Haqqa kor olanlar

img

20-09-2016 [11:57]


Bu il tələbə adını qazanmış gənclərlə icra başçılarının ənənəvi görüşü həm sosial şəbəkələrdə, həm də mediada xeyli müzakirə olundu. Xüsusən də icra başçılarının rayon üzrə yüksək bal yığan tələbələrə bağışladıqları hədiyyələr polemikaya çevrildi.

Təbii ki, bu sırada Lənkəranın icra başçısı Taleh Qaraşov Ginnesin rekordlar kitabına düşmüş sayıla bilər. Belə ki, onun, bu il qəbul imtahanlarında 600-dən çox bal toplamış 30 lənkəranlı tələbəyə elektrik qəhvədanı hədiyyə etməsi ictimai etirazın yaranmasına səbəb olub.

Amma Taleh müəllimdən geri qalmayanlar da var. Tovuzun icra başçısı Tofiq Zeynalovun hədiyyəsi də olduqca maraqlıdır. İcra başçısı 600-dən yüksək nəticə göstərmiş tələbələrə sevgi kitabı, bir də köynək hədiyyə edib. Yəni, gənclərə "sevgi olan yerdə dünya malı boş şeydir",- mesajını verib.
Rəhbərlik etdiyi rayonda cəmi 2 ən yüksək bal toplayan tələbə olmasına baxmayaraq, Ağsu rayonun icra başçısı Ənvər Seyidəliyev hər iki tələbəyə divar saatı hədiyyə etməklə kifayətlənib. Yaxşı ki, 200 nəfər ali məktəbə girməyib, yoxsa icra başçısı hərəsinə 20 qəpiklik günəbaxan tumu alardı.

Səbailin icra başçısı Eldar Əzizov da xəsislik nümayiş etdirən icra başçılarından olub. Hərtərəfli partokrat olan Eldar müəllimi qınamıram da, xasiyyətdir, manatı çıxanda, əzrayıl yadına düşür. Ona görə də tələbə adı qazananlara konsert verməklə kifayətlənib.

Tələbələrin ehtiyaclarını qarşılayacaq hədiyyə verən icra başçıları da var. Sadəcə, onların adını çəkib reklam eləmək istəmirəm.

Amma bu il də Azərbaycanda yüksək bal toplayan tələbələrə ən çox pul mükafatını Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbov verib. Ona görə də onun adını xüsusi vurğulamaq istəyirəm. V.Talıbov 500-dən yüksək bal toplayan tələbələrə 200 AZN, 600-650 bal arası toplayan tələbələrə 250 AZN, 650-700 bal toplayanlara 300 AZN, 700 bal toplayan tələbələrə isə 500 AZN pul mükafatı verib. Nə deyək, adına layiq hərəkət edib. Hər halda, xan elə xandır.

Təbii ki, icra başçıları tələbə adını qazanan gənclərə qiymətli hədiyyələr vermək məcburiyyətində deyillər. Büdcə vəsaitlərinin belə məsələlərə xərclənməsi də düzgün deyil. Amma reallıqdan danışmaq lazımdır. Birincisi, onsuz da adıçəkilən icra başçılarının hər biri büdcə vəsaitlərini talamaqda mahir şəxslərdən sayıla bilərlər. Təki dövlətin pulları tələbə adı qazanan gənclərə xərcləsin. Amma bizdə belə nümunələr yoxdur.

Mənim idmana həvəsim olmayıb. İdmana böyük vəsaitlərin ayrılmasına qarşı olmuşam. Hesab edirəm ki, hansısa yarışda bir nəfərin qalib olmasının elə də böyük əhəmiyyəti yoxdur. Bizə bir qələbə lazımdır - o da Qarabağ cəbhəsində.

Nə isə... Sözümün canı başqadır. Maraqlıdır, icra başçıları və digər məmurlar bir qalib idmançıya yüz min manatlıq avtomobil, mənzil, torpaq sahəsi verə bilirlər, amma yüksək balla tələbə adını qazanan gəncə 500 manatlıq kompüteri niyə çox görürlər? Ya məmurların bunu düşünməyə qabiliyyəti çatmır, ya da yuxarıdan göstəriş belədir.Məncə, hər ikisi var.

Bir məsələni də qeyd edim. Bilik Günü şəhid polkovnikimizin qızı birinci sinifə gedirdi. Şəklini sosial şəbəkədə yaymışdılar. Uşağın üzündəki hüzn, əynindəki çoxda bahalı olmayan məktəbli forması mənə ağır günlərimi xatırladırdı. Elə həmin gün olimpia çempionmuz Radik İsayevin 150 minlik avtomobili ilə şəkili yayılmışdı. Bir tərəfdə ehtiyacları şəkildən hiss olunan şəhid balası, o biri tərəfdə ömrünün sonuna qədər həyatını qarantiyaya alan çempion. Siz deyin, kimin haqqı böyükdür?


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq