Şahverdinin xoruzu

img

30-12-2016 [08:29]



Son dövrlər Cəbrayıl camaatı gündəmdən düşmür. Bir müddət əvvəl sabiq icra başçısı Mahmud Quliyev öz qohumunun üstünə çığıranda hamı onu hoydu-hoyduya götürmüşdü. Amma həmin anda üstünə çox gedən olmadı. 

Elə ki, öz qohumuna "kopoyoğlu" damğasını yapışdıran başçı işdən çıxarıldı, hər şey dəyişdi. Hələ üstəlik, "yuxarı"dan onunla bağlı kəskin rəy veriləndən sonra hamı asıb-kəsməyə başladı. Dünənə kimi onun himayəsində olanlar, ondan az-çox xeyir görənlər fürsət varikən başçının qabırğasına döşəyərək özlərini cəsarət dağarçığı kimi gözə soxdular. Nəzərə alaq ki, bizdə yıxılana balta çalmaq köhnə peşələrdəndir. Məhz, bununla bağlı atalar məsəlimizin olması da sübut edir ki, lap qədimdən bu işlə məşğul olmuşuq. 

Milli Məclisdə Cəbrayılın deputatı kürsüsünü 16 ildir "zanit" edən Astan Şahverdiyevin məlum müsahibəsinin effektinin dərəcəsi ölçüyəgəlməzdir. Mahmud Quliyevin də, Astan Şahverdiyevin də "tormoz"unun olmadığını Cəbrayıl camaatı yaxşı bilir. Ona görə də şəxsən mənim üçün təəccüblü bir şey olmadı. Mahmud Quliyev vəzifədə olanda da, Astan Şahverdiyevin hörmətli vaxtlarında da onlara eyni münasibətim olub. Hər iki şəxsi kifayət qədər sərt tənqid də etmişəm, axırda görüşüb söhbət də etmişik. Nə də olsa, bir elin adamıyıq. 

Heç vaxt yerlibazlıq eləməmişəm, amma el qınağını da nəzərə almışam. Amma bir yerdə ki, ədalət tapdanır, orada susmaram, kim olsa, güzəştə getmərəm... 

2010-cu il parlament seçilərinə qatılmışdım. "İnsan Naminə" Blokunun (ALP, VİP və Yaşıllar Partiyasının yaratdığı Seçki Bloku idi. Z.Ə.) 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən vahid namizədi idim. Amma seçkinin ilkin mərhələsindəcə Mahmud Quliyevlə Astan Şahverdiyevin müdaxiləsi ilə üzləşdim. O zaman bu iki adamın arasından su keçmirdi. Rəsmi görüşləri də, yeyib-içmə məclisləri də bir olardı. İndi bir-birinin əleyhinə döşəmələrinə baxmayın. Əlqərəz... 

O vaxt seçki ərəfəsində səfərbər olan qohum-əqrəbamın əziyyətlə topladıqları 650 imzanın bir hissəsini saxta çıxardılar və namizədliyimi qeydə almadılar. DSK-ya necə tapşırıq vermişdilərsə, mənə heç bir sənəd də təqdim eləmədilər ki, şikayət verə bilim. Sanki bütün sənədlərimi yandırıb külünü göyə sovurmuşdular. Təbii ki, susmadım, hər ikisi xahiş-minnətə gələnə qədər davam elədim. 

Hər iki şəxslə aramızda şəxsi söhbətlər olub, ancaq onları faş eləmək mənə yaraşmaz. Onlar söhbət zamanı yaşlarına, başlarına yaraşmayan çox şey danışmışdılar. Amma hərə öz şəninə görə davranmalıdır. Bircə onu deyim ki, hər ikisinin səviyyəsi elə bu idi. 

Əminəm ki, Şahverdiyev tamam başqa məqsədlə o fikirləri səsləndirmişdi. Elə bilirdi ki, etiraz edən camaatı söydüyünə görə döşünə orden asacaqlar. Belə götürəndə orden asdılar, amma... 

Nədənsə, hakim siyasi kursun təmsilçiləri bütün fəaliyyətlərini "yuxarı"lardan "molodes" almaq üçün qururlar. İcra başçısı da, deputatı da millətə xidmət etmək əvəzinə, yuxarılara işləməyi özlərinə borc bilirlər. Bəlkə də öz-özlüyündə hər kəs haqlıdırlar. Axı, onlara quluğu həmin o yuxarılar verib. Nə isə...

Yəqin ki, çoxları Cəlil Məmmədquluzadənin "Pirverdinin xoruzu" hekayəsinin oxuyub. Hekayədə Qasım kişi oğlu Pirverdiyə xoruz əvəzinə cici ana gətirir. İndi də bizim deputat Şahverdiyev də Pirverdi kimi gözlədiyini ala bimədi. Əksinə, Pirverdinin gözlədiyi xoruzu Şahverdiyevin qoltuğuna verdilər...


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq