Biz niyə Adil İsgəndərov ola bilmirik?

img

12-11-2017 [20:14]


Seymur VERDİZADƏ,
Qafqazinfo.az

****

Deyəsən, Nəsrəddin Tusinin sözləridir: "Bildiklərimi ayağımın altına yığsam, ağacdan alma qopara bilmərəm. Amma bilmədiklərimi yığsam, əlim buludlara çatar”.

Xalq artisti Nurəddin Mehdixanlı maraqlı söhbətləri ilə uzun yolu qısa eləməyi bacarır. Buna görə də Bayraq Günüylə bağlı keçirilən yürüşdə iştirak etmək üçün Tərtərə gedəndə, avtobusda onun başına yığışdıq. Nurəddin bəy ötən əsrdə yaşamış sənətkarlarımızın həyat və yaradıcılığıyla bağlı xeyli maraqlı hadisə danışdı. Mərhum xalq artisti Adil İsgəndərovla bağlı iki epizod isə ömürlük yaddaşıma həkk olundu.

"Axırıncı aşırım” filminin çəkilişləri yekunlaşandan sonra aktyorların səslərinin yazılmasına başlanılıb. Həmin vaxt Adil İsgəndərovla xalq artisti Yusif Vəliyevin arasında soyuqluq varmış, bir-birilərindən gen gəzirmişlər. Buna baxmayaraq, Adil İsgəndərov təklif edib ki, böyük ustalıqla yaratdığı Kərbəlayı İsmayıl obrazını Yusif Vəliyev səsləndirsin. Yusif müəllim aradakı umu-küsünü bir tərəfə qoyaraq, Azərbaycan kinematoqrafçılarının gərgin əməyinin bəhrəsi olan bu gözəl ekran əsərinə öz töhfəsini vermək üçün Kərbəlayı İsmayıl obrazını səsləndirməyə həvəslə razılaşıb.

"Nəsimi” filmi Adil İsgəndərovun Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etdiyi dövrdə çəkilib. Həmin vaxt Adil müəllimin qılıncının dalı da kəsirmiş, qabağı da. Yan-yörəsindəki adamlar Adil müəllimə təklif ediblər ki, Əmir Teymur rolunda özü çəkilsin. 

Adil İsgəndərovun iştirakı ilə bir neçə kadr çəkilib. Sonra Adil müəllim düşmən gözü ilə baxdığı Yusif Vəliyevi Əmir Teymur rolunda çəkilməyə dəvət edib. Bir neçə kadr da Yusif müəllimin iştirakı ilə çəkilib. Ətrafındakı yaltaqlar Adil müəllimi inandırmaq istəyiblər ki, o, Əmir Teymur obrazını daha canlı yaradıb, filmdə özü çəkilsin. Amma mərhum aktyorumuz bu sözlərin hamısını qulaqardına vurub. Deyib ki, Əmir Teymur obrazı Yusifin boyuna biçilib. Düşmən də olsaq, onu çəkəcəyik.

Bəs biz necə davranırıq? Sələflərimizdən nəsə öyrənə bilmişkmi? Başımız çıxmayan işdən imtina etməyi bacarırıqmı? 

Özəl telekanalların birində çalışan həmkarım üç-dörd il əvvəl məndən kömək istəmişdi: "Gələn həftə qız uşaqlarının tərbiyəsiylə bağlı müzakirələr aparacağıq. Mənə yaxşı bir ekspert tap”.

Dərhal belə cavab vermişdim: "Elmira xalanı dəvət edin”.

Həmkarım təəccüblə üzümə baxmışdı: "Elmira xala kimdir?”

Qısa izahat verməli olmuşdum: "Bizim həmkəndlimizdir. Həyat yoldaşını erkən itirdiyi üçün beş qızı təkbaşına böyüdüb. İndi nəvə-nəticə sahibidir”.

Jurnalist həmkarımın ağzı bir qədər sağa doğru əyilmişdi: "Mənim verilişim kəndçi-kündçü yeri deyil. Gələn qonaq ən azı əməkdar artist olmalıdır”.

Qələm dostumun kobudluğu məni məyus etdiyi üçün "Bizim kənddən əməkdar artist çıxmayıb”, - deyib sürətlə ordan uzaqlaşmışdım...

Növbəti həftə veriliş çəkildi. Ekspert qismində iştirak edən əməkdar artist valideynlərə çoxlu məsləhətlər verdi, təkcə özündən kiçiklərə deyil, hətta böyüklərə də ağıl öyrətməyə çalışdı. Sonda aparıcı ondan soruşdu: "Müəllim, siz öz qızınızın tərbiyəsində bu təcrübədən istifadə edirsiniz?”

Kişinin sifəti qaraldı, donqar beli bir az da əyildi. Utana-utana belə dedi: "Həyat yoldaşımla aramızda problem olduğu üçün 18 ildi qızımın üzünü görmürəm”.

O vaxtdan bəri bir sual mənə rahatlıq vermir: ötən 18 ildə qızının üzünü bir dəfə görməyən, onun təlim-tərbiyəsində zərrə qədər rolu olmayan adam hansı üzlə qız uşaqlarının tərbiyəsilə bağlı verilişə çıxır? Heç olmasa, bu həssas mövzudan imtina etmək olmazdımı?

Əməkdar artist Ruhəngiz Musəvinin yaxşı avazı var, ifa etdiyi mahnılarla dinləyicilərin ruhunu oxşamağı bacarır. Bir müddət əvvəl Ruhəngiz xanımı teelkanalların birinin mətbəxində gördüm. İki saat əlləşsə də, ortaya fərli-başlı bir şey çıxara bilmədi...

Tanınmış sənət adamlarını tez-tez mətbəx verilişlərində görürük. Hansı ki, onların heç biri peşəkar aşpaz deyil. Hətta elələri var ki, adi qayğanaq bişirə bilmir. Bəs niyə həmin verilişlərə çıxmaqdan imtina etmirlər? Yoxsa, özlərini gülüş obyektinə çevirməkdən xoşları gəlir?

Azərbaycan cəmiyyətində imtina mədəniyyəti zəif inkişaf edib. Ötən gün ARB-də qonaq olduğum "Vüsalə ilə sözbəsöz” verilişində də dedim: "Ağamirzə yaxşı meyxanaçıdır, minlərlə fanatı var. Amma Ağamirzə aktyor deyil. Ağamirzəni nə vadar edir ki, aktyor olmaya-olmaya hər gün bir seriala çəkilir?”

Gənc müğənni Aysel Əlizadə üç-dörd gün əvvəl "Space” televiziyasında vətənpərvərlik mövzusuna həsr olunmuş bir verilişin qonağı idi. 

Aparıcı Səməd Vurğunun "El bilir ki, sən mənimsəm” misrası ilə başlayan məşhur "Azərbaycan” şerindən bir bənd deyəndən sonra Ayseldən bu əsərin müəllifinin kim olduğunu soruşdu. Müğənni xanımın cavabı belə oldu: "Abdulla Şaiq”.

Hətta rəhmətlik nənəmin də əzbər bildiyi "Azərbaycan” şeirinin müəllifini tanımayan adam vətənpərvərlik mövzusuna həsr olunmuş verilişə niyə çıxır? Özlərinə güvənməyəm müğənnilərin az-çox savad, dünyagörüş tələb edən verilişlərdən imtina etməyi daha doğru olmazdımı?

P.S. Biz Adil İsgəndərovu sevirik, ona hörmət edirik, amma ondan fərqli olaraq, yaxşı bacarmadığımız işdən imtina etmirik. Buna görə də Adil İsgəndərovun çölə atılan dırnağı da ola bilmirik...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq