"Məmurların hamısının fəaliyyəti ciddi yoxlanılmalıdır ki,..." - Tələb

img

07-03-2017 [13:41]


Son günlər məmur övladlarının həddini aşması hallarına tez-tez rast gəlinir. Belələləri atalarının dövlət büdcəsindən oğurladığı milyonlar hesabına aldıqları "Gelandewagen”ləri, "Lamborghini” və ya "MacLaren”ləri hamının gözünə soxmaqdan belə çəkinmirlər. 

Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə bu cür qudurğan məmur övladları haqda danışıb və onlara qəti xəbərdarlıq edib. Prezident belələrinə görə məsuliyyəti atalarının daşıyacağını və onların işdən çıxarılacaqlarını, sərt cəzalanacaqlarını deyib.

Müasir Müsavat Partiyasın sədri Hafiz Hacıyev Sfera.az saytına həddini aşan məmurlar və övladları barədə ekskluziv açıqlama verib. Partiya sədri bizimlə söhbətində maraqlı məqamlara toxunaraq deyib: "Dəfələrlə cənab Prezident deyib ki, qudurğan övladlarınızın, arvadlarınızın davranışına nəzarət edin. Bu məmurların dövlət büdcəsindən indiyə kimi oğurladıqları vəsaitlər əllərindən alınıb dövlətin nəzarətinə keçirilməlidir. Məsələn, Rabitə və Texnologiyalar nazirliyinin aparat rəhbərinin 32 milyonluq əmlakını dövlətin balansına keçirmək istəyirlər. Mən bu addımı alqışlayıram. Digər büdcə talayan məmurlara da bu metod tətbiq olunmalıdır. Bu məmurların maşın və arvad kolleksiyaları, saxladığı qadınların adlarına ölkədə və xaricdə aldıqları mal-mülk, bir sözlə, hamısı müsadirə olunmalıdır. Məmurların hamısının fəaliyyəti ciddi yoxlanılmalıdır ki, onların hansı yolla bu qədər əmlaka sahib olması araşdırılıb barələrində cəza tədbirləri həyata keçirilsin. Onlardan soruşulmalıdır ki, özlərinin, övladlarının milyonluq maşın kolleksiyaları, arvadlarının və saxladıqları qadınların boynundakı, sinəsindəki brilyantlar hansı pullarla alınıb. Baxmayaraq ki, aldıqları maaş 1700 manatdan çox deyil. Hər şeyin hesabatını verməlidirlər. Həmçinin elə məmurlar həbs olunsa, əmlakları əllərindən alınsa, digər harın məmurlara dərs olar. Onda Azərbaycan xalqı görəcək ki, onların əmlakını talayanların aqibəti pis olacaq. Mən problemin həllini bu cür görürəm. Əgər belə olsa, nazirlər özləri istefa verəcəklər ki, biz nə qazanırıq, bu maaş bizə çatmır. İndi onlar vəzifədən ona görə belə möhkəm yapışıblar ki, orda rüşvətlə var-dövlət qazanırlar. Bəlkə onlar cəzalansalar, istefa mədəniyyəti də formalaşar və yerlərini gənc kadrlara verərlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA