"İşğal davam edəcək və Sarkisyan status-kvonu uzatmağa çalışacaq" - Politoloqdan şərh

img

03-04-2017 [10:35]


Xəbər verdiyimiz kimi, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə hakim partiya qalib gəlib. 

Mia.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikirini açıqlayıb.

Onun sözlərinə görə, Ermənistanda gözlənilən baş verdi. Bununla da separatçı Qarabağ klanı Ermənistan parlamenti üzərindəki nəzarətini gücləndirib: 

"2 aprel parlament seçkisinin nəticəsindən fərqli heç nə çıxmadı. Prezident Serj Sarkisyanı sərt tənqid edən hər iki müxalif bloku parlamentdən kənarda qaldı. Halbuki, müxalifət adına keçirdikləri mitinqlərdə kifayət qədər etirazçı toplaya bilirdilər. Buna baxmayaraq, parlamentə müxalifət adına hakimiyyətlə bir çox dəyərləri bölüşdürən "Çiçəklənən Ermənistan” və "Daşnaksütun” partiyaları düşdülər. Bəs bu nəticələri necə dəyərləndirmək lazımdır?

Buna cavab olaraq deyə bilərəm ki, 20 ildir Ermənistanda hakimiyyəti nəzarətdə saxlayan separatçı Qarabağ klanı yaxın illərdə iqtidarını qoruyacaq. Konstitusiya dəyişdiyindən əsas rol parlamentə və hökumətə keçir. Serj Sarkisyan hər ikisi üzərində nəzarətini saxlayacaq. Bu o vaxta qədər davam edəcək ki, Ermənistan cəmiyyəti inqilab və ya silah gücünə bu hakimiyyəti devirsin. Əks halda indiki klan "seçki yoluyla” hakimiyyətdən gedən deyil”.

Elxan Şahinoğlu qeyd edib ki, Ermənistanda parlament seçkisinin nəticəsi Qarabağ danışıqlarında irəliləyişin olmayacağının işarəsidir: "İşğal davam edəcək və Sarkisyan əvvəlki tək status-kvonu uzatmağa çalışacaq. Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacib olduğunu düşünən siyasətçilər var. Ancaq biz nə vaxtsa onların hakimiyyətə gələcəyini gözləyə bilmərik. Vaxt gedir. Qarşımızdakı eyni qüvvədir və onunla danışmağın yolu bəllidir”.

Politoloq onu da bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sərkisyanı tərifləmək üçün çox uyğun zaman seçib: 

"Sərkisyan parlamentdə "qələbəsini” təmin edir, eyni gündə Lavrovun "Novoye vremya” dərgisindəki yazısında vurğulanır ki, Rusiya İrəvanın Suriya sakinlərinə humanitar dəstəyini yüksək dəyərləndirir. Lavrov gərək bu cümləsinə zəruri düzəliş edərdi, çünki İrəvan Suriyanın bütün vətəndaşlarına deyil, ancaq Suriya ermənilərinə humanitar yardım göndərib. Bir az sonra Lavrov və ya onun şefi Sərkisyanın "qələbəsi” münasibətilə də onu təbrik edəcəklər. Çünki, Sərkisyanın "qələbə” ssenarisinin müəllifləri Moskvadadır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA