"Korrupsiyaya bulaşmış məmurlar bilməlidir ki,..." - Partiya sədri hədələdi

img

08-03-2017 [13:18]


"ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı yaydığı hesabata baxanda adamda belə bir təəssürat yaranır ki, Azərbaycan diktaturanın hökm sürdüyü bir ölkədir. Əslində isə bu belə deyil".  

Bunu Moderator.az - a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, bütün bunların arxasında daxildə və xaricdə olan anti-İlham Əliyev koalisiyası durur:

"Hesabatda Azərbaycan reallıqlarına zidd məlumatlar öz əksini tapıb. Bu məlumatları anti İlham Əliyev koalisiyasına üzv olan şəxslər müxtəlif yollarla ABŞ - a ötürüb. Bu çox təəssüf doğuran haldır. Partiyamızın dünya və Avropaya çıxmaq imkanları hələ ki, məhdud olduğuna görə, biz Azərbaycan reallıqlarını dünyaya istədiyimiz kimi çatdıra bilmirik. Prezident Avropaya gedən kimi 5-ci kolon başlayır ölkədə təxribatlar həyata keçirməyə.  Bu yolverilməzdir və dövlətə, onun başçısına xəyanətdir. 

 Arif Rəhimzadanin "biz türk deyilik" ifadəsi elə-belə deyilməyib.  Bunlar bizim qardaş Türkiyə ilə də aramızı vurmaq istəyirlər. Ölkə bu kimi məmurlardan təmizlənməlidir.  Azərbaycanda milli qüvvələr İlham Əliyevin ətrafında toplanmalıdır. Yalnız bu halda ölkəmizin adı hesabatlarda mənfi hallanmayacaq. ABŞ Dövlət Departamentinin hesabatı isə ölkəmizə qarşı tətbiq oluna biləcək sanksiyalara çığır aça bilər. Bütün bunların qarşısını almaq öçün  islahatlar şərtdir. 

Qarşıda seçki ili gəlir, hazırkı durum iqtidarın xeyrinə deyil. Mən hər zaman qardaşım İlham Əliyevi dəstəkləmişəm. Onun ətrafında olan bəzi rüşvətxorları isə heç zaman müdafiə etmərəm. Bu insanlar xalqın çörəyi ilə oynayırlar.

 Prezident yol xəritəsi hazırlayıb onun icrası üçün məmurlara təqdim etdi. Onların yarıtmaz işi isə qiymətlərin 100 faiz artması ilə nəticələnib.  Baxın bütün dünyaya. Ölkə başçıları nəsə hazırlayıb icrası üçün hökumətə təqdim edir.  Hökumət isə bunu icra edir. Bizdəkilər isə prezidentin bütün mütərəqqi planlarını sabotaj etməklə məşğuldular.  Kimsə bu məmurların paxırını açır, həmin şəxsi həbs edirlər.

 Məmurlar və onların harınlamış övladları eyş-işrət içində yaşamaqla kifayətlənmir, xalqın cibindən oğurladıqlarını xaricə daşımaqla məşğuldular. Sadə insanlar isə ət, yağ almaqda çətinlik çəkirlər. Bütün bunlara baxmayaraq partiyamız dövlətçiliyinin keşiyindədir. Biz hər zaman xalqı qardaşım Ilham Əliyevin yanında olmağa səsləmişik.  Bundan sonra da bu yolda davam edəcəyik. Heç kim məni və partiyamızı bu yoldan döndərə bilməz.  Bütün korrupsiyaya bulaşmış məmurlar bilməlidir ki, onların əməlləri ifşa olunacaq və onlar gec-tez bu əməllərinə görə cavab verməli olacaqlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA