Xeybər Göyyallı
***
Bir-iki il əvvəl yazmışdım ki, Anadolu türkləri qabaqkı türklər deyil, yaman dəyişiblər. Çox əfsuslar olsun ki, qənaətim özünü doğruldur. Müşahidələrdən belə qənaətə gəlmək olar ki, digər millətlərdən fərqli olaraq, türklər ( bu məqamda bütün türk tayfaları nəzərdə tutulur) yad fikirlərin təsirinə çox tez düşürlər.
Qloballaşmış dünyanın hazırkı mənzərəsi açıq-aşkar göstərir ki, bu gün özünü dünyanın bəşəri və inkişaf etmiş xalqları kimi təqdim edənlər zahirən nə qədər sivil və bəşəri görünsələr də, alt qatda bir o qədər millidirlər. Anadolu türklərinin seçilmişləri, dünya səviyyəsində az-çox tanınmışları isə bilərəkdən, ya bilməyərəkdən ( ya zəlzələdən, ya vəlvələdən fərq etməz) min illərlə türklərə qarşı aparılan məkrli ideologiyanın qurbanına çevrilirlər. Biz tez-tez belə bir ifadə işlədirik ki, dünyada erməni lobbisi güclüdür. Bu fikri inkar emək olmaz, bu yüzdə yüz belədir. Ancaq unuduruq ki, əgər dünyanın böyük ideoloji mərkəzlərinin ciddi maraqları olmasa, onlar riyakar ermənilərin vay-şivəninə qoşulmazlar. Demək, min illik siyasət öz işini yeniləşmiş şəkildə davam etdirir. 21-ci əsrdə dünyada aparılan "sivil” siyasət Anadolu türklərinin dünya çapında tanınmışlarını tamam dəyişdirib.
Bu da Türkiyənin tanınmış yazıçısı Kemal Yalçın. Görün, nə deyir, nə danışır. Təkcə deyib danışmır, əməllibaşlı dəsmal alıb əlinə 1915-ci ildə ölmüş erməniləri ağlayır. Onun öz dilindən dediklərini eşidək, sonra yazıya davam edərik.
Kemal Yalçın deyir: " İlk növbədə istəyirəm ki, türklər, ermənilər, kürdlər və bütün bəşəriyyət əmin –amanlıq içində yaşasınlar, bir-biri ilə düşmən olmasınlar.Yüz il ərzində ermənilər soyqırımın tanınması uğrunda mübarizə aparıblar, türklər isə onu inkar etməkdən yorulublar. Soyqırım əksər ölkələr tərəfindən tanınır, Türkiyə isə qəbul etmək istəmir. Mən inanıram ki, Türkiyə bir gün ermənilərin soyqırımı faktını tanıyacaq. Gələcək nəslimizin sülh içində yaşamağını istəyirəm”.
Kemal Yalçının mənim nə yazdığımdan əsla xəbəri olmayacağına əminəm. Amma yenə bir-iki xatırlatma edək ,bəlkə, erməni dosrları onun qulağına nəsə çatdırar. Əminəm ki, ermənilər Azərbaycan mətbuatı ilə yaxından maraqlanırlar Mən inanmıram ki, tanınmış yazıçı ermənilərin soyqırım vay-şivənin əsl mahiyyətini bilməmiş olsun.Əminliklə demək olar ki,onu erməni lobbisi "şirəyə çəkib”. Yazıçı deyir ki, ermənilər yüz ildir çığırır , türklər isə eşitmir. Görəsən,”böyük humanist” yazıçı öz vicdanın səsinə qulaq asıb, özünə sual verib ki, türklər inkar etməkdən yorulub, bəs ermənilər niyə üzlərini,yanlarını cırmaqdan hələ də yorulmayıblar?
Əksinə, ermənilər taktikalarını yeniləyib, siyasətlərinə yeni rəng qatıblar. Məkrli ermənilər havadarlarının dəstəyi ilə dünyada tanınmış türklərin öz dilindən "erməni soyqırımı” ifadəsini səsləndirirlər.
Görəsən, "humanist” yazıçı ən adi bir uşaq məntiqi ilə özlüyündə sual edib ki, 1915-ci ildə Türkiyədə onlarla müxtəlif millət yaşayırdı ( bu gün də yaşayırlar), onların içərisində niyə məhz ermənilər türklərin qəzəbinə gəldi? Cavabını bilməmiş olmaz, amma yenə deyim. Çünki onda da ermənilər başqalarının ağuşunda oturub Türkiyənin bölünməsinə xidmət edirdilər. Birinci Dünya Müharibəsinin yaratdığı xaosdan istifadə edən Türkiyədə yaşayan ermənilər havadarlarının fitvası ilə Anadolu torpaqlarında erməni dövləti qurmaq üçün dinc əhalini süngüdən keçirdilər. Belə olduğu halda türklər erməniləri alqışlamalı idimi?
Bu mövzuda çox yazılıb, çox deyilib. Ermənilərin vay-şivəninə, yersiz çığır-bağırına baxmayaraq, tarix əsl həqiqəti özündə qoruyub saxlayır. Dünya, erməniləri də yaxşı tanıyır, türkləri də. Ancaq dünya, erməniləri niyə hər addımda müdafiə edir, bu da hamıya bəllidir.Axı ermənilər də hər addımbaşı dünyanın işinə yarayır. Dedim ki, bu mövzuda çox yazılıb. Bütün tarix boyu fikri ilə əməli eyni olan türklər bütün dünyadan 1915-ci il hadisələrini özündə qoruyub saxlayan arxivlərin açılmasını tələb edir, öz arxivlərini isə bütün dünyanın üzünə açdığını bəyan edir. Ermənilər və onların havadarları isə bu aksiyadan qaçırlar.Yəqin, niyə qaçdıqları uydurduqları yalanın ifşası ilə bağlıdır. Türkiyə isə həmin arxivlərini maraqlanan hər kəsin üzünə açıb. Həmin hadisələri özündə əks etdirən tarixi faktlar birmənalı şəkildə sübuta yetirir ki, tarixdə erməni soyqırımı adlı bir şey yoxdur. Bunu həmin tarixi faktlarla tanış olmuş vicdanlı və ədalətli şəxslərin hamısı söyləyir.
Həmin şəxslərdən birinin - sabiq ABŞ prezidenti Ronald Reyqanın hüquq məsələləri üzrə köməkçisi olmuş Brus Feinin fikirləri ilə yazını tamamlamaq istərdim.
Brus Feinin birmənalı şəkildə bildirir: ”Erməni soyqırımı iddiaları həqiqətdən çox uzaqdır və ABŞ Konqrensində erməni hadisələrinin müzakirəsi siyasi məqsəd daşıyır. 1915-ci ildə Osmanlı imperatorluğunda ermənilərin öldürülməsinin soyqırım olması ilə bağlı heç bir sübut yoxdur. Bu, sadəcə, Ağ Evə deyil, həm də digər qurumlara təqdim olunan sənədlər üçün keçərlidir”.
Bunun ardınca Brus Feinin bəyan etmişdir ki, Reyqanın prezidentliyi dövründə bu məsələ geniş şəkildə araşdırılmış və soyqırım iddialarının əsassız olduğu sübuta yetirilmişdir. Sabiq ABŞ prezidentinin köməkçisi onu da vurğulamışdır ki, Osmanlı imperatorluğu etnik azlıqlara xüsusi diqqət göstərmiş, onları himayə etmişdir. Brus Feinin onu da bütün dünyanın diqqətinə çatdırmışdır ki, ermənilər süni şəkildə itkilərinin sayını artırmışlar, əslində, həmin dövrdə Anadoluda türklər 2 milyon, ermənilər isə 300- 600 min arasında itki vermişlər. "Böyük humanist” yazıçı, bunu türklər demir, bunu ABŞ siyasətçisi və araşdırmaçısı deyir.
Onu da "böyük humanist” yazıçının diqqətinə çatdırıram ki, insanı yalan yorur, insanı yalan bezdirir. Türkiyə haqqın yanında olduğu üçün yorulmayacaq, amma dünya bir gün erməni yalanlarından bezəcəkdir. İnanın ki, bu olacaq.