Tələbə qızın faciəli ölümünə sözardı: "İşverən" olaq...

img

09-03-2017 [17:21]


Nadir QOCABƏYLİ, Yazıçı

Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrdən biri bizim qonşunun qız nəvəsi imiş. Qaçqındırlar. Bədbəxt qızcığazın ailəsi də əvvəllər babası ilə bir həyətdə yaşayırmış, sonra şəhərə köçüblər. Amma kötük ev və qəbiristanlıq burada olduğu üçün cənazəni də bura gətiriblər.

Getdim başsağlığı verməyə... 

Dəhşətdi. Qadınlar elə tükürpədici səslər çıxarırlar, adamın qanı donur. Kişilərin hönkürüb ağlaması ürək dağlayır. Adamın əlindən heç nə gəlmir. Susmaqdan başqa...

Bircə onu demək istəyirəm ki, Azərbaycanda sükanı əlinə alanda olan-qalan toyuq ağlı da başından çıxan çoxlu məxluq var. Mən hər gün neçəsinə rast gəlirəm. Onlar neçə-neçə ailəni bədbəxt ediblər və etməkdədirlər. Bu "əzrayılları" durduran, yerində oturdan isə yoxdur. Görünür, nə xalqın, nə də dövlətin bu həşəratlara "gücü çatmır"...

Hərdən ürəyimdən keçir ki, yol hərəkət qaydasını kobud şəkildə pozan maşınların nömrələrini yazıb, DYP-yə göndərəm. Amma fikrimdən vaz keçirəm. Çünki əvvəla bizdə bu işə "işverənlik" deyirlər, ikincisi də, polis hər bir şikayətə görə bölməyə gəlib izahat yazmağı tələb edir. Bunu etsəm, həm adım "ümummilli işverən" olacaq, həm də bütün vaxtım polisdə izahat yazmaqla keçəcək.Eyni zamanda, faktı da sübut etmək lazımdır, bu isə ancaq çəkilişlə mümkündür. Kameraların isə çoxusu sanki işləmir. Çünki qayda pozuntuları əksər vaxt elə həmin kameraların "gözü" qarşısında baş verir.

Ancaq nəsə fikirləşməliyik. Çünki heç birimiz bundan sığortalanmamışıq. Bu hadisə hamımızın başına hər gün gələ bilər. Prinsipial adamlara "işverən" kimi düşük, səviyyəsiz bir damğa vuran millətin övladlarının belə ucuz ölümlərlə tələf olması, məncə, təsadüfi deyil. Əlbəttə, geniş fikirləşəndə...

Belə şeylərin qarşısını tam almaq mümkün deyil, amma xeyli azaltmaq olar. Bunun üçün düşüncəmiz dəyişməlidir, bir az ciddləşməliyik. Bizi ciddi narahat edən problemlərlə sivil mübarizə yollarını öyrənməliyik.

Məsələn, "əzrayıl" sürücülərə qarşı mübarizə aparan qeyri-hökümət təşkilatları yarana və polislə əlbir işləyə bilər. Ancaq bundan ötrü polisin də normal, sivil iş üsullarını mənimsəməsi, ümumiyyətlə isə, ölkədə qanunların işləməsi, hamının qanun qarşısında bərəbərliyinin təmin olunması şərtdir.

Digər tərəfdən, bir millət olaraq gördüyümüz neqativ hadisələrə anında etiraz etmək vərdişinə yiyələnməliyik. Əgər cəmiyyətimiz bir qədər həssas, diqqətli olsa, bu tipli hadisələr xeyli azalar. Sərnişinlər intizamsız avtobus, mikroavtobus sürücülərinə etiraz etməli, bu məsələdə bir-birini dəstəkləməlidirlər. İntizamlı sürücülər intizamsızlara qarşı liberal, laqeyd olmamalıdırlar.

Ancaq xalq bunları özbaşına etməz, edə bilməz. Xalqı gərək öyrədəsən, tərbiyə edəsən, istiqamət verəsən. Bunusa edən yoxdur. Təəssüf ki, televiziyalar, media daha çox pis, lazımsız şeylər öyrədir...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq