"Generaldır, ancaq anlamır ki, uşağın başını yox, pulunu kəsmək lazımdır..."

img

15-07-2017 [19:59]


Seymur VERDİZADƏ,
Qafqazinfo.az

Sovet dövründə itlər insanlardan tez qudururdular. Çünki insanlar nəzarətdə idi, rejim onların cızığından çıxmasına imkan vermirdi. Cızığından çıxan adama elə qulaqburması verirdilər ki, çığırtısı ətrafa yayılırdı...

Biz uşaq olanda qohumlarımızdan biri Bakıda tikinti idarəsinin müdiri işləyirdi. Bakının yarısını həmin adam tiksə də, özü ikiotaqlı, darısqal mənzildə yaşayırdı. Az-çox pulu olsa da, evini təmir elətdirməyə qorxurdu. Bilirdi ki, bir gün başının üstünü kəsdirib soruşacaqlar: bu qədər pulu hardan almısan? 

O vaxt varlılar da sadə həyat yaşamağa məhkum idilər. O vaxt kasıblar varlıların uşaqlarının sürdükləri bahalı maşınların təkərləri altında qalıb xurd-xəşil olmurdular. Sovet hökuməti həmin uşağı dədəsininin kürəyinə şəlləyirdi...

1991-ci ildə sovet hökuməti dağıldı, biz müstəqil olduq. Müstəqillik Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən gözəl nemətdir. Təəssüf ki, bu gözəl nemətdən məmurlara, onların qohum-qardaşına daha çox pay düşdü. Anadoluda bir məsəl var: dövlətin malı dənizdir, yeməyən donuzdur. Ölkəmiz müstəqil olandan sonra bəzi məmurlarımız bu prinsipi əsas götürüb, dövlətin malını talan etməyə girişdilər. Tanrı Azərbaycan xalqına o qədər var-dövlət bəxş edib ki, hələ də axırına çıxa bilmirlər...

Pul həmişə naqis insanı yolundan azdırıb, onu qudurdub. Azərbaycanda insanların pulu artdıqca, onlar haqda ağlagəlməz söhbətlər dolaşmağa başladı. Məsələn, 3-4 il əvvələ kimi danışırdılar ki, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov dincəldiyi istirahət mərkəzlərinin birində samovarı dollarla qaynadıb...

Bu barədə əvvəllər də yazmışam. Varlı adamlardan biri deyirmiş ki, özünün hündür maşını ilə gedəndə, yolun kənarındakı insanlar onun gözünə qarışqa boyda görünürmüş. Bizim kimi sadə adamlar onların gözünə qarışqa boyda göründüyü üçün istədikləri vaxt əzib keçirlər.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun yol hərəkəti qaydasını pozduğu üçün ona irad bildirən avtobus sürücüsünü vəhşicəsinə döyməsi qudurğan məmur övladları ilə bağlı problemi yenidən gündəmə gətirdi. Diqqətimi ən çox cəlb edən məqam Novruzəli müəllimin hər üç uşağının başını ölkə başçısının ayaqları altında kəsməyə hazır olduğunu bəyan etməsi oldu. Adam çiyinlərində general ulduzları daşıyır, amma anlamır ki, uşağın başını yox, pulunu kəsmək lazımdır. Əgər Orucov yoldaş oğlu Rüstəmə bahalı maşınlar, dəbdəbəli evlər almasaydı, ayda ona 50-60 min manat xərclik verməsəydi, o, bu gün atasının üzünü qara eləməzdi. 

Bu, həmin Rüstəmdir ki, yol qəzası törədib piyadanı öldürdüyü üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum edilib. Gərək, Novruzəli müəllim bir kisə rüşvət verib, oğlunu vaxtından əvvəl azadlığa çıxarmayaydı. Rüstəm ağlı başına gələnə kimi həbsxanada qalsaydı, atası bu gün evdə oturub qohum-qardaşın təsəlliverici sözlərini dinləməzdi.

Novruzəli Orucov sıravi hərbi müəllim olub. Ziya Məmmədovla, Əliağa Hüseynovla dostluq əlaqələri onun general mərtəbəsinə qədər yüksəldib. Ziya Məmmədov, Əliağa Hüseynov olmasaydı, Novruzəli Orucovun uşaqları indi yamaqlı şalvar geyinirdilər. 

Bu ölkədə Novruzəli Orucovdan yüz dəfə savadlı, bacarıqlı kadrlar var ki, orta məktəbdə tutduqları hərbi müəllim vəzifəsindən o tərəfə qalxa bilmirlər. 

Bəxt adamın üzünə güləndə, gərək Tanrısına şıllaq atmasın...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq