İstedadlı yazıçı və jurnalistlərin cibindən tökülən qara qəpiklər...

img

21-03-2017 [17:01]


Seymur VERDİZADƏ
Qafqazinfo.az
 
Elmar Hüseynov qətlə yetiriləndə oğlu üçün aldığı yoğurt əlindən düşüb yerə dağılmışdı. Uzun müddət bu hadisənin təsiri altında qaldım.

 O vaxt oğlumun 5 yaşı vardı. Elmar kimi, mən də hər gün ona yoğurt alırdım. 

Bu hadisədən sonra Şahinə yoğurt almağa əlim gəlmədi. Bir müddət sonra uşaq yoğurt yeməyi yadırğadı. O vaxt bu cür davranan təkcə mən deyildim. Jurnalist həmkarlarımın çoxu yoğurt satılan piştaxtalara tərəf boylanmırdılar. Elmarın qatillərinə gücümüz çatmadığı üçün öz övladlarımızı cəzalandırırdıq...

Gənc yazar Mövlud Mövludun intihar etdiyini eşidəndə bərk sarsıldım. Məni ən çox mütəəssir edən Mövludun cibindəki qəpiklərin ətrafa dağılması oldu. Bu, taleyin ironiyasıdır. Biz həmişə qəpik-quruş qazanmışıq. Çox vaxt bunu gizlətməyə çalışsaq da, bəzən müyəssər ola bilmirik. Tanrı özü "sirrimizi” faş edir.

Azərbaycanda yaradıcı adamlar heç vaxt xoşbəxt ola bilmirlər. Ədəbiyyatımızın əsas sütunlarından biri sayılan Nəsiminin diri-diri dərisini soyublar. Füzulini ala bilmədiyi 9 axçanın xiffəti öldürüb. 

Şərqin ən böyük dühalarından olan Axundovun cənazəsi beş-altı rus əsgərinin çiynində son mənzilə yola salınıb. Sabiri müasirləri çərlədib. Cavidi, Müşfiqi öz qələm dostları satıblar. Kənardan xoşbəxt görünən tək-tək şair-yazıçılar belə çiyinlərində bir şələ dərd daşıyırlar. Amma açıb-ağarda bilmirlər.

Söz ən təhlükəli silahdır. Amma bu "silah” çox vaxt özümüzü öldürür. Yazdığımız, dediyimiz sözlər qəlpəyə çevrilib alnımıza tuşlanır. Yazmayanda, danışmayanda isə içimiz parçalanır. Çox dəqiq deyilib: desəm öldürərlər, deməsəm ölləm. Ürəyimizdən keçənlərin hamısını deməyə çox vaxt ömür vəfa etmir.

Metronun "Neftçilər” stansiyasının qarşısında bir müddət əvvəl yazıçı Şərif Ağayarla qarşılaşdıq. Həmin vaxt Şahin də yanımda idi. Qısa tanışlıq verdim: "Şərif əmi dövrümüzün ən istedadlı yazıçılarından biridir”. 

Şərif sağollaşıb gedəndən sonra Şahinin ilk sualı belə oldu: "Bəs, bu istedadlı yazıçının niyə maşını yoxdur?”

Son vaxtlar bu cür tanışlıqlar tez-tez baş verir. Yazıçı, jurnalist dostlarımla əsasən metroda, avtobusda qarşılaşıram. Bəzən Şahin də yanımda olur. Amma indi onun suallarının məzmunu dəyişib. Metroda, avtobusda kasıb görkəmli adamlarla qarşılaşanda oğlum qulağıma pıçıldayır: "Ata, bu əmi yazıçıdır, yoxsa jurnalist?”

Bu günlərdə tanınmış jurnalist Vüsal Məmmədovun maraqlı bir fikrini oxudum. Müəllif yazır ki, bəzi şair və yazıçılar, jurnalistlər cəmiyyətdən layiq olduqlarından daha çox qayğı gözləyirlər. Cəmiyyətin reaksiyası onların gözləntilərinə adekvat olmayanda isə xəyal qırıqlığına uğrayırlar. Məncə, Vüsal bəy haqlıdır.

Bəzi dostlarımız elə bilirlər ki, onlar yazıb-yaratmasalar, xalq uçurumun dibinə yuvarlanar. Hansı ki, xalqın 99 faizinin onların mövcudluğundan xəbəri yoxdur. Mən qəddar adam deyiləm. Amma hesab edirəm ki, bəzən insanları öz taleyi ilə baş-başa buraxmaq lazımdır. Elə xalqın özünü də...

Ötən gün evə taksi ilə gedəsi oldum. Sürücü ilə razılaşıb qabaq oturacaqda əyləşdim. Yolda məlum oldu ki, kişi məni tanıyır. Hətta bir müddət əvvəl deputat Astan Şahverdiyevə verdiyim cavabı da oxuyub.

 "Mən də uzun müddət Rusiyada yaşamışam. Sağ olun ki, bizim əvəzimizə ona cavab verdiniz” - deyib, dönə-dönə təşəkkür etdi.

Mənzil başına çatanda ödəniş etmək üçün əlimi cibimə saldım. Üstümdə 15 manat vardı. Sürücü mənə 4 manat qaytarmalıydı. Amma xırda pulu olmadı. "Sabah 1 manat verərəm” - deyib, beşliyi onun barmaqlarının arasından çəkmək istəyəndə, pulları ovcunun içində gizlətdi: "Sabah mən sizə 4 manat qaytararam”.

Demək istədiyim odur ki, hüquqları uğrunda gecə-gündüz mübarizə apardığımız, özümüzü fəda etdiyimiz adamlar axırıncı beş manatımızı da əlimizdən aldıqları üçün öləndə cibimizdən qəpik-quruş tökülür...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq