Xeybər Göyyallı
İşdən qanunsuz çıxarılmağım barədə məhkəmə mübahisələndirməsi davam edir.Yəqin, hələ bir müddət də davam edəcəkdir. Çünki bu işdən az- çox xəbərdar olanlar bilirlər ki, mən yüzdə yüz haqlıyam. Əgər haqsız olsa idim, ilk gündən günahkar kimi susardım. Qarşı tərəf isə elə güman edirdi ki, günahsıza əsassız cəza verməklə nəyə isə nail olacaqdır. Güman edirəm ki, haqsızlığa yol vermiş qarşı tərəf vicdan əzab çəkir. Çünki yol verilmiş haqsızlığın heç bir hüquqi və mənəvi əsası yoxdir. Gerçək hüquqi dəlil və sübutlar son dərəcə çılpaq olduğundan ona ölçüsündə don tapıb geyindirmək də çox çətindir.
Bu vaxtadək üç məhkəmə instansiyası keçmişəm.Üçüncü instansiya Azərbaycan Respublikasının Ali Məhkəməsi oldu. Doğrusu, Ali Məhkəmədə ədalətin zəfər çalacağına daha çox inanırdım. Güman edirdim ki, burası Ali Məhkəmədir, yəqin, burada aşağı instansiya məhkəməsinin buraxdığı nöqsanlara düzəliş olunar, yol verilmiş hüquqi səhvlər aradan qaldırılar.
Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin rəhbərliyinə məhkəmədən əvvəl rəsmi şəkildə ərizə ilə müraciət etmişdim.Həmin müraciətdə cavabdeh tərəfin mənə qarşı qeyri-rəsmi irəli sürdüyü məsələnin araşdırılmasını və söhbətgedən məhkəmə işinə ədalətlə baxılmasını xahiş etmişdim.
Güman edirdim ki, Ali Məhkəmə adına layiq olaraq ali dəyərləri uca titacaq, məhkəmə işinə ədalətlə baxılacaq. Azərbaycan Respublikasının Ali Məhkəməsinin portalında və məhkəmə prosesi gedən zalında haqqı tandanmış insanlara stimul və ümidverən şüarlar yazılıb. İnsan da ümid və inamla yaşayan bir varlıqdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin portalında, səhifənin lap yuxarı başında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu dahiyanə sözləri yazılıb: "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə”.
Bu müdrik kəlam Azərbaycan Respublikasının Ali Məhkəməsinin devizidir.Deviz ideal olmalıdır, ən çətin məqamlarda belə ona sadiq qalınmalıdır.Məhkəmə baxışının keçirildiyi zalda da daha bir ideal şüarın şahidi olduq: ”Hökmdar qanun deyil, qanun hökmdardır”.
Əfsuslar olsun ki, bu ideallığın şahidi olmadım. Farslar demiş, səd heyf! Qarşı tərəfin əsassız iddiaları burada da özünə arxa , dayaq tapdı, mənim düzüm isə düzdə qaldı. Ancaq onu da tam səmimi deyirəm ki, Ali Məhkəmənin möhtəşəm binasında möhtəşəm bir məhkəmə baxışı oldu. Mən Ali Məhkəmənin hakimi Mehparə xanım Əhmədovanın sədrliyi ilə keçən məhkəmə prosesindən çox razı qaldım. Ədalət naminə qeyd edim ki, qısa sürən məhkəmə prosesi son dərəcə şəffaf və ədalətli keçirildi.
Qısa məhkəmə prosesindən aydın oldu ki, hakim məhkəmə materiallarını incəliyinə qədər oxuyub, özlüyündə təhlil etmişdir. Hakim, həqiqətən, məhkəmə işindən tam hali idi. Hakim məhkəmə prosesini ədalətli, açıq-aşkar və son dərəcə səmimi bir atmosferdə keçirdi. Mən müəyyən səbəblərdən məhkəmə iclasında aparılmış söhbətin təfərrüatına bu məqamda varmaq istəmirəm. Qarşı tərəfin məhkəmə prosesində iştirak edən nümayəndəsi bir daha haqsız olduqlarını açıq-aşkar gördü və bu səhnəyə məhkəmə zalında əyləşmiş digər şəxslər də gerçək şahid oldular. Başqa cür də ola bilməzdi. Bu yerdə unutduğumuz bir bolşevik deyimi lap yerinə düşür: ”Faktlar yaman tərs şeydir”.
Bu məqamda ədalət naminə onu da deyim ki, hər üç məhkəmə prosesi mənəvi cəhətdən mənim üstünlüyümün müşayiəti ilə keçmişdir.
Deyəcəksiniz ki, bəs onda niyə məhkəmə qətnamələri mənim əleyhimə çıxarılıb? Bunun səbəbini izah etmək, onun hansı səbəbdən baş verdiyini söyləmək çox asan, ancaq bu vəziyyəti yaradanların kimliyini dəqiqləşdirmək və təsdiqləmək isə çox çətindir. Amma əlahəzrət fakt ortalıqdadır. Lap uzaqdan görünür ki, mənim işdən çıxarılmağım tamamilə qanunsuzdur. Mən bu barədə düz dörd məqalə yazmışam, bu beşincidir. Ancaq bir daha qısa formada işdən çıxarılmağımın səbəbini xatırlatmağım vacibdir. Mən redaktor işlədiyim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəşriyyatında "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalını ədəbi-bədii cəhətdən redaktə etmişəm.
Keçən ilin iyul ayında adıçəkilən jurnalın 2-ci sayının materiallarını hazırlayıb jurnalın baş redaktoru Urxan Ələkbərov və məsul katibi Elman Nəsirova təqdim etmiş, sonra kadrlar şöbəsinin göstərişi ilə məcburi əmək məzuniyyətinə çıxmışam. Məndən sonra jurnalda dərc olunacaq məqalələrin bir- ikisinin ingilis dilində verilmiş xülasələrində baş redaktor U.Ələkbərov cüzi redaktələr etdikdən sonra məsul katibə qaytarıb.
Məsul katib də həmin düzəlişlərdən sonra jurnalı dizayn etdirib və çap olunması üçün "Təhsil” MMC-yə təqdim edib. Həmişə olduğu kimi, bu dəfə də məsul katib "Təhsil” MMC-dən gələn siqnal nüsxənin hər səhifəsini dəst-xətti ilə imzalamaqla kütləvi tirajın nəşrinə razılıq vermişdir.2016 -cı ilin oktyabr ayında jurnalda məqaləsi dərc olunmuş şəxslərdən biri baş redaktora zəng edib bildirir ki, məqaləsində texniki səhv var. Bu səhv də dörd sözün "sürüşməsidir”. Jurnalın baş redaktoru, akademik Urxan Ələkbərov da aramadan, araşdırmadan iki ayağını bir başmağa qoydu ki, jurnalı səhifələyən (dizayner) və redaktor işdən ərizə yazıb getməlidirlər, əks təqdirdə, əmək müqaviləsi birtərəfli qaydada pozulacaqdır.
Akademik Urxan Ələkbərov məsul katibə gözün üstə qaşın var deyə bilmədiyindən iki nəfəri çox haqsız və qanunsuz bir formada işdən çıxardı. Ən böyük biabırçılıq isə odur ki, işdən çıxarılmaq barəsində verilmiş əmr də düzgün qanuniləşdirilməmişdir. Bir işdənçıxarma əmrindəki çoxsaylı hüquqi səhvlər də çox nəsnələrdən xəbər verir. Mən təbiətən dövləti və onun qanunlarını sevən bir insanam. Heç kəsin haqq-ədalətinə toxunmur, heç kəsin də mənim haqq-ədalət sərhədimi pozmasını sevmirəm. Belə ki, cəmiyyətdə və həyatda hər kəsin öz yeri vardır. Akademik U. Ələkbərovun mənə qarşı etdiyi ədalətsizliyi müstəqil Azərbaycan dövlətinin verdiyi hüquqi imkanlara güvənərək qəbul etmədim. Axı mənim günahım nə idi? Yol verilmiş səhvin mənə nə aidiyyatı var idi?
İlkin olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və onun müvafiq şöbələrinə müraciət etdim, bilavasitə müvafiq sahənin idarəetməsinə cavabdeh olan şəxslərin qəbullarında oldum. Bu müraciətlərə DİA-nın rəhbərliyi tərəfindən iki fərqli cavab gəldi. Həmin cavablar həqiqəti doğru əks etdirmədiyindən burada onu yazmağa heç bir lüzum yoxdur. İlkin vaxtlarda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının köməkliyi ilə işimə bərpa olunmaq üçün ciddi cəhdlər göstərdim. Sonra isə məhkəməyə müraciət etmək məcburiyyətində qaldım.
...Hər üç məhkəmənin mənim lehimə qətnamə çıxaracağına inanmışam. Çünki hakimlər məhkəmə işindəki sübut və dəlillərin tamamilə inandırıcı olduğunu əyani surətdə görürdülər. Amma... Amması odur ki, qarşı tərəf Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının çətiri altında özünə güclü müdafiəçilər tapıb. Hakimlərin insani duyğu və düşüncələrinə zərrə qədər olsun
şübhəm yoxdur. Təəssüf ki, hakimlər sədrlərə verilmiş sifarişlərdən kənara çıxa bilmirlər. Elə bu səbəbdən məhkəmə çəkişmələri mənim üstünlüyümün müşayiəti ilə keçsə də, qətnamə qarşı tərəfin xeyrinə çıxarılır. Bu dəfə də belə oldu. Azərbaycan Respublikasının Ali Məhkəməsində də qarşı tərəfin sifarişi yerinə yetirildi. Çünki U.Ələkbərov məni tam qanunsuz işdən çıxardığından özünümüdafiə naminə yuxarılara mənim barəmdə həqiqəti əks etdirməyən , ancaq özünə sərf edən səhv məlumatlar çatdırır. İşdən azad olunmağımın səbəbini təhrif olunmuş, özünə sərf edən kontekstdə şərh edir.
Kabinetindəki xidməti hökumət telefonu vasitəsi ilə aləmə car çəkib ki, guya mən müxafilətçiyəm. Bəzi yüksək mənsəbli məmurlar da heç bir araşdırma aparmadan, hansı səbəbdənsə bu əsassız məlumatlara inanırlar. U.Ələkbərov bu əsassız məlumatları mənim işdən qanunsuz çıxarılmağım barədə müstəqil saytlarda yazdığım məqalərə istinad edərək deyir. Onun bu mülahizəsini hər üç məhkəmə prosesində qanuni nümayəndəsi Vacib Eldarov da dəfələrlə təkrarlayıb.
Müstəqil saytlarda məqalə yazmaq, pozulmuş hüquqlarımı ictimaiyyətin diqqətinə çatdırmaq nə vaxtdan müxalifətçilik sayılıb?! Məsələyə bu cür yanaşmaq məhdud düşüncədən və aqressiyanın şiddətindən xəbər verir.
Bir də akademik U.Ələkbərovun məntiqindən belə qənaət hasil olur ki, yalnız müxalifətçilər haqsızlıqla barışmır.Bu necə yanaşmadır? Mən bir daha bəyan edirəm ki, heç bir siyası partiyanın üzvü deyiləm.Mətbuatda dərc olunmuş yazılarımda da heç bir müxalif fikrə rast gəlinə bilməz.Belə olduğu təqdirdə, hörmətli akademik, öz ambisiyalarınızın müdafiəsi naminə mənə niyə əssasız yerə müxalifətçi damğası vurursunuz?
Böyük ehtimalla (əslində, daxilən əminəm ki, bu belədir) bildirirəm ki, idarəetmə aparatının yüksək pilləsində əyləşmiş, U.Ələkbərovun mənim barəmdə dediyi əsassız və həqiqəti əks etdirməyən məlumatlarına inanan yüksək səlahiyyətli şəxsin bir telefon zəngi ilə mənim haqqımı yedilər.
Əvvəlki məhkəmələrdə olduğu kimi, Ali Məhkəmədə də məhkəmə prosesinin gedişi ilə son qərarı bir-biri ilə qəti uzlaşmadı. Belə qənaətə gəldim ki, Ali Məhkəməyə olunmuş zəng "yüksəkgərginlikli” olduğundan "güclü yanğın törətmiş”- hakim ədalətli mövqeyindən geri çəkilməyə məcbur edilmişdir. İndi bir daha əmin oldum ki, aşağı instansiya məhkəmələrinə olunmuş "yüksəkgərginlikli” zənglər də sədrləri vəlvələyə salmış, onların dizlərini tir-tir titrətmiş, əllərini əsim-əsim əsdirmişdir. Həmin şəxsin (şəxslərin-?) kimliyi nə vaxtsa bəlli olacaqdır. Çünki otuz iki dişin arasından çıxan söz gec-tez ətrafa yayılır. Bax onda həmin şəxsin (şəxslərin-?) adını aləmə bəlli edəcəyəm. Ancaq onu tam əminliklə demək olar ki, həmin yüksək mənsəb sahibi olan şəxs mərdiməzar və xeyirxahlıq hissindən məhrum olan birisidir. Belələri pislik, mərdiməzarlıq etmək hissi ilə alışıb-yanırlar, hər gün "bir baş kəsməsələr” axşam rahat yata bilmirlər. Bu hərəkət göstərir ki, yüksək idarəetmə aparatının yüksək pilləsində əyləşmiş həmin şəxs dağıdıcı bir ehtirasla yaşayır.
Məlumdur ki, insan hər hansı bir addım atmamışdan əvvəl beynində götür-qoy edir. İdarəetmə aparatının yüksək pilləsində əyləşən həmin şəxsin təfəkkürü dağıdıcıdır, o, kimsə hələ də ibtidai şüura məxsusdur, mağara təfəkkürünün daşıyıcısıdır. Kimi isə bu cür mağara təfəkkürü ilə müdafiə etmək cəhalətin əlaməti, rəzalətin özüdür. Ən azından, dövlət məmuru adını daşıyan şəxs belə bir yol tutmamalıdır. Bu, açıq-aşkar məmur özbaşınalığıdır.
Belə bir davranış nümunəsi heç bir idarəetmə məmuruna yaraşmır. Ədalət hissi tamam ölməyən və az-çox dövlətçilik təfəkkürü olan hər kəs bir anlıq düşünsə görər ki, DİA kimi nüfuzlu bir ali təhsil ocağına rəhbərlik edən şəxs qanunsuz işdənçıxarma əmrini müdafiə etmək üçün ağlasığmaz addımlar atır, başqa birisi haqqında əsası olmayan məlumatlar yayır.Akademik U.Ələkbərovun bu addımları ağlasığmaz olduğu qədər də utanvericidir. Bu oriyentasiya adi insani normalardan çox-çox uzaqdır.Hörmətli akademik, bir daha vurğulayıram:axı mənim günahım nədir? Unutmayın ki, əgər proses bu cür davam etsə, bu ədalətsizlik sizin tərcümeyi-halınızda qara bir ləkə kimi əbədi qalacaqdır.Ancaq onu da tam səmimi deyirəm ki, bu cür şəffaf bir məhkəmə işinin Azərbaycan ədliyyə tarixində ədalətsizcəsinə arxivləşməsini əsla istəməzdim.
Biz dəfələrlə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin məmurları davranış normalarına əməl etməyə çağırdığının şahidi olmuşuq. Möhtərəm Prezident bu günlərdə bir daha məmurların davranış normalarına düzgün əməl etmələrini onların diqqətinə çatdırdı. Dövlət məmuru dağıdıcı yox, birləşdirici vəsilənin daşıyıcısı olmalıdır. DİA-nın rektoruna arxa, dayaq duran həmin şəxsdə bir balaca xeyirxahlıq hissi olsa idi, bu məsələnin xoşniyyət və qarşılıqlı güzəştlər yolu ilə həllinə çalışardı.
Görünür, dar düşüncə belə bir xeyirxah addım atmağa imkan vermir. Bəsirət gözü əbədi bağlanmış insanlar xeyirxahlıq hissindən yeddi ağac uzaqdırlar. Belə mərdiməzar və dağıdıcı təfəkkür daşıyıcılarının ucbatından məhkəmə sədrləri və hakimləri çox ağır vicdan sarsıntısına məruz qalırlar. Mən ürəyimin dərinliyində inanıram ki, heç bir məhkəmə sədri və hakimi belə bir şəffaf işin ədalətsizcəsinə sonuclanmasını istəməzdi.
Məhkəmə sədrləri "yüksəkgərginlikli” zənglərin gəlişindən oturduqları yerdən dik qalxırlar. Məhkəmə sədrlərinin qorxusunu aradan qaldırmağın bircə yolu var: onların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya birbaşa çıxışları təmin olunmalıdır. Bu inam və etibarla da Azərbaycanda ədalətli məhkəmə sistemi formalaşar və insanların ədalət mühakiməsinə inamı daha da artar.
Məhkəmə sədrləri unudurlar ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunu idarəetmə aparatında əyləşmiş hər hansı bir məmur yox, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev təyin etmişdir.
Rektor U.Ələkbərov da Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin imzaladığı qanunlara birmənalı olaraq əməl etməyə borcludur. Əgər belə olsa idi, qocaman rektor işdən çıxarılma barəsində verdiyi bir əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin bir neçə bəndinin tələblərini kobudcasına pozmazdı. Mən qarşıdakı günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına mətbuat vasitəsilə açıq məktubla müraciət ünvanlayacağam.
Mən Azərbaycan dövlətinin qanunları çərçivəsində pozulmuş hüquqlarımın müdafiəsinə çalışacağam. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna və sonuncu instansiya məhkəməsi olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edəcəyəm.
Mənə qarşı aparılan bu ədalətsizliyin qarşısını yalnız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ala bilərlər. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva məsələdən xəbərdar olan kimi haqq-ədalət öz yerini tapacaqdır.
Mən yazımın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva üçün Azərbaycan mətbuatının gündəlik xülasəsini (icmalını) hazırlayan şəxslərdən xahiş edirəm ki, bu məqaləni də onların diqqətinə çatdırsınlar.