"Vaxtı uzatmaqla tədrisin keyfiyyəti artmır" - Deputatdan nazirliyə cavab

img

26-05-2017 [11:59]


Fazil MUSTAFA, Milli Məclisin deputatı

Mən hər bir məsələdə əlahəzrət məntiqin necə işləməsinə çox həssaslıqla yanaşmağa meyilliyəm. Tədris həftəsinin uzadılmasının mənasızlığına qarşı çıxışımızdan sonra Təhsil Nazirliyindən səsləndirilən əsas arqument bu oldu ki, inkişaf etmiş ölkələrdə tədris həftəsi 38-40 saatdır, bizdə isə hazırda 34 saatdır, hələ iki həftə də təhsil vaxtını uzatsaq, övladlarımız daha da savadlı olarlar.

Maraqlı təklifdir, ancaq anlaşılan budur ki, sentyabr ayının istisi iyun ayının istisindən daha ağır olduğuna görə, iyun ayının 30-dək dərsləri davam etdirmək niyyəti var. Yəni nazirliyin yanaşması budur ki, dərslər sentyabrın 15-dən başlayıb iyunun 30-da tamamlanmalıdır.

Hətta nazirliyin bu təklifinə normal yanaşsaq belə, o zaman daha yaxşı olmazmı ki, bu iki həftəni sentyabrın 15-ni sentyabrın 1-i ilə əvəz edərək gerçəkləşdirək?

Yaxşı, deyək ki, dərslər 30 iyuna qədər davam edəcək, o zaman iyun ayının ikinci yarısından sonra, hələ builki də daxil 4 il, keçirilməsi nəzərdə tutulan Formula 1 yarışları zamanı tıxac və başqa çətinliklərin yaranması ehtimalını necə yola verəcəklər?

Digər tərəfdən, iyun ayının istisində uşaqları, valideynləri, müəllimləri məktəbə daşımağın nə anlamı var? Bir də bu inkişaf etmiş ölkələrdən tez-tez bəhs edilir, ancaq açıq etraf edək ki, oradakı Boloniya sistemi bizdə effektli olmadısa və tədrisin keyfiyyətini ciddi səviyyədə artırmadısa, bəlkə, müqayisəyə tələsməyək?

Orada uşağı məktəbə xüsusi məktəb maşınları daşıyır, bizdə isə valideynlərin büdcəsi və vaxt israfı hesabına uşaq məktəbə gətirilir…

Orada uşaqların məcburi tibbi sığortası var, bizdə isə reallıqda uşaqlar valideynin parası ilə müayinə və müalicə olunurlar…

Orada məktəbli çantasının ağırlığı uşaqların onurğa sütununu zədələmir, bizdə isə ağır kitablarla dolu məktəbli çantalarının sayəsində uşaqların çoxunun indidən beli qatlanmış vəziyyətdədir…

Vaxtı uzatmaqla keyfiyyət artmır, əksinə şagirdin də, müəllimin də, valideyinin də əlavə yükü və xərci artır.

Yenə də qəti olaraq bu mövqedəyəm ki, dərslər sentyabr ayının 1-i başlamalı və mayın 30 və ya 31-də tamamlanmalıdır. Söhbət iki həftədən gedirsə, bunu tədris müddəti zamanı bəzi lüzumsuz tətil günlərinin hesabına kompensasiya etmək mümkündür.

Əgər yay müddətində uşaqların təhsil və təlimdən uzaq düşməməsini istəyiriksə, etibarlı, təhlükəsiz, maddi-yexniki bazası yüksək səviyyədə olan yay düşərgə şəbəkəsinin yaradılması və əlçatanlığı barədə düşünməli, müzakirə aparmalı və konkret işlər görülməlidir.

Əlbəttə, məktəblilərin, tələbələrin tətili boşuna keçirməməsi, təhsildən uzaqlaşmaması yollarını müəyyənləşdirməmiz vacibdir, ancaq bunu dərs vaxtının yayın ortalarına qədər uzadılması yolu ilə etmək əsas təhsil subyektləri olan valideynlərin, müəllimlərin və şagird-tələbələrin əksəriyyətinin rəyinə qarşı hörmətli davranış sayıla bilməz.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq