"Halal haqqımızı istəməyə utanmayaq, əziz ziyalılar!"

img

11-07-2017 [13:29]


Nadir QOCABƏYLİ

Mən bu haqda həmişə düşünmüşəm və bəlkə də, haçansa yazmışam da. Ancaq düzü xatırlamıram.

Bir neçə gün əvvəl hörmətli ağsaqqal yazıçı-dramaturqumuz Firuz Mustafa ilə söhbət edərkən, nəfəs alma problemi olduğunu, burnundakı polipin götürülməsi üçün əməliyyata ehtiyac duyduğunu söylədi. Ancaq əməliyyat bahadır - 1500 manat. Firuz müəllim isə cəmi 400 manat pensiya alır. 

Təkcə ölkəmizdə deyil, hətta Türkiyə və Rusiyada belə tamaşaya qoyulan pyeslərindən, çap olunmuş saysız kitablarından aldığı qonorar da cüzidir. Yəni yazıçı burnunu əməliyyat etdirib, rahat nəfəs almaq, gecələri rahat yatmaq üçün vəsait tapa bilmir.

Həm də bunu dilə gətirməyə utanır. Deyir ki, şəxsi problemlərindən danışmağı xoşlamır. Mən təbii ki, Firuz müəllimə bunun şəxsi problem olmadığını söylədim. O özü də bunu məndən pis bilmir, amma yenə də ictimailəşdirməyə nəsə mane olur.

Ancaq indicə gördüm ki, yazıb. Amma əvvəlində yenə giriş verib ki, şəxsi problemlərini işıqlandırmağı xoşlamır.

Əvvəla, gəlin görək şəxsi problem nədir, ictimai problem nədir? Bunları bir-birindən hansı sərhəd ayırır? 

Məncə, şəxsi problem, insanın fərdi, individual xüsusiyyətləri, bilavasitə yaxın çevrəsi, ailəsi, dost-tanışı, qohum-əqrəbası ilə bağlı məsələləri əhatə edir. Məsələn, kiminsə arvad-uşağı sözünə baxmırsa, aldığı normal məvacib bədxərcliyi ucundan ayın başına çatmırsa, xasiyyəti tünd olduğundan qonşularla yola getmirsə, arvadı türkə qoşulub qaçıbsa, 5 ildir Rusiyada olan əri evinə bircə dəfə zəng vurmayıbsa... və s. buna bənzər məsələləri şəxsi adlandırmaq olar. Hərçənd, bu məsələlərdə də ictimai motiv tapmaq mümkündür, ancaq bu bir az dərində olan məsələdir. Yeri gəlsə, arvadı qoşulub qaçan ər də bu məsələni ictimailəşdirə bilər, ancaq gərək ictimai səbəblərini əsaslandırsın.

Ancaq elə problemlər var ki, onların ictimai səbəbləri çox üzdədir və əsaslandırılmasına ehtiyac belə yoxdur. Elə bizim bu Firuz müəllimin problemi kimi. 50 illik ədəbi, ictimai fəaliyyəti olan, onlarla pyesi səhnədə oynanan, əsərləri 40 cild həcmində olan biz ziyalı burnunun ətini kəsdirməyə pul tapmır.

Məgər bu şəxsi problemdir? Məgər ziyalı bunu dilə gətirməyə utanmalıdır? 

O, bacardığın edib, 50 il yazıb-pozub, indi də yazır, xalqı, milləıti tərbiyə, ədəbiyyatımızı, mədəniyyətimizi inkişaf etdirir. Bəs bunun əvəzi ona ödənilməməlidir? Əksinə, o özü bu işlə məşğul olduğuna görə xəcalət çəkməlidir? Xeyr! Buna görə ilk növbədə cəmiyyət, onun razılığı və ya laqeydliyi ucbatından bu ölkəyə rəhbərlik edənlər utanmalıdır. Sadəcə utanmalı deyillər e, xəcalətdən yerə girməlidirlər. Amma onların heç birinin vecinə deyil və onların əvəzinə Firuz müəllim utanır, digər müəllimlər, yazıçılar, bəstəkarlar, aktyorlar, jurnalistlər, alimlər, şairlər, tərcüməçilər, filosoflar utanırlar.

Yaxşı bu insanlar problemlərini həll etmək üçün vəsaiti haradan tapmalıdırlar? Bunun üçün mütləq hamımızın gömrükdə, polisdə, vergidə, icra hakimiyyətində, su, işıq, qaz idarəsində, milli məclisdə, nazirlər kabinetində, nazirliklərdə, prezident aparatında işləyən rüşvətxor oğul-qızlarımız olmalıdır? Utanmamaq üçün onların aldığı rüşvət pulunu üzümüzə tutmalıyıq?

Bəlkə elə ora-bura soxulub, oğlunu-qızını yağlı vəzifələrə düzəldən, haram pulları başını dik tutaraq şəstlə xərcləyənlər utanmalıdır? Amma onlar utanmır, çünki utanan üzləri yoxdur, özbaşına heç vaxt da utanmayacaqlar. Onları buna ancaq məcbur etmək olar.

Bunun yolu isə bizim utanmamağımızdan, halal haqqımızı çəkinmədən, gözümü qırpmadan tələb etməyimizdən keçir! Bunun yolu o adamlara, xalqın malını yeyən, dövləti talayan haramxorlara "ayıb olsun sizə!" deməkdən keçir!

Halal haqqımızı istəməyə utanmayaq, əziz ziyalılar! Bizim bu ölkə üçün etdiklərimiz, onun qarşısındakı xidmətlərimiz istənilən polis, vergi, gömrük rəisininkindən, istənilən deputatınkından, istənilən nazirinkindən, icra başçısınınkından qat-qat yüksəkdir.

Ona görə də utanmayaq! Başımızı dik tutaq! Haqqımızı istəyək və alaq!

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq