Cırıq corablı baş nazir, zirzəmidə yaşayan fədakar qurucu və yaxud 17 villası olan nazir...

img

27-05-2017 [16:23]


Seymur VERDİZADƏ,
Qafqazinfo.az

Bu mövzuda əvvəllər də yazmışam. Yəqin ki, bundan sonra da yazacağam. Yaxşı adamları həmişə təbliğ etmək lazımdır. Pis adamların acığına...

Tale mənə böyük öndər Məmməd Əmin Rəsulzadənin şəxsi həkimi ilə görüşmək səadəti nəsib edib. Biz axırıncı dəfə 19 il əvvəl Ankarada görüşəndə rəhmətlik Məhəmməd Kəngərli Rəsulzadə ilə bağlı çox maraqlı xatirələr danışmışdı. Bu, həmin Kəngərli idi ki, 1955-ci il mart ayının 6-da Məmməd Əmin bəy onun qolları üstündə canını tapşırıb.

Şəxsi arxivimdə Məhəmməd Kəngərlinin xatirələri əsasında yazdığım bir neçə məqalə var. Eyni söhbətləri yenidən qələmə alıb, təkrarçılığa yol vermək istəmirəm. Amma Kəngərlinin dilindən çıxan, yaddaşıma ömürlük həkk olunan bu sözləri yenidən tirajlamaqda fayda görürəm: "Rəsulzadə ikinci dəfə Ankaraya dönəndən sonra Sakarya prospektindəki çoxmərtəbəli binaların birinin zirzəmisində məskunlaşdı. Onun yaşadığı evə heç vaxt günəş düşmürdü”.

Məmməd Əmin Rəsulzadə bütün həyatını Azərbaycanın istiqlalı uğrunda mübarizəyə həsr edib. Hətta bu yolda ailəsini, canından çox sevdiyi övladlarını da qurban verib. Ona SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifə təklif olunsa da, mühacirətdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmağı seçib. Vətənsevgisi ailə təəssübkeşliyinə qalib gəlib. Amma indi əqidəsinə dönük çıxanlar özlərinə bu cür bəraət qazandırmağa çalışırlar: "Balalarıma bir tikə çörək qazanıram”.

Hansı ki, Rəsulzadənin balaları bir tikə çörəyin ucbatından tələf olublar.

Məmməd Əmin Rəsulzadənin yaxın dostları, silahdaşları da onunla eyni taleyi bölüşüblər. Azərbaycan Demokratik Respublikası dövründə üç dəfə Baş nazir postunu tutmuş Fətəli xan Xoyski ömrünü sıxıntı içərisində başa vurub. 1920-ci il iyunun 19-da Tiflisdə muzdlu erməni qatilləri tərəfindən qətlə yetirilən Xoyskinin cəsədini məscidə aparan adamlar kədərli mənzərə ilə qarşılaşıblar keçmiş Baş nazirin corabları cırıq olub...

Sabiq və indiki nazirlərimizin bu tarixi fakt barədə məlumatlı olub-olmadıqlarını bilmirəm. Amma əminəm ki, hansı nazir bu yazını oxusa, qəşş edib özündən gedəcək. 

Ötən həftə Şəmkirdə olanda bir fermer mənə dedi ki, Kənd təsərrüfatı nazirimiz Heydər Əsədovun 17 villası var. Başa düşürəm, biz şair xalqın nümayəndələri olduğumuz üçün şişirtməyə bir qədər meylliyik. Amma ən azı yeddisi var ki, fermer qardaşımız 17 deyir. 

Halbuki 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasında Maarif naziri, Daxili işlər naziri, Baş nazir postlarını tutmuş Nəsib bəy Yisifbəylinin yaşamağa ortabab evi di olmayıb. Nəsib bəy Baş nazir olanda tez-tez atasından pul istəyirmiş. 

Bir dəfə isə atasına məktub yazaraq, ondan Gəncədəki evinin damını təmir elətdirməyi xahiş edib. Amma zavallı qocanın pulu olmadığı üçün oğlunun bu arzusunu həyata keçirə bilməyib. Bu, həmin Nəsib bəydir ki, 1920-ci il may ayının 31-də bolşevik xəfiyyələri onu Kür qırağında qətlə yetirəndə çantasından bir ədəd diş fırçası, diş pastası, bir ədəd sabun və paltar təmizləmək üçün şotka çıxıb...

Müstəqil Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının varisidir. Həyatlarını bizim istiqlalımız uğrunda fəda etmiş bu adamlara minnət borcumuz var. Aydın məsələdir ki, bir köşə yazısı ilə bu borcu ödəmək mümkün deyil. 

Amma o da var ki, 99 il sonra Kəmaləddin Heydərov, Ziya Məmmədov, Heydər Əsədov haqda köşə yazan da olmayacaq. 

Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli Azərbaycan xalqının çar Rusiyası dövründə yetişdirdiyi ən nəhəng şəxsiyyətlərdir. Nə olsun ki, corabları cırıq olub. Əsas odur ki, xalqın yanında üzləri ağ, alınları açıq olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq