Böyüyəndə fahişə olmaq istəyən qızcığaz...

img

02-12-2016 [20:14]


Seymur VERDİZADƏ

Bu hadisəni mənə ölkənin tanınmış universitetlərindən birində çalışan professor dostum danışıb. Əgər həmin adamı yaxından tanımasaydım, onun dediklərini yazıya çevirib bu mövzu ətrafında müzakirə açmazdım. Professorla ünsiyyətdə olduğum 15-20 il ərzində onun bircə dəfə də yalan danışdığını eşitmədiyim üçün nəql etdiyi hadisənin doğruluğuna şübhə etməyə haqqım yoxdur.

Nəhəng villasında 4 yaşlı nəvəsinə ad günü keçirən iş adamlarından biri alim dostumu da həmin məclisə dəvət edib. Qonaqları qarşılayanların arasında baba ilə yanaşı nəvəsi Ləman da olub. Ünsiyyətcil adam olan professor uşağı qucağına alıb yanaqlarından öpəndən sonra böyüyəndə hansı peşənin sahibi olacağını soruşub.

Qızcığaz totuq əlləri ilə professorun çoxdan qar ələnmiş gur saçlarını qarışdırandan sonra belə cavab verib: "Böyüyəndə fahişə olacağam”.

Evdə aləm bir-birinə dəyib. Uşağın cavabını eşidən qonaqlar pərtliyi aradan qaldırmaq üçün müxtəlif vasitələrə əl atsalar da, faydası olmayıb. Alim dostum deyir ki, həmin gün məclisin necə keçdiyindən xəbəri olmayıb: "Utandığından heç kim başını qaldırıb, bir-birinin üzünə baxmırdı”.

Ertəsi gün babanın ilk işi uşağı psixoloq yanına aparmaq olub. Ləmanla iki saata yaxın söhbət aparılsa da, onun nədən bu cür düşündüyünü müəyyənləşdirmək mümkün olmayıb. Sonra valideynlər, əmilər, dayılar sorğu-sual edilib. Amma yenə bir nəticə hasil olmayıb. Bu isə valideynlərin narahatlığını daha da artırıb...

Ailəni intizardan evin qulluqçusu qurtarıb. Qulluqçu qadın iş yerini itirəcəyini bilsə də, həqiqəti deməkdən çəkinməyib: "Hamı işlədiyi üçün evdə Ləmanla tək qalıram. Əvvəlcə mətbəxi səliqəyə salıram. Sonra döşəməni silib-süpürürəm. Təmizlik işlərini başa çatdırandan sonra yemək tədarükünə başlayıram. Axırda canımdan o qədər bezirəm ki, öz-özümə belə deyirəm: "Gərək mən namuslu qadın yox, fahişə olaydım. Əgər fahişəlik etsəydim, indi bu əziyyətə qatlaşmazdım”. Görünür, Ləman gələcəkdə mənim kimi zülm çəkmək istəmədiyi üçün qonaqlara elə cavab verib”.

Nəticə çıxarmağa tələsməyin, bu sətirləri yazmaqda məqsədim imkanlı valideynləri dayə seçimində diqqətli olmağa səsləmək deyil. Əlbəttə, bu, çox vacibdir. Savadı, dünyagörüşü, mədəniyyəti, yüksək zövqü olmayan adamlar uşaqların tərbiyəsi ilə məşğul ola bilməzlər. Amma məni narahat edən təkcə bu məsələ deyil. Neçə gündən bəri bir sual beynimi didib-dağıdır: niyə qulluqçu qadın deməyib ki, əgər vaxtında yaxşı oxusaydım, indi bu əziyyətə qatlaşmazdım?

Bilirsiniz, niyə deməyib? Çünki bizim ölkəmizdə yaxşı oxuyanların yaxşı yaşamadığını həmin o kütbeyin qadın da bilir...

Bir dostum övladlarını elmə həvəsləndirmək üçün müxtəlif vasitələrə əl atır. Bir dəfə zibildaşıyan maşının yanından keçəndə uşaqlarına deyib ki, əgər yaxşı oxumasanız, axırınız bu fəhlələrdən də pis olacaq. Bu vaxt fəhlələrdən biri onlara tərəf çevrilib: "Ay qardaş, mən iki universitet bitirmişəm”.

Demək istədiyim odur ki, kadr siyasətində qohumbazlığa, dostbazlığa son qoymaq, elmli, savadlı adamların yolunu açmaq lazımdır. Yaxşı təhsil almış adamlar həm dövlət qurumlarında, həm də özəl müəssisələrdə məsul vəzifələrdə çalışmalı, yüksək əməkhaqqı almalıdırlar. Uşaqlar da görməlidir ki, yaxşı yaşamağın yolu yaxşı oxumaqdan keçir...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq