ANTİQIRILQANLIQ

img

15-11-2016 [21:56]


İbrahim NƏBİOĞLU,

"İnsanı öldürən hər şey onu daha güclü qılır"

Nitşe

*** 

Hinduşkaya hər gün bol-bol dən verirlər. Buna alışan quşcuğaz da elə bilir ki, mərhəmətli insanların işi-gücü onu mütəmadi yemləməkdir. 11-ci ayın 4-cü cümə axşamı – Şükran günü ərəfəsində hinduşkanın başına qəfildən bir iş gələcək…

Şamı söndürən külək ocağı yandırır. Təsadüf, qeyri-müəyyənlik və xaosla da belədir – onlardan qaçmaq yerinə faydalanmaq da olar, küləyə tamarzı qığılcım, küləyi arzulayan atəş kimi.

Nassim Taleb təsadüf və qeyri-müəyyənliyə belə baxır – "Biz təkcə qeyri-müəyyənliklə baş etmək deyil, həm də onu üstələməyi arzulayırıq. Məqsədimiz gözə görünməyəni, bulanıq və qaranlıqları belə ram etməkdir”…

Moskva hökumətinin ağzına qədər dolmuş konfrans zalında onlarla cangüdənin baxışları altında onu heyranlıqla dinləyənlərə səslənir Taleb  — "Əgər siz paltaryuyan maşın və ya ötən saat deyilsəniz, yəni əgər siz canlı insansanız, onda ruhunuzun dərinliyindəki nəsə bir şey təsadüf və xaosu müəyyən həddə qədər sevəcəkdi”…

İlin əvvəlindən Rusiya paytaxtı dünya şöhrətli milyarder, əfsanəyə çevrilmiş maliyyə sehrbazı, riyaziyyatçı və filosofun verəcəyi seminara hazırlaşırdı. Məhşur maliyyə qurumları və bank rəhbərləri 1400 (!) dollar olan giriş biletlərini yarım il əvvəldən alıb bitirmişdilər. Zarafatdırmı, qarşılarında bütün mövcud doqma və tabuları alt-üst etmiş, kultlaşmış "Qara qu quşu”nun müəllifi duracaqdı.

* * *

Nassim Talebin bir suyu Salman Rüşdüyə çəkir. Rüşdünü ayətullahlar lənətləyən kimi Talebi də Alen Grinspen kimi "darqafalı”  bankir və maliyyəçilər anafema elan ediblər. Çünki, 56 yaşlı Livan əsilli amerikalı investor deyir ki, təkamül edən dinamik sistemlər daha dayanıqlıdırlar, açıq bazar idarə olunan bazardan daha cəzbedicidir, iqtisadiyyata müdaxilə risk səviyyəsini yüksəldir.

Sistemə müdaxilə edib onun variativliyini (dəyişkənliyini, ing. volatility) azaltmağa çalışsan, sistem də bir o qədər qırılqan (kövrək) olur və onun həyatda qalma ehtimalı azalır. Talebin fikrincə, antiqırılqanlıq qeyri-müəyyənlikdən faydalanmaqdır. Uzun axtarışlardan sonra Taleb "antiqırılqan” terminində qərar qılır…

2008-ci il İstanbul seminarında N. Talebə ən çox "Qara qu quşu” haqda sual vermişdilər. O vaxt kitab yenicə çıxmışdi və seminara düşməyə nail olan şanslı türklər Talebə əsasən proqnozlaşdırılmayan hadisələrin təsirindən suallar verirdilər. Moskvada isə daha çox Talebin trilogiyasının 2-cisi – "Antiqırılqanlıq” (Antifragile) kitabı haqqında.

Talebin şah əsəri sayılan "Qara qu quşu”nun davamı olan "Antiqırıqanlıq”da  müəllif nadir hadisənin (qara qu quşunun) insan və sistemlərə necə təsir etdiyi haqda düşünür, bu hadisələr qarşısında antiqırılqan olabilmənin yollarını axtarır.

Antiqırılqanlığın 3 növü var:

a) Heraklın 12 qəhrəmanlığını xatırlayaq. Zevsin oğlu Herakl ikinci qəhrəmanlığında kralın əmri ilə Hidra üzərində qələbə çalır. Hidra mifik bir qulyabanidir, onun başını kəsəndə yerinə yenisi çıxır. Taleb Hidranı yüksək antiqırılqan adlandırır və onu İŞİD-ə bənzədir.

b) Yunan mifiologiyasından bildiyimiz Simurq quşu (Feniks) yanıb, küllərindən yenidən doğur. O, orta antiqırılqan sayılır.

c) Sirakuz hökmdarının favoriti Damoklun taxtının üzərində tükdən asılmış qılınc onun hakimiyyətinin təhlükəyə nə qədər yaxın olduğunu göstərir. Damokl misalında vəziyyət düzələ bilməz – ya hər şey olduğu kimi qalacaq, ya da kəskin pisləşəcək. Damokl qılıncı kiçik antiqırılqandır.

 * * *

Bu gün siyasət arenasında Putin, Tramp və b. kimi qara qu quşları var. Taleb bu siyasətçilərə "pis oğlan” damğası vurulmasına qarşıdır, onun fikrincə "pis oğlanları” media yaradır – "Əgər informasiyanı sürəkli CNN və ya NBS-dən alsan, onların qurbanına çevriləcəksən”. Anidən ortaya Mark Zukerberq çıxır və insanlar daha çox ünsiyyət qurmağa başlayırlar. İnformasiya mübadiləsi köklü şəkildə dəyişdi, hər kəs öz informasiya filtrasiyası kriteriyalarını qoymağa başladı – "Artıq bu kriteriyaları mətbuat və ya "ağıllı” ekspertlər deyil, məhz biz qoyuruq”. Taleb bu ekspertləri "Ağıllı idiotlar” adlandırır və onlara qalsa, Əsəd də, Kaddafi də "pis oğlanlardır”, lakin bu gün insanların dünyaya başqa rakurslardan baxdığı şəksizdir.

10-15 il əvvəl Donald Trampın prezident seçiləcəyi kimsənin ağlına gəlməzdi. Bütün təxminlərə və ictimai rəy sorğularına, medianın H. Klintonu açıq dəstəkləməsinə baxmayaraq əmlak kralı önümüzdəki 4 il ərzində Ağ evin "xozeyini” olacaq. Taleb seçicilərin dəyişdiyini, onların özlərini hamıdan ağıllı sayan "Ağıllı idiotlara” dərs vermək üçün fürsət axtardıqlarını yazır. Yəni, Trampı zəfərə məhz elə öz başı ilə düşünən və qərar verən amerikalılar gətirdi.

"Antiqırılqanlıq” Talebə görə, stress altında, böhran və digər ekstremal durumlarda vəziyyətdən çıxmaq, onu düzəltmək deməkdir. Böyük şoklar çox zaman faydalıdırlar. Seminarın bu bölümü rus auditoriyası üçün olduqca maraqlıdır. Televizoru açmayıb qəzet və internetdən uzaq dursaq, qeyri-sabitlik illüziyasından qurtulmağın mümkün olduğunu deyir Taleb.

O, rus mediasının gecə-gündüz İŞİD təhlükəsindən bəhs etdiyini, lakin Rusiya üçün əsas təhlükənın beyin köçü olduğunu söyləyir. Sıravi amerikalı ən böyük bəlanın terror olduğunu desə də, avtomobil qəzalarında ölənlərin sayı terror aksiyalarında ölənlərdən qat-qat çoxdur. Elə buna görə də Taleb müasir jurnalistikanın xəbər verməkdən çox diqqət çəkməklə məşğul olduğunu deyir.

Antiqırılqanlığın əsas effektini Nassim Taleb bu şəkildə ortaya qoyur – İnsanlar, cəmiyyət və qurumlar müxtəlif stress-faktorlar, təzyiq və travmalar sayəsində dəyişkən dünyaya daha yaxşı adaptasiya olurlar.

Sülh və rifah içində yaşamaq üçün elə bir universal sistem qurmaq lazımdır ki, o, hər böhrandan çıxa bilsin. Bir oyunçunun buraxdığı səhv belə sistemlərdə ciddi zərərlərə gətirib çıxarmır. Məsələn, ABŞ siyasi sistemi ona görə yaxşıdır ki, onu D. Tramp belə sarsıda bilmir. Fransız siyasi sistemini isə ancaq dahi adam idarə edə bilər. Səudiyyə Ərəbistanı heç vaxt çətinlik görməyib, ona görə də bu ölkənin dərin siyasi-iqtisadi böhrandan çıxa biləcəyi məchuldur.

Taleb keçmiş sovet respublikalarının "cəhənnəmdən” keçərək ayaqda qaldığını xatırladır, onların artıq istənilən çətinliyə dayana biləcəyini düşünür. Eyni şeyi səudiyyəlilər haqda demək mümkün deyil.

Moskva seminarının ən hərarətli bölümü dövlətlərin dayanıqlı olması ətrafındakı müzakirələr idi. İdarəetmənin mərkəzləşdirilməsi və rejimlərin əvəzedilməz olması Talebin fikrincə kövrəklik əlamətidir. A ölkəsi (İtaliya) yarım əsr ərzində 50-dən çox hökümət görüb, B ölkəsində isə (Səudiyyə Ərəbistanı) iqtidar uzun illərdir dəyişmir. Və Taleb üzünü Moskva auditoriyasına tutub "Bu ölkələrdən hansı daha dayanıqlıdır və daha az riskə məruz qalır?” sualını verir. Arxasınca da gözlənilməz bir cavabla matı qurumuş dinləyiciləri şok edir – "Vaşınqtondakı kostyumlu siyasətçilərin hamısı bir bezin qırağıdırlar, onlar B ölkəsi deyəcəklər və bu cavab səhvdir. Rusiya bu dəhşətli səhvi etməməlidir”.

Hakimiyyətlərin xalqı sabitlik pozulacaq deyə qorxutması əslində cəmiyyətin inkişafını zəiflədir, dövləti daha kövrək edir. Rusiyanın illərdir böyük nailiyyət olaraq qürrələndiyi sabitlik reallıqda təhlükəli bir fantomdur. Antiqırılqanlığın təminatı entropiyadır.

Taleb lazımsız və lüzümsuz nə varsa hər şeyi "delete” etmə konsepsiyasını dəstəkləyir. Kitabda məni ən çox heyrətləndirən şeylərdən biri də onun prokrastinasıyanı (ing. procrastination — ertələmə, sonraya saxlama) müdafiə etməsidir. Vacib və təxirə salınmaz işləri sonraya saxlayan prokrastinasiya bəzən ciddi problemlər yaradır.

* * *

Məqaləni bitirərkən Elçin Şıxlıya zəng vurub, zarafatla onun prokrastinasiyaya yoluxduğunu və bu qənaətə bir layihəmizi sürəkli ertələdiyi üçün gəldiyimi dedim. Xeyli gülüşdük. Sonra dedim ki, fərd olaraq biz bəzi ətalətli davranışlar sərgiləyə bilərik, təhlükəli olan millətin "ertələmə moduna” girməsidir. Buna izn vermək olmaz, çıxış yolu isə cəhalətə topyekun "yox” deməkdir.

"Cahil adamdan uzaq durmaq müdrik adamla dostluq qədər faydalıdır”. Antiqırılqanlıq nəzəriyyəsinə görə cahillik də bir stressdir. Millət olaraq yaxın tariximizdə çox sayda stressə məruz qaldıq. Artıq zaman silkinib orta əsrlər cəhalətinə son vermə zamanıdır, elmə-irfana, çağdaş dəyərlərə yönəlmə zamanıdır. Yoxsa tarix səhnəsindən silinmə təhlükəsi ilə qarşı-qarşıya qalacağıq…

Ayna.az

 



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq