"Hadı Rəcəblini boş verək, qızları zorlanmaqdan xilas edək"

img

14-11-2016 [20:35]


Aysel ƏLİZADƏ

Hadi Rəcəbli dəxilsiz bir söz deyib. Ölkədə adam qalmayıb – hamı müəllimi fəhləliyə göndərən bu kişinin növbəti sayıqlamalarından danışır. 

Eyni gündə axşam kompüteri açıram və…

Xəbər oxuyuram: "Azyaşlı uşağa qarşı dəhşətli cinayət – 18 il həbs”.

Bir nəfəri qohumu evinə aparıb, yedirib, içirib,qalmağa yer verib.

Səhər ər-arvad işə gedib. Uşaq nənəylə qalıb. Adam hələ yatırmış. Nənə bazarlığa çıxıb. Nənə gedəndən sonra adam bıçaqla uşağı qorxudub, soyunmasını istəyib. Sonra narkotik dərman verib ki, atsın. Uşaq qorxudan dərmanı içib, huşunu itirib. Ağrılar içində ayılanda burnundan, bədənindən qan gəldiyini görüb. Detalları saytlardan tapıb oxuyarsız. Mənim yazmağa gücüm çatmır.

Xəbəri oxuyandan başağrım dayanmır: 

İlahi, bu, nə dəhşət, nə rəzalət? Görəsən, elə bir zaman olacaq – insan insana güvənə bilsin? Elə bir dönəm gələcək – kişilər heyvanı, uşağı, qadını, bir-birini zorlamasın?

Əks cins inciməsin, adamın beynini çatladan hadisələr baş verir. Mən istəmirəm biz buna öyrəşək. İstəmirəm, bu cür xəbərləri eşidib heç nə olmamış kimi davranaq. Bu dəqiqə Hadi Rəcəbli nə deyib, niyə deyib mənim eynimə deyil. Bilmirəm nə etməliyik. Nəsə etməliyik.

Əziz kişilər, siz hər şeyə nəzarət etməyi xoşlayırsız. Buna da edin. Aranızda həmişə pisləyin bu halları. Zorakılığı lənətləyin. Sizin dünyanızda bizə bəlli olmayan şeylər baş verir. Öz dünyanızda çözün bu məsələləri.

Əgər siz öz dünyanızda qadını döyməyin, uşağa tamah salmağın, oğraşlıq etməyin, kimisə alçaltmağın, kimisə aldatmağın, boş yerə davanın iyrənc olduğunu desəz, bu mövzuda güzəştə getməsəz, bir-birinizi anlamağa çalışmasaz həmcinsləriniz çəkinər bəlkə.

Əziz, insanlar!

Uşaqlarla dost olaq. Qoy bizə hər şeyi danışsınlar. Evdə ata, ana xofu yaratmayaq. Onlara hər an, hər dəqiqə yanlarında, arxalarında olduğumuzu hiss etdirək. Onları tez-tez qucaqlayaq, bağrımızda gizlədək. Tez-tez onları sevdiyimizi deyək. Vaxt ayıraq, onlarla birgə əylənək. Əsəbimizi onlara tökməyək, "sən uşaqsan danışma” deməyək. Qoy danışsın, özünü ifadə etsin, tamamlansın. Yetkin, rahat böyüsün. Uşaqlara sayğılı davranaq. Uşaqları bütə çevirək cəmiyyətdə. Onları cəsarətli böyüdək. Bəlkə onda kimsə onları incitməkdən çəkinər. Cəmiyyətin bütünə dəyməkdən, lənətlənməkdən, aqressiv münasibətdən qorxar. Yadınızdadı, bir qızı zorlamışdılar. Anasına danışıb, kömək istəmişdi. Ana əvəzində qızı öldürmüşdü. Belə olmalı deyil. Ana bilməlidi ki, hamımız onun yanında olacağıq. Bilməlidi ki, bu, üstündə ləkə kimi qalmayacaq. Bilməlidi, qızı heç nəyə baxmayaraq, xoşbəxt olacaq. Qoy kimsə mentalitetdən qorxmasın. Gerçək valideyn kimi davransın. Belə halları gizləməyin, pisləyin.

Kimsə övladını öldürməklə mentalitetdən qorunmağa çalışmasın.

Biz qanunu da işləməyə məcbur etməliyik, əziz insanlar.

Adamlar qanundan qorxsunlar gərək.

Biz qonşuda, qohumda bildiyimiz, eşitdiyimiz zorakılıq hallarını boş verməyək gərək. Qarışaq, "qanunu” köməyə çağıraq.

Əziz qanun!

Bizdən keçib. Uşaqları qoru!

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq