11-08-2017 [14:07]
İbrahim Rüstəmli
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar jurnalist
***
Bu məktubu sizə – oğulları yad torpaqlarda həlak olmuş əsgər atalarına dərin hüznlə yazıram, – ən azı övlad itkisinin nə qədər ağır olduğunu bildiyim üçün…
Məktubumun yalnız sizə deyil, məntiqsiz müharibə və münaqişələrin acısını dadmış bütün insanlara, az da olsa, təskinlik gətirəcəyinə və bölüşmək istədiyim fikirlərin tərəfinizdən səmimi qarşılanacağına inanıram: hər bir kəlməmin, hər bir cümləmin arxasında yalnız insanlıq və humanizm meyarlarının dayandığına öz gözlərinizlə şahidlik edəcəksiniz.
Bununla belə, düşdüyünüz vəziyyətin, çəkdiyiniz dərdin ağırlığını bütün incəliklərinədək duyan bir insan kimi, bu mənasız, amma son dərəcə ağır və sağalmaz bəlaya düçar olanların sırasında nə birinci, nə də sonuncu olduğunuzu bəri başdan böyük təəssüf hissilə diqqətinizə çatdırıram.
Öz şəxsi ambisiyaları naminə həyatınızı girov götürən, övladlarınızı əsir alan, gələcəyinizi qumara qoyanların doğurduğu bu insan qanına həris bataqlığı qısa zaman kəsiyində, özü də dinc yolla qurutmaq, bilirəm, çətin olacaq.
Çevrənizdəki siyasi dəllalların vətənpərvərlik və dövlətçilik kimi müqəddəs hisslərlə pərdələdiyi, əslində isə sırf maddiyata söykənən iti nəfsi balalarınızı udan bu nəhəng əjdahanın tezliklə iştahadan düşəcəyinə inam yeri qoymur.
O üzdən nəinki qapı arxasında qalmağınıza, heç adi bir mükafata, diqqətə belə layiq görülmədiyinizə görə təəccüblənmədiyim üçün məndən inciməyin və inanın: vurnuxduğunuz qaranlıq labirintin hətta günəşə ən yaxın hücrəsində belə iynə sədəfi boyda işıq zərrəsi axtarıb tapmaq istəyimə aramızdakı din, dil və məkan fərqi də mane ola bilmir. Ancaq ayağısürüşkən "ideoloq"larınızın zaman-zaman, növbəli şəkildə, çoxgedişli kombinasiyalarla, üzdə mürəkkəb, əslində isə, hamımız üçün tamamilə aydın olan çox sadə və bəsit siyasi gedişlərlə müşahidə olunan təhlükəli oyunları heç bir qayda və qanun tanımır. Sizi – erməni xalqının sadə nümayəndələrini hər gün müəmmalı övlad itkilərilə için-için göynədən də, bir tikə çörək dalınca küçələrə salan da, yad diyarlarda başıqapazlı edən də… elə bu deyilmi!
Ətrafınıza diqqətlə baxın və sualıma səmimi cavab verməyə çalışın: İrəvanda, övladları işğal edilmiş yad torpaqların "müdafiəsinə" zorla göndərilən, ancaq öz ev-eşiyinə sahib çıxa bilməyən, bir tikə çörəyin, isti od-ocağın yiyəsi olmayan qonum-qonşularınızın Qarabağ iddiasına, Qarabağ sevgisinə inanırsınızmı?..
Bu, sadə sualdı, ancaq bu sadə suala cavab verməyin sizin üçün nə qədər ağır olduğunu bütün incəliklərinədək başa düşürəm: bir qrup ideoloji manyakın və o manyakların himayəsində tiryək havasına min hoqqadan çıxan bir kəsimin əsarəti altında hər gün əzab çəkdiyinizi, alçaldıldığınızı, təhqir olunduğunuzu, öldürüldüyünüzü… dəqiq bilirəm. Sizi təmsil edən iqtidarın sosial, siyasi, iqtisadi planları siyahısında adınızın heç sonuncu yerdə belə omadığını da diqqətinizə çatdırmaqla bir ilkə imza atmadığımı yaxşı anlayıram…
Bir tikə çörəklə, övlad dağı ilə əhalinin başını qatan, nə xalqın, nə də beynəlxalq hüququn dəstəyini qazanan bir iqtidara güvənməmək, etibar etməmək sizin kimi küncə sıxışdırılmış insanların haqq etdiyi yeganə yoldu. O üzdən Avropa Məhkəməsinə müraciətinizi, nəhayət, əsl həqiqət axtarışlarında olan sadə erməni xalqının qazandığı möhtəşəm uğur kimi dəyərləndirirəm, ancaq bunun neçə-neçə günahsız erməni gəncinin həyatı bahasına başa gəldiyini düşünəndə təəssüflənməmək olmur, – Allah bilir, hələ bundan sonra sizi nə qədər belə itkilər gözləyir…
Sualıma verəcəyiniz cavabın adi məntiqlə cızılan konturları isə o qədər aydın və şəffafdır ki, əvvəllər mənimlə, sonralar sizinlə, daha sonralar isə ruslarla, belaruslarla, ukraynalılarla… eyni məkanı bölüşən soydaşlarınızın təsadüfən şahidi olduğum qəlb çırpıntılarını xatırlamaya bilmirəm. Azərbaycan həsrətini, Bakı yanğısını hələ də ürəklərində daşıyan o insanların sadəlövhcəsinə saxta İrəvan rəhbərliyinə ünvanladığı qarğış dolu lənətlər indinin özündə də qulaqlarımdan çəkilmir: "Əclaflar bizi ev-eşiyimizdən didərgin saldılar…"
Bu o iqtidardı ki, zaman-zaman zəngin nəzəri, praktik əsaslar üzərində formalaşan, bərkiyən və yaşamaq hüququ qazanan beynəlxalq normaları kobudcasına poza-poza uzun illərdir Ermənistan vətəndaşlarını – sizin balalarınızı zorla Azərbaycanın işğal edilmiş ərazilərinə – Dağlıq Qarabağa hərbi xidmətə göndərir; nəinki dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü tərəfindən tanınmayan qondarma bir "respublika"nın "müdafiə"sini təşkil etmək adı altında siyasi rezervuarlar yaradır və bu rezervuarları hakimiyyədəki ömrünü mümkün qədər daha çox uzatmaq üçün təhlükəli vasitəyə çevirir: İrəvanda xalq ayağa qalxan kimi Dağlıq Qarabağda dərhal süni lokal partlayışlar törədilir…
Bax beləcə, İrəvanda sizin səsiniz, Qarabağda isə övladlarınızın qanı batırılır…
Məktubumda Qarabağın Azərbaycana məxsusuluğunu təsdiq edən daşlaşmış tarixi faktlar haqqında danışmaqla bəlalı başınızı bir az da ağrıtmaq istəmirəm. Onsuz da bu, sizdən ötrü heç bir maddi, mənəvi əhəmiyyət daşımır. Çəkdiyiniz dərd o qədər böyükdü ki, yerliləriniz tərəfindən döyülə-döyülə qətlə yetirilən zavallı övladınızın təhqir edilmiş, alçaldılmış ruhu ilə hər gecə soyuq evinizin qaranlıq hücrəsində üz-üzə, göz-gözə dayandığınızı və hər gecə yorulmaq bilmədən səhərədək öz-özünüzə verdiyiniz sualı uzaqdan-uzağa duyuram: "Mənim balamın orada nə işi vardı, axı!!?"
Bu elə çətin sualdı ki, o suala nəinki siz, heç sizin oğlunuzun qatilləri – süni təkəbbürlə, məntiqsiz iddialarla növbə ilə hakimiyyət sükanı arxasına keçən və qoltuq altından boylanan başbilənləriniz belə cavab tapa bilmir.
Görün vəziyyət hansı həddə çatıb: Avropa İnsan Haqları Məhkəməsinin dolayısıyla sizin adınızdan dövlətinizə ünvanladığı sorğu da, bu sorğuya verilən cavab da həm sizin, həm də beynəlxalq ictimaiyyətin bütövlükdə Ermənistan haqqındakı təsəvvürlərində çox ciddi çatlar, çox ciddi şübhələr yaradıb: nüfuzlu bir təşkilatin sorğusuna 1994-cü ildə Ermənistanla Qarabağ arasında imzalanmış "dövlətlərarası sənədlə" cavab vermək üçün istər siyasi, istərsə də hüquqi baxımdan, görəsən, nə qədər savadsız, nə qədər həyasız olmalısan!?
Beynəlxalq ictimaiyyət, dünya birliyi, siyasi təşkilatlar bir kənara dursun, heç Ermənistanın özünün belə tanımadığı bir qurumla "dövlətlərarası sənəd" imzalaması və bu sənədi əsas gətirməsi siyasi arenada misli-bərabəri görünməyən o qədər böyük riyakarlıq, o qədər böyük saxtakarlıq, o qədər böyük avantüradır ki, o sənədi ictimai iaşə obyektlərindəki salfetlərlə belə müqayisə etmək mümkün deyil. Yəqin elə buna görə həmin "sənəd"i indiyədək hələ də üzə çıxaran, sizə təqdim edən tapılmayıb.
Övladınızın artilleriya bölməsinin komandiri və hərbi hissə komandirinin müavini tərəfindən döyülərək öldürülməsi, lakin qondarma "dövlətin" müdafiə naziri Seyran Ohanyanın xahişi ilə cinayətkarların hələ də məsuliyyətə cəlb olunmaması ilə bağlı iddianız mənim yuxarıda sadaladığım fikirlərimlə razılaşacağınıza çox ciddi zəmin yaradır. Bu, həm də Qarabağla bağlı düşüncələrimiz və mövqelərimiz arasındakı kəskin fərqliliyin mövcudluğuna yol açan tutarlı stimuldur. O üzdən diqqətinizi səmimi bir etirafıma yönəltməyi də özümə borc bilirəm: əgər yurddaşlarım arasında övladı Qarabağda döyüşdüyünə, yaralandığına, yaxud həlak olduğuna görə təəssüflənən bir ailə tanısaydım, bu məktubu da sizə yazmazdım.
Oğlunun o torpaqda xidmət etməsindən şərəf duyan, qürur hissi keçirənlər arasında mən də varam: bizi Qarabağa kökü əsrlərin o tayından, qan yaddaşımızdan gələn çox ciddi mənəvi tellər bağlayır. O telləri qırmaq Ermənistan kimi Məhdud Məsuliyyətli Cəmiyyəti xatırladan bir dövlətin imkanları daxilində deyil. Odur ki, fürsətdən istifadə edib, hələ də müvəqqəti qələbənin eyforiyasından çıxa bilməyən, reallığı qəsdən düzgün qiymətləndirməyən, Azərbaycan dövlətini, Azərbaycan Ordusunu sizlərə bir özgə biçimdə təqdim edən iqtidarınıza, təkəbbürlü generalitetinizə vacib bir həqiqəti də xatırladıram: Sülh – müharibələr arasındakı fasilədi! Bunu unutmayın!..
Məktubumun sonunda, vəziyyətin nə yerdə olduğunu anlamanız üçün bütün təhlükələri göz altına alıb öz ata-babalarının qəbrini ziyarət etməyə gedən və buna görə hökumətiniz tərəfindən məhkəmə qarşısına çıxarılan azərbaycanlıların gözlərinə diqqətlə baxmağınızı xahiş edirəm. Siz o gözlərdə səbr kasamızın yavaş-yavaş daşdığını görəcəksiniz. O üzdən nə qədər ki, dövlətimizin sülhü dəstəkləmək imkanları tükənbəyib, nə qədər ki, münaqişə yenidən qızışmayıb, nə qədər ki, digər övladlarınız da ətrafınızdakı siyasi dəllalların qurbanına çevrilməyib, tələsin, bizim sabahda edəcəyimizi, bu gün siz edin: Ermənistan iqtidarına öz yerini, öz həddini tanıdın. Tanıdın ki, yad torpaqlardan qapınıza övlad tabutları gəlməsin…
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var