Ay Ana, Çingiz gəldi eyy...

img

06-02-2017 [16:57]


Nigar İSFƏNDİYAR,  Azadinform.az

- Ay bala, ay uşaq, ordan o qırmızı kilimi çıxar!
- A qız, a gəlin, servantdakıları da gətir!
- Ay oğul, o qoçu bəri çək, indi gələcək molla, qurbanımızı kəsək!
- Ana, nəlvəki...
- Bıy qavağında ölüm, nəlvəkini neynirsən?
- Ana ay ana...
- A bala nədi, nə çəkişdirirsən?
- Ana, nəlvəki lazımdı...
- A bala, toyda nəlvəki ha qoyulmur stola, mən də ona görə almamışam. Qalan nə istəyirsən get o padvaldan götür. Bıy, Allah maa ölüm versin, bu da savax-savax nəlvəki dərdinə düşdü. Heş demir toyda da nəlvəki işdənərmi? Burax ətəyimi görüm. Ay qız a Salatın, o ipək sətindən olan paltarımı çıxar görüm, örpəyimi də gətir. Yoluna qurvan olduğum gəlir ey...”.

 İnsanların daşa döndüyü anlar vardır. Əlin var qalxmaz, qolun var, hiss etməzsən. Dilin ağzında şişib sanki, dönməz. Dönsə deyəcəksən ki, ay ana, sağ göndərdiyin oğlun sayrı gəlir. Deyəcəksən ki, ehsanda çay içilər ey... nəlbəki tapın qonşulardan... O topal olmuş əllərinlə halva qovur, evi yıxılmışın qızı. Deyəmmirsən çünki, sənin də içindən ona qoşulub havalanmaq keçir. Yaxanı cırıb, yanağından qan sağmaq, üzünü Allaha tutub heyvan kimi bağırmaq keçir. O anda qurban olduğunla aranda heç kim olmur, yaxasından çəkib yerə salmağın gəlir. Bütün hirsin Onadı, bütün hikkən, bütün acığın Onadı! 
Elə bilirsən eşitmir səni... 

 ...bu gələn də musiqiçilərdi. Boyunları əllərində qara zurnanı havalandıracaqlar bir azdan. Bilməyəcək zalımın qızı o qırmızı sətinin balasını bəzədiyini. Təzə-təzə gəvələrin sandıqdan çıxarılıb oğul yoluna düzüldüyünü. Bilməyəcək ha. "Vağzalı” sədaları altında bir oğul da köçəcək bu dünyadan. Bu toy da ölən oğulun meyidinə çalınan toydu, səsi uzun gedəcək. O qapı-bacadan ki, hamı çəkiləcək, sən qalacaqsan evi yıxılmışın qızı, boş evində, əllərini ikiəlli çırpdığın başınla...

 Hər qaşıq şorbada zəhər udacaqsan, gözünün yaşı əlində olacaq. Hər gün hər gecə ölüb balama qovuşum deyə Allaha yalvaracaqsan amma... çəkiləcək çilən var hələ... 

 - Ay qız, a Güldəstə, örtüyü gətirin, bu stolun qırmızısı hanı?
 - Ana...
 - Anan ölməsin, yazıxsan, bir az əlli ol.
 - Ana ay ana!
 - Nə var a bala? Niyə kirimədin bu gün?
 - Ay ana, Çingiz gəldi eyy...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq