunların nəticəsidir ki, cənab İlham Əliyevin yeni inkişaf strategiyası Azərbaycanı Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən birinə çevirib. 

Ümumiyyətlə, iqtisadi inkişafa əsaslanmayan demokratiya dayanıqlı ola bilməz. Məşhur ABŞ alimi, modernləşmə nəzəriyyəsinin banisi hesab olunan S.M.Lipsetin fikirlərinə görə, bir ölkədə demokratik siyasi sistemin təşəkkül tapması zənginlik, industriallaşma, urbanizasiya və təhsilin səviyyəsi ilə düzmütənasibdir. Azərbaycanda qısa müddət ərzində demokratik inkişafın iqtisadi, hüquqi və doktrinal əsasları qoyulmuş və ölkəmiz bu sahədə ciddi uğurlar əldə etmişdir. Demokratik, hüquqi dövlət quruculuğu Azərbaycanın XXI əsrdə tutduğu dönməz yoldur. Əlbəttə ki, dövlətin iqtisadi dayaqları güclü olmasa, onun siyasi yüklü islahatlar aparması qeyri-mümkündür, iqtisadi dayaqları güclü olmayan ölkədə dövlətçilik ciddi təhdid altına düşə bilər. Bunu postsovet dövlətlərinin timsalında da aydın şəkildə görmüşük. Bu ölkələr vaxtında iqtisadi müstəqilliklərini təmin edə bilmədikləri üçün bu gün forpost dövlətə çevriliblər. Müstəqilliyinin cəmi 26 yaşı olan Azərbaycan isə özünün sürətli inkişafı, sahib olduğu zəngin təbii resursları və əlverişli geopolitik mövqeyi ilə regional miqyasda və beynəlxalq müstəvidə diqqəti cəlb edən dövlətə çevrilib. Respublikamızda müdrik siyasət nəticəsində demokratiya anarxiyaya çevrilməmiş, vətəndaş özünüdərki, iqtisadi inkişaf kimi demokratiyanı dayanıqlı edən amillərlə paralel getmiş və onlara əsaslanır. 

Demokratiyanın dayanıqlığını, uzunmüddətli olmasını təmin edən amillərdən digəri vətəndaş özünüdərkidir. Öz milli kimliyini, tarixini, millətinin məqsəd və məramını, tarixi missiyasını, digər millətlər içində yerini, qısa şəkildə desək, haradan gəlib hara getdiyini bilməyən vətəndaş müxtəlif ideoloji təsirlər qarşısında duruş gətirməyərək milli demokratik, dünyəvi dövlət quruculuğu ənənəsini yaşada bilməz. 

Akademik Ramiz Mehdiyev tərəfindən doktrinal əsaslandırılması hazırlanmış azərbaycançılıq ideologiyası bu sahədəki boşluğu doldurur. Bu ideologiya artıq dünyada yaşayan hər bir azərbaycanlının milli orientiri, istinad nöqtəsi və fəaliyyət proqramı kimi çıxış edən əvəzsiz sərvətimizdir.

Avrasiyanın ən effektiv nəqliyyat-logistika məkanı

Bu, bir həqiqətdir ki, investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional gücə çevrilən Azərbaycan son 14 ildə öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanaraq dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib. Azərbaycan özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirib, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayıb, Avropanın əsas neft-qaz ixracatçısına çevrilib.

Azərbaycanda son 3 ayda baş verən 3 mühüm hadisə - "Yeni əsrin müqaviləsi”, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı və 2 milyard ton neft hasilatı tarixilik və geosiyasi kontekstdə nə qədər əhəmiyyətlidirsə, digər yönümlərdə Avropanın enerji təhlükəsizliyinin təminatıçısı, Avrasiyanın ən effektiv nəqliyyat-logistika məkanına çevrilməsi imkanı baxımından daha əlamətdardır.

Bu 3 mühüm tarixi hadisə ilə bir daha dünyaya öz qüdrətini nümayiş etdirən Azərbaycan həmçinin "Şərq-Qərb”, "Şimal-Cənub” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan dörd layihədən ibarət ("Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP) "Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya yatırılan layihələrin əsas təşəbbüskarlarından biridir. Elə buna görə də Azərbaycan dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən dövlət kimi səciyyələndirilir.

Avropanın yeganə yeni təbii qaz mənbəyi

Avrasiya qitəsində nəqliyyat mərkəzlərinin birinə çevrilmək əzmində olan Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyan iki istiqamət üzrə - energetika və nəqliyyat sahələrinin gələcək inkişafı ilə bağlı çox aydın hədəflər var. 
Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxışı zamanı Azərbaycanın əsas ticarət tərəfdaşının məhz Avropa İttifaqının olduğunu söylədi: "Ticarətimizin, demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır”.

Dəyəri 40 milyard dollardan artıq genişmiqyaslı enerji layihəsi olan "Cənub qaz dəhlizi”nin uğurla inkişaf etdiyini söyləyən Prezident vurğuladı ki, 3500 kilometrlik qaz xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir, çünki Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. Bu layihənin tamamlanması 2020-ci ildə nəzərdə tutulur. 
Onu da xatırlatmaq yerinə düşər ki, "Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində də işlər davam edir. Azərbaycan öz ərazisində demək olar ki, bütün işləri görüb və bu layihənin tamamlanması üçün əlavə texniki və maliyyə resurslarını ortaya qoymağa da hazırdır. Həm Bakı-Tbilisi-Qars, həm də "Şimal-Cənub” dəhlizi Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çevirəcək. Bu, müstəqil Azərbaycanın həm siyasi, həm iqtisadi maraqlarının təmin edilməsində çox mühüm rol oynayacaq.

Öz müstəqil siyasəti ilə dünyanın fovqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu və etibarlı tərəfdaşa çevrilən Azərbaycan Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanaraq diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirir. Təbii ki, müstəqil siyasət əsas etibarilə ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır. Prezident İlham Əliyev isə praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməyi, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atmağı, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməyi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.

Prezident İlham Əliyev üzərinə götürdüyü missiyanı uğurla gerçəkləşdirəcək

Bu gün kosmik klubun məhdud sayda üzvlərindən biri olan Azərbaycan iqtisadiyyat, enerji-nəqliyyat, mədəniyyət, din, elm, təhsil və təhlükəsizliyə aid çox mötəbər beynəlxalq layihələrin aparıcı qüvvəsi kimi böyük İpək yolu üzərində Şərqlə Qərb, Şimalla Cənub, Avropa ilə Asiya, islam aləmi ilə xristian dünyası arasında siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələrdə beynəlxalq əhəmiyyətli körpüdür. 

Prezident İlham Əliyevin yeni iqtisadi konsepsiyası respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin edib, qarşıda duran vəzifələrin həllinə real imkanlar açıb və cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Cənab İlham Əliyevin söylədiyi kimi, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb və 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə yoxdur. 

Azərbaycan Prezidentinin yeni iqtisadi islahatlarının uğurlu gedişini şərtləndirən əsas səbəb onların təməl prinsiplərinin düzgün müəyyənləşdirilərək hazırlanması və qlobal çağırışlardan lokal gerçəkliyədək bütün tələb-şərtlərə uyğunlaşdırılmasıdır. Həmçinin sosial-iqtisadi islahatların hüquqi-siyasi təkmilləşmə ilə bir-birini tamamlaması bu prosesin böyük risklərdən, arzuolunmaz nəticələrdən sığortalanmasını effektiv təmin edib. Milli iqtisadiyyatının əsas inkişaf istiqamətlərini və iqtisadi təhlükəsizliyini təmin edən Azərbaycan dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirib. 

Əlbəttə ki, Azərbaycanın hər bir iqtisadi uğuru ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, Ermənistanın işğal siyasətinin iflasını yaxınlaşdırır. Yəni bütün bu layihələr iki məqsəd güdür: əhalinin firavanlığı, Ermənistana təzyiq və bununla onu işğaldan geri çəkilməyə məcbur etmək. 

Bu, cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətin ana xəttidir. Əminliklə söyləmək olar ki, həyata keçirdiyi müstəqil, uzaqgörən siyasəti ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab İlham Əliyev bu missiyanı da uğurla gerçəkləşdirəcək və adını müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazdıracaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq