"Rusiya amili və Ermənistanın digər havadarları olmasa,..." - Deputat

img

25-02-2017 [23:57]


Əli MƏSİMLİi, Millət vəkili

25 il bundan əvvəl-1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı ilə birgə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etmiş, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın,70 qoca işgəncə ilə öldürülmüş,yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür.

Xocalı qətliamı zamanı BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Xocalı qətliamı zamanı dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Liditse, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı şəhərində törədilmiş müdhiş cinayətlər öz xarakteri və miqyasına görə insanlığa qarşı dəhşətli fəciənin bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda həm də bir millətə, bir xalqa qarşı törədilən cinayətdir.Erməni qəsbkarları və onların havadarları xocalıları ona görə məhv edirdilər ki, onlar azərbaycanlılardır, türklərdir, müsəlmanlardır.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün həyata keçirilən tədbirlər nəticəsində onlarla ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Xocalı qətliamını soyqırım kimi tanıyanların siyahısı ildən-ilə genişlənir,daha çox ölkəni, beynəlxalq təşkilatı və ABŞ-ın xeyli ştatlarını əhatə edir.

Bununla belə Xocalı qətliamına hələ də dünyada layiqli hüquqi və siyasi qiymət verilməməsi təəssüf doğurur. Ona görə də Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırlması işi davam etdirilməklə yanaşı, eyni zamanda həm də bütün vasitələrdən istifadə edərək Azərbaycan xalqına qarşı qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmiş Xocalı soyqırımına beynəlxalq aləmdə münasibətin köklü surətdə dəyişməsinə, layiqli hüquqi və siyasi qiymət verilməməsi nail olmalıyıq. Xocalı qətlamını törədənlər cəzasız qaldıqca dünyanın hər yerində soyqırım təhlükələri də qalmaqda davam edəcək, öz havadarlarının dəstəyinə arxalanan erməni faşıstləri isə Azərbaycana qarşı əsassız ərazi iddialarını davam etdirəcəklər. Ona görə də bu qətliamın ideoloqları, təşkilatçıları və icraçıları- uşaq, ana qatilləri layiqli cəzalarını almalıdırlar! Bu işdə bütün vasitələrdən, o cümlədən beynəlxalq hüququn verdiyi imkanlardan,məhkəmə praktikasından səmərəli istifadə edilməlidir.

BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edən məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı rejimi tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi və sair bu kimi xeyli sənəd qəbul edilib.

Buna baxmayaraq, həmin sənədləri imzalayanlar təkcə Azərbaycana yox, heç öz imzalarına belə hörmət etməyə qadir deyillər. ATƏT-in Minsk Qrupu öz 25 illik fəaliyyəti, o cümlədən 1996-cı ilin dekabrından bu yana onun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri formatında fəaliyyət göstərdiyi 20 ildən artıq müddətdə heç bir nəticəyə nail ola bilməyib. 

Ona görə də Ermənistan 25 ildir ki, Azərbaycan BMT tərəfindən tanınan ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal altında saxlaya bilir və həmin ərazilərin sərvətlərini talayır. Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.Azərbaycanlıların əsrlər boyu yaşadıqları Ermənistan ərazisindən və işğal edilmiş torpaqlardan 1 milyondan artıq soydaşımız qovulmuş, qaçqın və məcburi köçkün həyatı sürməyə məhkum edilmişdir.

Əgər Azərbaycan Ermənistanın BMT tərəfindən tanınan ərazisinin cəmi bircə faizini işğal etsəydı, Minsk Qrupunun həmin 3 həmsədi Azərbaycana etmədikləri təzyiq variantları, "sülhə məcburetmə” üsulları, ölkəmizi vermədikləri beynəlxalq məhkəmə və tribunallar qalmazdı…Həmin 3 ölkə Azərbaycana münasibətdə isə 1996-cı ildən bu yana 20 ildən artıqdır ki, "üsgük oyunu” prinsipi ilə fəaliyyət göstərir,ərazilərimizin işğalına,vandalizmə, Xocalı qətliamına göz yumurlar. Ona görə də ”Qarabağ kartından” istifadədə müxtəlif maraqların daşıyıcısı olan həmsədrlər şəraitində Qarabağ probleminin, hələ bundan sonra da ədalətli həlli görünmür.

Bütün bunlar göstərir ki, Qarabağı azad etmək və azad yaşamaq istəyiriksə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpasına dair xüsusi proqram hazırlanmalıdır. Bütün qüvvələr səfərbər olunmalı və ondan səmərəli istifadə olunması istiqamətində sistemli iş aparılmalıdır.

Eyni zamanda erməni tərəfinin bütün bəhanələri əllərindən alınmalıdır. Azərbaycanda demokratik hüquq dövləti və vətəndaş cəmiyyətinin formalaşdırılması, insan haqlarının qorunması istiqamətində əsaslı islahatlar həyata keçirilməli və bu əsasda beynəlxalq aləmdə Azərbaycanın imicində müsbət dəyişikliklərə nail olunmalıdır.

Ermənistanın Azərbaycana qarşı təcavüzünü ört-basdır etməkdən ötrü dünyaya yaydığı yalançı erməni təbliğatının ifşa edilməsi istiqamətində işlərə sistem xarakteri verilməklə gücləndirilməlidir. Fəaliyyətimizin təsir gücünü artrmaqdan ötrü dünyanın məşhur rejissorları, artistləri, prodüserlərinin iştirakı ilə, sözün həqiqi mənasında, dünyada əks-səda yaradacaq Xocalı soyqırımına dair bir film ortaya qoyulmalı və erməni faşızmi və onun havadarları tamamailə ifşa olunmalıdır.

Bütün vasitələrdən istifadə edərək beynəlxalq ictimaiyyətə çatdırılmalıdır ki, Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqazın Avropaya inteqrasiyasına mane olur, təkcə region üçün yox, bütün dünya üçün sülh və sabitliyə təhlükə yaradır.

Beynəlxalq hüquqda terrorçuluq və zorakılığa qarşı mübarizəyə dair bir sıra beynəlxalq aktlar mövcuddur. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya uyğun olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı azərbaycanlılara qarşı törədilmiş vandalizm aktları, xüsusən Xocalı faciəsi beynəlxalq səviyyəyə qaldırılmalı və soyqırımı kimi tanınmasına nail olunmalıdır.

Beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq,Xocalı soyqırımı xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Azərbaycanda Xocalı qətliamının ideoloqları, təşkilatçıları və icraçılarına qarşı cinayət işi açılmalı, imkan düşdükcə həmin insanlıqdan payı olmayan alçaq məxluqların ələ keçirilə bilən hissəsinin həbsinə nail olmaq və məhkəmə qarşısına çıxarmaq lazımdır.

”Aprel döyüşləri” göstərdi ki, Rusiya amili və Ermənistanın digər havadarları olmasa, Azərbaycanın qısa zaman kəsiyində işğal olunmuş torpaqları işğaldan azad edə bilər. Ona görə də sülh danışqlarını davam etdirmək və beynəlxalq hüquq normalarından çıxış etməklə yanaşı, həm də güclü iqtisadiyyat–güclü ordu tandemindən səmərəli istifadə etməklə düşmən fakt qarşısında qoyulmalı və işğal olunmuş torpaqlardan çıxmağa məcbur edilməlidir.

Xocalı faciəsinin 25-ci ildönümü günlərində şəhidlərin xatirəsini dərin hüznlə yad edərək Xocalı qətlamının qurbanları da daxil olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, Vətən uğurda mücadilə edənlərə qüvvət, can sağlığı arzulayırıq!

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq