Deputatlara «paket» verək

img

21-11-2016 [15:05]


Yola saldığımız həftə olduqca bərəkətli oldu. Həm xeyli maraqlı proseslər cərəyan etdi, həm də çək-çevir eləməyə maraqlı mövzular ortaya çıxdı. 

Həbsdə olan məmurların məhkəmələrində rəsmi və qeyri-rəsmi kifayət qədər önəmli faktlar açıqlandı. Aşağı-yuxarı hamımız bilirdik ki, Akif Çovdarov, Vidadi Zeynalov və digər yüksək çinli məmurlar qəpik-quruş söhbəti eləməzdilər. Amma istintaq zamanı verilən ifadələr adamı şoka salmaya bilmir. Şəxsən mən bu adamların belə pul qazandıqlarını təsəvvür eləmirdim. 

Həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə sabiq nazir Əli Abbasov ibtidai istintaqa ifadə verib. Sabiq nazir özünün şəxsi xərclərinə aylıq olaraq 200.000-300.000 manat vəsait xərclədiyini bildirib. Bundan əlavə nazir deyib ki, müavinlərinə əvvəllər ayda 30.000 manat, son iki ildə isə 50.000 manat pul verilib. Daha sonra nazirliyin baş mühasibi A.Mustafayevə ayda "konvert” olaraq 7000 manat, "Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru B.Vəliyevə "konvert” şəklində 1500 manat, birliyin əməkdaşlarına - şöbə rəislərinə "konvert” olaraq ayda 500-700 manat olmaqla qeyd olunan dövr ərzində ümumilikdə hər ayda 4000-5000 manat pul verilib. 

Əslində, daxili qaydalara görə, «ədalət»li bir bölgü olub. Oğru qanunlarına görə də «obşak»a daxil olan ən kiçik adamlara belə «əziyyət»lərinə uyğun pay verilir. Yəni, «rabitə çete»sinin başındakılar mafiya qaydalarına uyğun hərəkət ediblər. Elə buna görə də illərlə şad-xürrəm camaatın var-dövlətini talayıblar. 

«Bacarana can qurban». «Yeməyənin payını yeyərlər». Bu kimi atalar, yaxud el məsəli olan cəmiyyətdən bundan artığını gözləməyə dəyməz. Çünki bizim camaatın şüur altında yatan odur ki, kim harda necə bacarırsa, oranı talasın. Buna qəhrəmanlıq, yüksək bacarıq kimi baxanlar çoxluqdadır. 

Sözümün canı odur ki, Əli Abbasov, Vidadi Zeynalov, Akif Çovdarov və digərlərinin yerində cəmiyyətimizin başqa nümayəndəsi olsaydı, aşağı-yuxarı eyni talançılıq baş verəcəkdi. İnanın ki, hazırda vəzifə başında olan digər nazirlər, müavinlər, aparat rəhbərləri və üzü aşağı ən xırda məmura qədər hər kəs eyni sistemlə işləyir. Çünki ayda 1000-1500 manat əmək haqqı alan məmurların yüzminlik maşınlara, milyonluq villalara sahib olmasının başqa izahı yoxdur. 

Əməkhaqqıdan söz düşmüşkən, hörmətli millət vəkillərimizin narazılığı barədə də bir neçə kəlmə deməsək, olmaz. Deputatların maaşlarının azlığından şikayət etmələri ilə həbsdəki məmurların paket məsələlərinin açıqlanmasının üst-üstə düşməsi təsadüfi deyil.  

Görünən odur ki, artıq deputatlar indiyə kimi qəpik-quruşa özlərini öldürdüklərini anlayıblar. İndi deyirlər ki, «ayə rabitə nazirinin fağır müavini ayda 150 min paket alırmış, biz isə fil qulağında yatmışıq». 

Məncə, bu narazılıq deputatların mədəni şəkildə etiraz aksiyasıdır. Yəni, deyirlər ki, biz indiyə kimi camaatı hər şeyin yaxşı olduğuna inandırmışıq, amma başımızı 5-10 manatla qatmısız, odur ki, bizim də payımızı verin. Əgər ədalətli cəmiyyət qurmaq istəyiriksə, nazir, nazir müavini, aparat rəhbəri, həttə ən xırda məmur belə «aylıq paket» alıbsa, deputaların da haqqı verilməlidir. 

Odur ki, haqqını tələb edən deputatlara dəstək vermək hər kəsin borcudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq