ATİF İSLAMZADƏ,
Filologiya üzrə fəlsəfə doktoru
Məlumdur ki, böyük şairimiz S.Vurğun ləyaqətli bir varis kimi böyük Nizaminin "Xəmsə” mövzulu çoxəsrlik varislər cərgəsinə "Fərhad və Şirin” dramını yazmaqla qoşulduğunu ən çağdaş dövrdə nümayiş etdirib.
Ən əsası da odur ki, şair bu qiymətli dram əsərində məhz milli istiqamət götürmüşdür. Belə ki, şair fars mənşəli sasani hökmdarı Xosrov Pərvizin Şirinə olan sevgisinin siyasi hiyləgərlik üzərində qurmaqla bu eşq macərasının özündən əvvəlki ənənədə davam edən xarakterini təhrif edərək öz milli-siyasi baxışları üzərində kökləmişdir.
Hətta şair bu mövzunu o dərəcədə təhrif etmişdir ki, Nizamidə və digər şairlərdə o cümlədən bu məşhur rəvayətin folklorlaşan başqa variantlarında Şirin özünü Xosrovdan ötrü öldürdüyü halda, S.Vurğunda Fərhadın uğrunda fəda edir. Əvvəlki əsərlərdə hökmdarlıq və aşiqliq məqamları üzərində daxili sarsıntılar keçirən, incə psixoloji-lirik planda təsvir olunan Xosrov obrazı bu əsərdə aşiq deyil, siyasi kələkbaz kimi təsvir olunmuşdur. O Şirini sevmir, Şirinə öz maraqlarını həyata keçirmək üçün yaxınlaşmağa cəhd edir, onun vasitəsilə Azərbaycan məmələkətinin özünün padşahlığına tabe olmasına can atır:
Şirin öz qəlbini verərsə mana,
İran sahib olar Azərbaycana. ("Fərhad və Şirin”)
Şair bu mənfur siyasi məqsədin Xosrov tərəfindən həyata keçirmək cəhdini bütün əsər boyu davam etdirir. Şirini oğurlayıb İrana qaçıran Xosrov bu gizli məqsədlərini aşkara çıxararaq özünü ifşa edir. O, Şirinin onu Azərbaycana qaytarmaq təklifinə qarşı "Sən qal İranda, Qarışsın İrana Azərbaycan da” deməklə
öz məkrl planını açıqlamaq məcburiyyətində qalır, lakin bunu öz xarakterinə uyğun şəkildə edir, yəni Şirinə hiylə gəlir. Lakin Şirin bunu başa düşür, ona görə də Xosrova məhəbbətinin siyasət olduğunu deyir:
Şahım, siyasətdir bu dediklərin,
Məncə məhəbbətin bir bəhanədir.
Lakin Xosrov müəyyən mərhələlərdə Şirini düzgün qənaətindən yayındırır, ona hiylə gəlməyi bacarır. Şirin bir qədər tərəddüd keçirdikdən sonra yenə də son nəticədə Xosrovun təsirindən qurtulub doğru qərar çıxara bilir. Həyatını və eşqini Fərhadla bağlamağa qərar verir. S.Vurğunda Fərhad Xosrov İranına qarşı mübarizə aparan Azərbaycan qəhrəmanıdır. Azərbaycan ona görə İrana qarşıdır ki, İran bizim qeyd etdiyimiz anlamda türk hökmdarlığının deyil, sasani adlanan fars hökmdarlğının nəzarəti altındadır.
Fars hökmdarı olan Xosrov Pərvizin Azərbaycan ərazisini öz hakimiyyətinə tabe etdirmək cəhdlərinə qarşı Fərhad alınmaz bir qaladır. Elə buna görə də şair əsərin əvvəlində Fərhadın xarici düşmənlərə qarşı Azərbaycan üçün tikdiyi müdafiə qalasından bəhs açır, bu qalanın millətin torpağını, həyatını və namusunu qorumaq məqsədiylə inşa edildiyini bədii surətlərin dili ilə qeyd edir. Şair Fərhad və Şirinin eşqinin də mərasim səviyyəsində elan edilməsini, ədəb-ərkana, dədə-baba qaydasına uyğun şəkildə ağsaqqalların razılığı və öyüdü əsasında nikahlı ailədə izdivacı üzərində qurur. Azər babanın oğlu Fərhadın Banunun qızı Şirini sevməsi aydın olduqda Banu deyir:
O mənim qızımdır, hilaldır sana,
Sizi tapşırıram Azərbaycana.
Tacım da, taxtım da qurbandır sizə,
Mən alqış deyirəm bu eşqinizə.
Elə bil ki, şair əsərin başlanğıcında geniş bir ritual təsvir edir.
Bu ritualın üç əsas funksiyası diqqət çəkir. Birinci xarici qəsbkarların vaxtsız hücumlarına sinə gərmək üçün müdafiə qalası-istehkamın Fərhad tərəfindən salınması qeyd olunur, ikinci Fərhad və Şirinin sevgisi elan olunur, üçüncü bu sevgiyə ailə izdivacı səviyyəsində razılıq verilərək kiçik nişan törəni keçirilir. Maraqlı olan da budur ki, bütün bunlar həm Fərhad və Şirin arasında cərəyan edəcək münasibətlər üçün hazırlıq informasiyası rolunu oynayır, həmçinin də bu sevgi milli-ideoloji istiqamətdə götürülərək torpaq müdafiəsindən, ailə birliyindən, hakimiyyət vərəsəliyinə qədər böyük vətən idealını nümayiş etdirir.
Fərhad ona görə sənətkardır ki, o, vətəni qorumaq üçün böyük sənət əsəri olan namus qalası inşa etsin, Fərhad ona görə qəhrəmandır ki, o vətəninin namusu olan Şirin üçün İran taxt-tacını lərzəyə salsın, Fərhad ona görə aşiqdir ki, öz vətəninin ismətli qızına könül bağlasın. Açıq-aşkar görünür ki, Fərhad böyük vətənsevərdir.
Əslində isə vətənsevər olan Fərhad və Şirinin eşqini milli məfkurəyə dayanıqlı şəkildə əks elətdirən şair özüdür.
Hətta qeyd etdiyimiz kimi şair bu mövzunu o dərəcədə təhrif etmişdir ki, Nizamidə və digər şairlərdə o cümlədən bu məşhur rəvayətin folklorlaşan başqa variantlarında Şirin özünü Xosrovdan ötrü öldürdüyü halda S.Vurğunda Fərhadın uğrunda fəda edir.
Onu da qeyd edək ki, S.Vurğun bu eşq macərasının milli duyğulara söykək təsvirini heç də özündən uydurmamışdır. Hər bir mətnə ciddi təhlil əsasında yanaşanlar yaxşı bilirlər ki, mətndə işarə səviyyəsi mövcuddur. İşarə bəzən bir mövzu içərisində gizlənən mövzu, motiv içərisində mühafizə olunan motiv ola bilər. Bəzən bu işarənin bərpası ya əsəri geniş anlamda dəyərləndirər, yaxud da özü müstəqil mövzuya çevrilib əsərin üzdə olan mövzusunu kölgədə qoya bilər. Böyük Nizamidə bir çox məsələləri işarə səviyyəsində aşkarlamaq olur. S.Vurğun bir işarə səviyyəsini bərpa edib aşkarlamaqla mütəfəkkir olaraq geniş bir mövzu qurmuşdur.
Nizaminin "Xosrov və Şirin”ində Məhin Banu Şirinə öyüd verərkən Xosrov Pərviz haqqında deyir:
Əgər o aydırsa, biz günəşik,
O Keyxosrivdursa biz də Əfrasiyabıq.
R.Rzanın tərcüməsində;
Əgər o aydırsa biz aftabıq,
O Keyxosrov, bizsə Əfrasiyabıq.
Məlumdur ki, türklərin babası sayılan Alp ər Tonqa farslarda Əfrasiyab adlanır. Nizaminin Məhin Banununun dilində səsləndirdiyi bir cümləlik iki misra geniş
məsələləri ortaya çıxarır. Məhin Banunun və Şirinin türk mənşəli, Xosrovun fars mənşəli olmasına diqqət çəkən Nizami türk əxlaqına uyğun şəkildə Məhin Banunun Şirinə öyüd verməsini sevə-sevə təsvir edir, Şirinin bu öyüdü hətta eşqindən belə üstün tutmasını, əxlaq qanunlarının minillərin sınağından çıxmış ehkam səviyyəsində dəyişməzliyinin həmişə gözləndiyini nəzmə çəkir. Hətta əsərin böyük bir hissəsi Şirin və bu qaydanın dəyişməsini tələb edən Xosrov arasında gedən çəkişmə, mübarizə və münaqişələrə həsr edilmişdir.
S.Vurğun bu məsələnin geniş milli vətənpərvərlik hisslərinin ifadəsinə çevirərkən Xosrovun türklərə qarşı farslıq davasını qabardaraq ona qarşı Fərhadın Azərbaycan adı altında türklük mücadiləsini qoyur.
"Vaqif” dramında "Vaqif ona görə Qacara qarşı daha sərt mövqedə dayanır ki, Qacar türk əsilli olsa da türklüyündən imtina edən fars təəssübkeşidir. "Fərhad və Şirin” dramında Xosrov fars mənşəli bir istilaçıdır. Qacar İranına və Xosrov İranına qarşı dayanan Azərbaycan məmləkətinin dram qəhrəmanları məhz S.Vurğunun milli baxışlarına görə bu qədər fars-türk qarşılaşmasına cəlb olunur. Şair bu gerçəkliyi daxili aləmindən gələn milliyyətçi düşüncə tərzinə görə bədii fəaliyyətində aşkarlayır.
Xosrov və Şirin macərasını yardımçı qolu olan Fərhad və Şirin münasibətlərinin kölgədə qalan hissələrini əsas leytmotivə çevirən şair elə bu ədəbi sənətkarlığında da öz milli-vətənpərvərlik duyğularını ortaya qoyur. Hələ üstəlik bu mövzunu bu qədər siyasi-ictimai istiqamətdə götürərək bu duyğuların nəinki təsadüfi olmadığını göstərir, hətta böyük məfkurə bazasını milli formada açıqladığını göstərir.