Mikayılın nağılı

img

11-05-2016 [11:31]



Bizim tərəflərin camaatı hələ də elə bilir ki, hansısa vəzifəni tutmaq, hansısa bir quruma rəhbərlik etmək üçün gərək adamın yaşı ötə, saçı ağara, bir balaca da qarnı çıxa. Bu keyfiyyətləri olmayan adamı vəzifəyə qoyanda o dəqiqə "O nə bilir kreslo nədir",- deyirlər. 

Təbii ki, təcrübə hər zaman öz sözünü deyir. Amma bir yerə qədər. Məsələn, əgər bir alim pampers geyinib elmi-tədqiqat institutuna işə gəlirsə, artıq burda təcrübə dilini farağat qoysa, yaxşıdır. Azərbaycanın ən yaralı yeri təhsildir. Hətta Qarabağdan da dərin yara desəm, bəlkə də yanılmaram. Çünki bir az da belə davam eləsə, xəritədə Qarabağın yerini tapa bilməyən nəsil yetişəcək. Cahil bir nəsil isə nə Qarabağı, nə Şirvanı, nə də Muğanı qoruya bilməz. Xülasə, keçək mətləbə... 
Ölkədə təhsilin vəziyyəti barədə hər kəs məlumatlıdır. 21-ci əsrdə adını yaza bilməyən attestat sahibləri varsa, onların bəziləri bir az da irəli gedib ali məktəb tələbəsi belə olmağı bacarırsa, o zaman əlavə şərhə ehtiyac qalmır. Birincisi, 11 il parta arxasında oturan adam niyə adını yazmağı öyrənməyib? Əgər bunu bacarmırsa, attestat alma mərhələsinə qədər necə gəlib? Bəs, bu imtahanlar nəyə lazımdır? Adını yaza bilməyənlər imtahandan necə keçiblər? Suallar çoxdur. Amma sinəsini irəli verib cavab verən tapılmır. Mikayıl Cabbarov qoruq rəhbərliyindən təhsil naziri kimi mötəbər, bir o qədər də strateji posta gətiriləndə hər ağızdan bir avaz gəlirdi. Ən çox da deyirdilər ki, baş qoruqçudan nazir olar? Onun peşəkarlığını şübhə altına alanlar az olmadı. Amma gənc bir kadrın nazir kürsüsünə gətirilməsinin müsbət nəticələri olacağını düşünənlər də var idi. Çünki Misir Mərdanov kimi illərlə təhsil sistemində kök atmış bir adamın qurduğu şəbəkənin gənc nazir tərəfindən çökdürüləcəyinə inam var idi. Zaman keçdi və bu inam ölməyə başladı. Artıq elə bir situasiya yaranıb ki, hamı təhsilin inkişafından əlini üzüb. 
Təhsilin ana sütunu müəllimdir. Təhsili dirçəltmək üçün ilk növbədə müəllimi düşdüyü çuxurdan çıxarmaq lazımdır. İllərdir ki, müəllim şagirdin, tələbənin "əlinə baxaraq" gözükölgəli olub, seçki saxtakarlığında rol alaraq "səs oğrusu”na çevrilib. Elə buna görə də müəllimlik peşəsi Azərbaycanda müqəddəslər sırasından çıxıb. Son illər müəllimlik cəmiyyətdə ən az arzuolunan peşəyə çevrilib. Acı da olsa, həqiqət budur. Düzdür, hələ də müqəddəsliyi dərk edən müəllimlərimiz var və onlara sayğım sonsuzdur. Amma təəssüf ki, onlar böyük çoxluğun arasında görünmürlər. 
Təhsil nazirimiz isə hələ də nağıllar, əfsanələr peşindədir. Müəllim adının müqəddəsliyini qaytarmaq əvəzinə, yoxlama dalıyca yoxlama göndərir. Hətta ələbaxımlılığa məhkum edilən müəllimə həqarətli münasibət sərgiləməkdən belə çəkinmir. Gündə bir imtahan, bir monitorinq keçirib müəllimləri bezdirirlər. 
Cənab Cabbarov indi də deyir ki, savadı az olan müəllimlər az maaş alacaq. Nazirin sözlərinə görə, müəllim əməyinin stimullaşdırılması ilə bağlı son 2 ildə atılan addımlar bu peşənin nüfuzunun yüksəldilməsində dönüş nöqtəsi olub. Guya bundan sonra strategiyaya uyğun olaraq, əmək haqqı islahatının ikinci mərhələsinə peşəkarlıq səviyyəsindən və əməyin nəticələrindən asılı olan əmək haqqı sisteminə keçiləcək. 
Cənab nazir, avazınız yaxşı gəlir, təəssüf ki, oxuduğunuz Quran deyil. Böyük müəllim kontingentini bilmirəm, şəxsən mən nağıllara inanmıram.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq